Oğuz meşələrinın fəryadı » Memur.az

Oğuz meşələrinın fəryadı

Oğuz meşələrinın fəryadı


Oğuz meşələrinın fəryadı
Qış müxtəlif bölgələrdə artıq sərt üzünü göstərməkdədir. Qeyd edək ki, qış aylarının sərt keçdiyi rayonlarımızdan biri də Oğuz rayonudur. Rayon əhalisinin mavi yanacaqla təminatı aşağı səviyyədə olduğu üçün Oğuz sakinləri yanacaq növü kimi daha çox odundan istifadə edirlər. Odun isə rayonun meşə massivlərinin qırılması hesabına əldə olunur.

Həmçinin bəzi işbazlar meşə sahələrini qıraraq odunları müxtəlif parket sexlərinə baha qiymətə satırlar. Xatırladaq ki, rayonun meşələrində törədilən "yaşıl soyqırım" və icra başçısı Eyvaz Qurbanovun odun biznesi ilə məşğul olan şəxslərə qarşı heç bir tədbir görməməsi barədə yazı dərc etmişdik. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Oğuz Rayon Polis Şöbəsinin rəisi dəyişdiriləndən sonra meşələri məhv edən şəxslər bu əməllərinə bir müddət son qoysalar da, havalar soyuyandan bəri onlar yenidən fəallaşıblar. Mənbənin sözlərinə görə, hər il olduğu kimi, bu il də rayonun bir sıra kəndlərində meşə massivləri qırılır: "Calud kəndinin sakinləri neçə illərdir mavi yanacaq üzünə həsrət qalıb. Bu səbəbdən əhali yanacaq növü kimi odundan istifadə edir. Kənd sakinləri, o cümlədən odun biznesilə məşğul olan insanlar meşəbəyiləri ilə normal münasibət saxlayıb onların razılığı ilə ağacları kəsirlər. Oğuzda bir maşın odunun qiyməti 500-600 manat arasında satılır. Son günlər vəziyyət tamamilə nəzarətdən çıxıb. Ağac qıranlar rayonun meşəliklərini ucdantutma məhv edib qanunsuz yolla qazanc əldə edirlər. Bu günə kimi rayona təyin edilən icra başçıları, prokurorlar, polis rəislərinin əsas gəlir mənbəyi Oğuz meşələri olub. İnsaf naminə demək istəyirik ki, Cəmil Əmirov polis rəisi təyin edilən gündən ağac kəsənlərə qarşı mübarizə aparır. Amma icra başçısı bu mübarizənin effektli olmasına imkan vermir. Son 15 il ərzində Oğuzda 5 icra başçısı dəyişdirilib. Onların rəhbərliyi ilə meşələrimiz, bağ-bağçamız dağıdılıb, 100 illərlə boya-başa çatmış bərk cinsdən olan palıd, fıstıq, görüş, çökə, vələs ağacları qanunsuz kəsilmiş və bu işbazlar tərəfindən satılaraq milyonlarla manat pul qazanılıb. Kəsilən ağacların boya-başa çatmasında bizim dədə-babalarımızın böyük əməyi olub. Eyvaz Qurbanov rayona icra başçısı təyin olunanda çox sevinmişdik. Axı nə də olmasa, o oğuzlu idi. Düşündük ki, icra hakimi doğma rayonuna və onun sakinlərinə biganə münasibət göstərməz. Amma Eyvaz müəllim rayona rəhbər təyin ediləndən sonra ağac qatillərinə münbit zəmin yaratdı. O yaxın dostu Azad Əliyevə Oğuz meşələrinin qanunsuz qırılaraq içlik material, yeşik taxtası və oduncaq kimi rayondan kənara satılması və külli miqdarda pul qazanılması işini həvalə edib. Bu həmin Azad Əliyevdir ki, əvvəllər rayonda qaz idarəsinin rəisi, icra hakiminin müavini işləyirdi və nə işlər görürdü, hansı əməllər törədirdi, bunu bütün rayon bilir. Azad Əliyev hazırda Oğuz rayon Sukanal İdarəsinə rəhbərlik edir. Bu adam vəzifəsinə aid olmayan işlərlə məşğuldur. Oğuz meşələri Azad Əliyevin əlindən qan ağlayır. Deyilənə görə, onun arxasında icra başçısı Eyvaz Qurbanov dayanıb. Meşə materiallarının Oğuzda qanunsuz qırılıb, dağıdılıb satılması yolu ilə hər ay külli miqdarda qanunsuz gəlir əldə edir". Məlumatda bildirilir ki, 1 "KaMAZ" ( 62 sm-lik) oduncaq yeşik taxtasına yarıyan odun meşə işçiləri tərəfindən işbazlara 800 manata satılır: "Hər bir maşının rayondan polis işçiləri tərəfindən keçirilməsinə müəyyən miqdarda "şirinlik" verilir. Material satışı ilə məşğul olan şəxslər satılan hər bir "KaMAZ" maşınları üçün Azad Əliyevə nəysə verirlər. Göyçay, Ağdaş, Şəmkir, Yevlax kimi rayonlarda fəaliyyət göstərən yeşik istehsalı sexlərinə həmin bir maşın ağac materialı 2500 manata satılır. Azad Əliyev rayonda 8 yerdə meşə materialından yeşik reykası hazırlayan sex işlədir ki, həmin sexlərdə Oğuz meşələrindən qanunsuz qırılmış meşə materialı hesabına işləyir. Bu sexlərdə hər bir maşın (62-sm-lik) materialdan 100-120 min ədəd yeşik taxtası istehsal edilir. Bu qanunsuz sexlər Oğuz şəhərində, həmçinin Oğuzun keçmiş quşçuluq fermasında Rüfət Həsrətov adlı şəxsin evində, Kərimli kəndində Qüdrət müəllimin evində, Xaçmaz kəndində meşə dolayının rəhbəri Xalid Seyidovun bağında, Xal-Xal kəndində, Muxas, Calud kəndlərində və sair yerlərdə fəaliyyət göstərir.

