Azərbaycanda işini itirənlər sığorta pulu alacaq » Memur.az

Azərbaycanda işini itirənlər sığorta pulu alacaq

Azərbaycanda işini itirənlər sığorta pulu alacaq

Azərbaycanda işsizlikdən icbari sığorta sistemi yaradılacaq. Artıq bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qanun layihəsi hazırlanıb. Layihə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan şəxslər üçün icbari sığorta olunması sahəsində münasibətləri, onun hüquqi-iqtisadi və təşkilatı əsaslarını müəyyən edir.

Memur.Az xəbər verir ki, cbc.az yeni sığortanın işsizlik müavinətindən nə ilə fərqlənəcəyini araşdırıb.

Məlumatlara görə, əgər hər hansı bir şəxs işsiz qalarsa, onda ona vaxtilə işlədiyi dövrlərdə ödədiyi sığorta vəsaitləri hesabına sığorta ödənişi təqdim olunacaq.

Səlim Müslümov: "İşsizlik sığorta hadisəsi olsa da, ayrıca sığortası yoxdur”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov CBC-yə müsahibəsində bu məsələni şərh edib. Onun sözlərinə görə, hazırda işsizlik sosial sığorta hadisəsi kimi müəyyənləşdirilib.

“Lakin belə olsa da, onun ayrıca bir sığortası yoxdur. Azərbaycan qanunlarına görə işçilər üçün 25 %-lik sığorta haqqı ödənilir. Amma ölkədə bunun bölgüsü yoxdur ki, həmin məbləğin hansı hissəsi işsizik sığortasına aiddir.

Hər il Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən müəyyən məbləğdə işsizlik müavinəti ödənilir. Düzdür, Azərbaycanda işsizliyin həddi aşağıdır. Bununla belə, ölkəmizdə də belə bir sığortanın olmasını vacib hesab edirik. Məşğulluq və işsizlik məsələlərinin tam çulğalaşması üçün bu, çox mühüm məsələdir”.

Nazir bildirir ki, dünyanın əksər inkişaf etmiş ölkələrində işsizlikdən sığorta müstəqil qurumlar tərəfindən ayrılır:

“İşsizlik sığortası müstəqil olmalıdır və hər bir adam işsiz ola biləcəyi hadisədən özünü sığortalamalıdır. İşsiz qalacağı halda hansı məbləğdə işsizlik müavinətini ala biləcəyini və bunun hansı müddətdə davam edəcəyini əvvəlcədən özü bilməlidir”.

Səlim Müslümov qeyd edib ki, bütün bu məqamları özündə əks etdirən qanun layihəsi artıq hazırlanıb və müzakirə üçün hökumətə təqdim olunacaq.

Cahid Qurbanov: “Böhran dövründə bu sığortaya daha çox ehtiyac yaranır”

ASProf sığorta agentliyinin direktoru Cahid Qurbanov belə bir sistemin yaradılmasını müsbət qiymətləndirir. Onun dediyinə görə, işsizlikdən sığortanın ixtisara düşən əməkdaşlar üçün böyük faydası olacaq:

“Belə olarsa, ixtisara düşən hər bir insan sığorta şirkəti tərəfindən müavinət ala biləcək. Bilirik ki, iqtisadi böhran dövründə daha çox ixtisarlar olur.

Bu halda insanlar ödəniş borclarını qaytara bilmədiklərinə görə, belə sığorta növünə xüsusi ehtiyac yaranır. Bu, insanın iqtisadi asılılığını azaldır və stabilliyi qoruyur”.

C.Qurbanovun sözlərinə görə, layihənin daha bir faydalı xüsusiyyəti vətəndaşın işdən çıxarıldığı halda öz hüquqlarını qorumaq imkanını artırması ilə bağlıdır.

“Çünki Azərbaycanda adətən kimisə işdən çıxaranda, həmin adamdan könüllü olaraq ərizə yazmağı xahiş edirlər. Amma işsizikdən sığortanı yalnız ixtisara düşənlər ala bilərlər.

Deməli, onda əməkdaşlar işdən çıxarılma prosesinin qanun çərçivəsində aparılmasını tələb edəcəklər, öz hüquqlarını qorumağa cəhd edəcəklər”.

C.Qurbanov deyir ki, Azərbaycanda iş yerlərini əksəriyyəti dövlət təşkilatlarında olduğundan, çox güman belə bir sığorta haqqı işçilərin əmək haqqından çıxan bir məbləğ olacaq.

Nəticədə bir təşkilatda müəyyən müddət işləyən insan sonradan işini itirərsə, yeni iş yeri tapana kimi arxayın şəkildə yaşayıb öz tələbatlarını ödəyə biləcək.

Avropada sığorta verməkdənsə, adamı yeni işə düzəldirlər

Dünya praktikasına gəlincə, işsizlikdən sığorta növü bir çox ölkələrdə çox populyardır.

Hətta Avropada bəzi sığorta şirkətləri bu sığorta növü üzrə insanlara ödənişləri azaltmaq üçün böyük işədüzəltmə şirkətləri ilə əməkdaşlıq qururlar.

Hesab edirlər ki, işsiz adama yüksək məbləğdə sığorta pulu verməkdənsə, həmin adamları işə düzəltmək daha yaxşıdır.

Belə olanda, gəm işini itirən insan qazanır, həm də sığorta şirkəti.