Bakı Gül bayramına hazırdır - REPORTAJ » Memur.az

Bakı Gül bayramına hazırdır - REPORTAJ

Bakı Gül bayramına hazırdır - REPORTAJ

Ənənəvi olaraq bu il də mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının ildönümü həm paytaxtda, həm də bölgələrdə "Gül bayramı" ilə qeyd ediləcək. Bu məqsədlə şəhərin parkları güllərlə bəzədilir və maraqlı kompozisiyalar paytaxt sakinlərinin ixtiyarına verilir.

Gül bayramının keçiriləcəyi əsas məkan isə Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev adına parkdır. Artıq aparılan hazırlıq işləri tamamlanıb və park açılış üçün hazır vəziyyətdədir.

Lent.az xəbər verir ki, musavat.com-un müxbirinin müşahidələrinə görə, parkda işlər sürətlə davam edir. Əksəriyyəti xarici mütəxəssislərdən ibarət işçi qrup güllərdən hazırlanan kompozisiyaların son tamamlanma işlərini həyata keçirir. Əvvəlki illərdən fərqli olaraq bu il əksər kompozisiyaların üzərində Bakı 2015 Birinci Avropa Oyunlarının loqosu əksini tapıb, müxtəlif idman növlərinin simvolu olan stendlər qurulub.

Bu il də güllər əsasən Hollandiyadan gətirilib. Kompozisiyaların hazırlanması üçün tonlarla gül istifadə olunub. Ərazidə çalışanların əksəriyyəti də hollandiyalı mütəxəssislərdir. Onlar sabah paytaxt sakinlərini böyük sürprizlərin gözlədiyini deyirlər.

Kompozisiyalar arasında musiqi alətlərinin fiqurları da diqqət çəkir. Maraqlı formada quraşdırılan bir çox stendlərdə isə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolar yer alır. Ağ güllərdən hazırlanmış "Bakı 2015" stendi isə parkın girişini bəzəyir və demək olar ki, əksər kompozisiyalar bir ay sonra Bakının I Avropa Oyunlarına ev sahibliyi edəcəyindən xəbər verir.

Gül bayramının üç gün davam edəcəyi nəzərdə tutulur. Bakı 2015 İlk Avropa Oyunları zamanı gələcək turistləri nəzərə alaraq bu müddət uzadıla da bilər. Bu isə güllərin yaşam müddətinə bağlıdır.

Sabah ölkə başçısının gəlişi ilə açılış mərasimi olacaq və bundan sonra park paytaxt sakinlərinin və qonaqların ixtiyarına veriləcək. Artıq indidən parka böyük maraq var. Ərazidən keşənlər kənardan da olsa müxtəlif stendlərin şəklini çəkməyə can atır. Lakin parka giriş bağlıdır və mühafizəçilər tərəfindən nəzarət olunur.

Qeyd edək ki, bayrama görə bir neçə yol bağlanıb. Belə ki, Füzuli və Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub. Sürücülər alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə edə bilərlər. Gül bayramı adətən 2-3 gün davam etsə də, bu il bu müddət bir qədər müddət uzadılacaq.