«Hyundai Auto»ya ağır ittihamlar-ŞİKAYƏT » Memur.az

«Hyundai Auto»ya ağır ittihamlar-ŞİKAYƏT

«Hyundai Auto»ya ağır ittihamlar-ŞİKAYƏT

Elşən İsmayılov: «Qəza nəticəsində 12 təhlükəsizlik yastığından biri də açılmayıb»

Şəki şəhəri, Salman Mümtaz küçəsi, ev 3/3. ünvanda yaşayan İsmayılov Elşən Etibar oğlu «Hundai Auto» şirkətindən şikayətçi düşüb və onlardan təzminat tələb edir. JAM.AZ-a müraciət edən Şəki sakini bildirib ki, o, 2010-cu ilin oktyabrında «Hyundai Sonata» markalı avtomobil alıb. Həmin maşını almaqda məqsədi isə avtomobilin 12 təhlükəsizlik yastığının olması və komfortlu vasitə kimi tanınmasıymış.

Elşən İsmayılov bildirir ki, 55 BJ 730 dövlət nömrə nişanlı maşınını sürmək üçün qaynına da veribmiş. Və qaynı Fizuli Əsgərov 26 iyun 2015-ci il tarixdə Bakıdan Şəkiyə gələrkən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən 120-ci km-də qəza keçirib. 60- 80 km/saat sürətlə hərəkət edən zaman yola qəfil çıxmış sahibsiz heyvanları vurmamaq üçün avtomobili asfaltdan kənara çıxarmağa məcbur olan Əskərov idarəetməni itirərək, maşını bir neçə dəfə aşırmalı olub.

JAM.AZ-a yazan Şəki sakini bildirir ki, onun avtomobili qəzadan sonra tam yararsız vəziyyətə düşüb. Üstəlik, qaynı, onun həyat yoldaşı və oğlu da aldıqları ağır bədən xəsarətindən hal hazırda müalicə alırlar. 50 gün ərzində müalicə məqsədi ilə 3000 manat pul xərclədiyini bildirən İsmayılov qeyd edir ki, bundan sonra daha 3000 manat lazımdır ki, qaynı və ailə üzvləri ayağa qalxa bilsinlər.

Amma Elşən İsmayılovun şikayəti müalicə və ya qəza ilə bağlı deyil. Onun əsas şikayəti aldığı avtomobilin 12 təhlükəsizlik yastığından birinin də açılmamasıdır. «Avtoqəza zamanı avtomobilin 12 təhlükəsizlik yastığından heç birinin açılmamasını istehsal qüsuru kimi qiymətləndirirəm. Bu barədə Hyundai-Azərbaycan Avto şirkətinin Şəkidə fəaliyyət göstərən dilerinə məlumat versək də, onlar bu barədə bir söz deyə bilməyəcəklərini deyərək, Mərkəzi ofislə əlaqə saxlamağı tövsiyyə etdilər. Bakı Mərkəzinə bu müddət ərzində dəfələrlə əlaqə saxlasaq da, zəmanət şöbəsinin müdiri bizi əvvəlcə texniki şöbənin müdiri Sənan Məmmədovla əlaqə saxlamağımızı məsləhət gördü. Məmmədov isə hal-hazırda məzuniyyətdə olduğu üçün məsələ açıq qalıb».

Elşən İsmayılov təklif edir ki, məsələnin ədalətli həlli üçün «Hyundai” şirkəti mütəxəssislərinin və səlahiyyətli nümayəndələrinin, Azad İstehlakçılar Birliyinin və digər hal şahidlərinin iştirakı araşdırma aparsınlar. «Mənə 36000 manata başa gəlmiş avtomiobili 4,5 il müddətində istismar etmişəm. Bu qəzadan sonra Hyundai markasına artıq güvənmirəm. Odur ki, avtomobilin istismar müddətini nəzərə alaraq şirkətdən 20000 manat və sağlamlığıma dəymiş zərərə görə 4000 manat, mənəvi zərərə görə isə 15000 manat, cəmi 39000 manat təzminat verilməsini tələb edirəm. Qəzalı vəziyyətdə olan avtomobili isə Hyunday şirkəti götürüb hara istəsə apara bilər».

Şəki sakini bildirir ki, «Hyundai Sonata» markalı avtomobillərdə təhlükəsizlik yastıqlarının açılmaması halı ilk deyil və indiyə qədər onun yaşadığı rayonda bir neçə dəfə bu hal baş verib. Onun bildirdiyinə görə, 16.08.2015-ci il tarixində 90 XD 699 nömrə nişanlı 2011-ci il buraxılışlı Hyundai-Sonata markalı avtomobil Qaraməryəm-Şəki yolunun 95-ci km-də,Oğuz rayonun Dəymədağlı kəndi yaxınlığında yanacaq tankerilə toqquşma nəticəsində təhlükəsizlik yastıqları açılmayıb. Nəticədə sürücü Zabit Salahov, onun arvadı Təranə Salahova və 2 yaşlı nəvəsi Orxan Musayev hadisə yerində həlak olub, qızları Günay isə ağır yaralanıb.

Elşən İsmayılov daha bir məlumatı diqqət mərkəzinə çəkib. O qeyd edib ki, bu yaxınlarda Şəki şəhərinin aşağı hissəsində Olimpiya Komitəsinin yaxınlığında, şəhərin giriş hissəsindədki şosse yolda surətlə gələn Hyundai-Sonata markalı avomobil qəfil idarəetməni itirərək yoldan çıxmıb və qarşıdakı maneəyə çırpılıb. Bu zaman da təhlükəsizlik yastıqlarının açılması müşahidə edilməyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.