Cəlilabad Hərbi Komissarlığında özbaşınalıq » Memur.az

Cəlilabad Hərbi Komissarlığında özbaşınalıq

Cəlilabad Hərbi Komissarlığında özbaşınalıq

Valiydenləri 1000 manat vermədiyi üçün «toyuq korluğu» xəstəliyindən əziyyət çəkən uşağı əsgər göndəriblər

Cəlilabad Hərbi Komissarlığında biabırçı hadisə qeydə alınıb. JAM.AZ xəbər verir ki, «toyuq korluğu» xəstəliyindən əziyyət çəkən Yusif Məmmədov hərbi xidmətə göndərilib. Validyenlərinin etirazından sonra isə təxsis olunub.

Bu barədə JAM.AZ-a məlumat verən Cəlilabad rayonu, Xəlilabad kənd sakini Mahir Məmmədov bildirib ki, oğlu Yusif Məmmədov anadangəlmə gecə görmə qabiliyyətini itirmiş gəncdir. Onun sözlərinə görə, el arasında «toyuq korluğu» xəstəliyi kimi tanınan bu mərəzin müalicəsi də yoxdur. Amma buna baxmayaraq, Cəlilabad rayon hərbi komissarı Həsrət İsmayılov isə bütün xəstəlik kağızları və zəruri sənədlərin olmasına rəğmən, valideynlərin etirazına məhəl qoymayıb.

Mahir Məmmədov bildirir ki, oğlu Yusif uzun müddət Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində müalicə olunub. «Mərkəzin verdiyi sənədlərdə göstərilir ki, uşağın görmə qabiliyyəti ən yaxşı halda 20-30 faiz təşkil edir. Gecələr isə ümumiyyətlə, görmür. Bu il oğlumun əsgərlik yaşı tamam olduğu üçün Cəlilabad Hərbi Komissarlıından evimizə gəlmişdilər. Biz də komissarlığa gedib, Həsrət İsmayılovla görüşdük».

Cəlilabad sakini deyir ki, oğlunun sənədlərini aparan onun qaynı ilə həyat yoldaşı olub. Amma hərbi komissar onlara qarşı olduqca xoşagəlməyən hərəkətə yol verib. «Həyat yoldaşım oğluma aid kağızları komissara təqdim edib. Həsrət İsmayılov da kağızlara baxdıqdan sonra onları həyat yoldaşımın üzünə çırparaq, otaqdan qovub. Sonra isə deyib ki, «Mənə bu kağızlar lazım deyil, uşaq əsgərliyə getməlidir». Kürəkənimin etiraz etməsinə rəğmən, komissar onları otaqdan qovub».

Daha sonra isə hərbi komissar bir qədər yumşalıb. Məlum olub ki, onun istəyi varmış. «Həsrət İsmayılov əvvəlcə nə Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzinin kağızlarını, nə də vətəndaşları tanımadığını desə də, sonradan dərdini dilə gətirib. O deyib ki, uşağı Bakıya təkrar müayinəyə göndərmək üçün 1000 manat istəyir. Həmin pulun qarşılığında oğluma hərbi bilet hazırlatmalıydı».

Cəlilabad sakini Mahir Məmmədov iddia edir ki, Həsrət İsmayılov rayona təyinat aldıqdan sonra Hərbi Komissarlıqda rüşvət baş alıb gedir. «Çağırışçının Bakıya xəstəxanaya göndərilməsi üçün Həsrət İsmayılov valideynlərdən 1000 manat pul tələb edir. Qiymətlər qalxıb, rayonda hərbi biletin qiyməti 3000-4000 civarındadır. Qadın bilmir, uşaq bilmir, hamını təhqir edir, min bir oyundan çıxır ki, pul qazansın».

Qeyd edək ki, valideynlərlə hərbi komissar arasında yaranmıqş qalmaqal, Yusif Məmmədovun hərbi xidmətə göndərilməsi ilə nəticələnir. Hətta gecə görmə qabiliyyəti olmayan Yusif hərbi xidmət keçmək üçün Naxçıvana yola salınır. «Lakin bir neçə gün keçmədi ki, orda oğlumun həqiqətən xəstə olduğunu görüb geri qaytardılar. Xəstə olanı aparırlar, sağlam olandan isə pul alıb xəstə edirlər. Oğlum gecələr qətiyyən görmür, sabah əsgərlikdə “padyom” verib ayağa qaldırsaydılar, uşaq əl-ayaq altında qalıb şikəst olacaqdı. Bunu oğlumun düşdüyü hərbi hissədəki komandirlər və həkimlər də təsdiq etdilər. Mən dəqiq bilirdim ki, oğlum əsgərlik xidmətinin yarısından “komsovat” olunub geri göndəriləcək».

Qarşı tərəfi də dinləməyə hazırıq.