Memurtv.az xəbər agentliyinin araşdırması

Bakı şəhərində şəhərsalma və tikinti qaydalarına riayət olunması, yaşıllıqların qorunması, qanunsuz tikililərin qarşısının alınması aidiyyəti dövlət qurumlarının qarşısında duran mühüm vəzifələrdəndir. Təəssüf ki, paytaxtın bəzi ərazilərində aparılan tikinti və yenidənqurma işləri ilə bağlı ictimaiyyətdə ciddi suallar yaranır. Xüsusilə ictimai iaşə obyektlərinin genişləndirilməsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunub-olunmaması diqqət mərkəzində saxlanılmalıdır.

Memurtv.az xəbər agentliyinin redaksiyasına daxil olan məlumatlara əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Cəlal Qurbanov küçəsində yerləşən MADO restoranında tikinti və artırılma işləri aparılır. Redaksiyamıza verilən məlumatlarda bildirilir ki, restoranın ərazisində dəmir konstruksiyalardan istifadə edilməklə əlavə sahələrin yaradılması istiqamətində işlər görülür.

Daha ciddi narahatlıq doğuran məqam isə tikinti işlərinin aparıldığı ərazidə bir neçə ağacın kəsilməsinin müşahidə olunması ilə bağlıdır. Əgər bu məlumatlar təsdiqini taparsa, burada yalnız tikinti normalarına deyil, həm də ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunması məsələsi araşdırılmalıdır.

Məlum olduğu kimi, ağacların qanunsuz kəsilməsi və ya zədələnməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyət yarada bilər. Hər hansı obyektin genişləndirilməsi, əlavə konstruksiyaların quraşdırılması və tikinti işlərinin aparılması da müvafiq hüquqi prosedurlara uyğun həyata keçirilməlidir. Heç bir kommersiya obyektinin fəaliyyəti şəhərin ekoloji tarazlığının və qanuni tələblərin pozulmasına əsas verməməlidir.

Açıq mənbələrdə MADO Azərbaycan restoranlar şəbəkəsinin təsisçisi və direktoru kimi Ramiz Kazımovun adı qeyd olunur. Bu səbəbdən redaksiyamız bir sıra mühüm suallara aydınlıq gətirilməsini zəruri hesab edir.

Ramiz Kazımovun rəhbərlik etdiyi restoran şəbəkəsinə məxsus Nərimanov rayonundakı obyektdə aparılan tikinti işlərinin hüquqi əsası nədir? Ərazidə əlavə tikinti və artırılma işlərinin aparılması üçün müvafiq icazə sənədləri mövcuddurmu? Əgər mövcuddursa, həmin sənədlər hansı dövlət qurumu tərəfindən verilib? Tikinti işlərinin layihəsi təsdiqlənibmi? Ərazidə ağacların kəsilməsinə hansı qurum tərəfindən razılıq verilib? Ağacların kəsilməsi ilə bağlı hər hansı rəsmi akt və ya ekoloji rəy mövcuddurmu?

Ən vacib suallardan biri də budur: Əgər tikinti işləri qanunvericiliyin tələblərinə uyğun aparılmırsa, buna hansı vəzifəli şəxslər göz yumur? Aidiyyəti qurumların bu prosesdən xəbəri varmı, yoxsa məsələ ilə bağlı hələ də hər hansı yoxlama aparılmayıb?

Bizim məqsədimiz hər hansı şəxsi əvvəlcədən təqsirkar kimi təqdim etmək deyil. Məqsədimiz ictimai əhəmiyyət daşıyan məsələni araşdırmaq, qanunvericiliyin tələblərinə əməl olunmasına diqqət çəkmək və vətəndaşların narahatlığına aydınlıq gətirilməsinə nail olmaqdır.

Bu səbəbdən Bakı Şəhər İcra Hakimiyyətini, Nərimanov Rayon İcra Hakimiyyətini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Ekologiya və Təbii Sərvətlər Nazirliyini, eləcə də digər aidiyyəti qurumları məsələni araşdırmağa, tikinti sənədlərinin qanuniliyini yoxlamağa və ağacların kəsilməsi ilə bağlı məlumatlara hüquqi qiymət verməyə çağırırıq.

Ramiz Kazımovdan da gözlənilən odur ki, rəhbərlik etdiyi restoranla bağlı səsləndirilən iddialara aydınlıq gətirsin və tikinti işlərinin hansı hüquqi əsaslarla aparıldığını ictimaiyyətə açıqlasın.

Memurtv.az xəbər agentliyi olaraq bildiririk ki, məsələ ilə bağlı araşdırmalarımız davam edir. Aidiyyəti dövlət qurumlarına rəsmi mətbuat sorğuları ünvanlanacaq, daxil olan cavablar və əldə edilən sənədlər ictimaiyyətə təqdim olunacaq.

Qarşı tərəfin, o cümlədən Ramiz Kazımovun və MADO rəhbərliyinin mövqeyini dinləməyə və təqdim ediləcək rəsmi açıqlamanı dərc etməyə hazırıq.

Qanun hamı üçün qanundur! Yaşıllıqların qorunması və şəhərsalma qaydalarına riayət olunması hər bir sahibkarın məsuliyyətidir.