Azad Əliyevin razılığı olmadan Oğuzda hec bir kəs meşə materialının emalı və satışı ilə məşğul ola bilməz. Azad Əliyevin bu "fəaliyyətini" nizamlayan, yerlərdən pulları toplayan, material satışını təşkil edən sirdaşı- padarlı Nail və oğuzlu Hamildir. Bu şəxslərin bildirdiyinə görə, Azad Əliyev əldə olunan qazancının bir hissəsini başçıya verir, yerdə qalanını isə özünə götürür.

Biz oğuzlular meşələrimizin qırılmasının tam əleyhinəyik. Rayonun Yaqublu kəndindən hər gün Şəki rayonunun taxılçılıq sovxozuna 15-20 "KaMAZ" meşə materialı ötürülür. Oğuz Meşə İdarəsində ixtisaslı meşə işçisi qalmayıb. Meşələrin qırılmasına etiraz edən ixtisaslı meşəçilər işdən kənarlaşdırılıbdır. Əvəzində Azad Əliyev öz adamlarını meşə nəzarətçiləri təyin etdirib". Bizim bildiyimiz qədərilə yerli su idarələrinin rəhbər şəxsləri vəzifə səlahiyyətlərindən kənar işlərlə məşğul ola bilməzlər. Görəsən, Azad Əliyevə rayonun meşə massivlərini qırmağa kim ixtiyar verib? Məsələyə aydınlıq gətirmək üçün Oğuz Rayon İcra Hakimiyyətinin 024-21-5-24-94 nömrəli əlaqə telefonuna dəfələrlə zəng vursaq da, dəstəyi qaldıran olmadı. Ümidvarıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri özbaşına şəkildə Oğuz meşələrini məhv edən şəxslərin barəsində tədbir görüb onları cəzalandıracaqlar. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov cənablarından isə xahiş edirik ki, