Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Nizami Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov iştirakçıları və rayon sakinlərini Zəfər Günü münasibətilə təbrik edib. O, 8 Noyabrın Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş möhtəşəm tarixi hadisə olduğunu vurğulayaraq bildirib ki, bu Qələbə xalqımızın milli birliyinin, dövlətimizin siyasi iradəsinin və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığının təntənəsidir. Qeyd olunub ki, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olub. Bu Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının və güclü Azərbaycan dövlətinin formalaşdırılması siyasətinin məntiqi nəticəsidir. Dövlət başçısının qətiyyətli rəhbərliyi, ordumuzun döyüş hazırlığı və xalqımızın sarsılmaz həmrəyliyi Vətən müharibəsində tarixi Qələbəni təmin edib. Məmməd Məmmədov vurğulayıb ki, Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışı istiqamətində mühüm addımlar atılır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri tarixi Qələbəmizin real nəticələrini nümayiş etdirir.

Milli Məclisin deputatı Nizami Səfərov çıxışında Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək peşəkarlıq, rəşadət və əzmkarlıq nümayiş etdirərək düşmənin uzun illər ərzində qurduğu istehkamları darmadağın edib, şəhər və kəndlərimizi işğaldan azad edib. Deputat qeyd edib ki, bu Qələbə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq işinin təntənəsi olmaqla yanaşı, xalqımızın milli qürurunu və özünəinamını daha da gücləndirib. Hazırda azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi Zəfərin davamı kimi xüsusi əhəmiyyət daşıyır.

Şəhid ailələrinin nümayəndələri – lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Niftalı Orucovun atası Qəfər Orucov və 44 günlük Vətən müharibəsi şəhidi Ceyhun İqbal oğlu İsmayılovun anası Aytəkin İsmayılova çıxış edərək, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onların Vətənə olan sonsuz məhəbbətindən və göstərdikləri qəhrəmanlıqdan danışıblar. Onlar şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qazanılmış tarixi Zəfərin xalqımızın milli qürur mənbəyi olduğunu vurğulayan çıxışçılar şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd ediblər.

Tədbir incəsənət ustalarının ifasında Zəfər Gününə, Vətənə və qəhrəmanlıq salnaməmizə həsr olunmuş musiqi və rəqs nömrələrindən ibarət geniş konsert proqramı ilə davam edib.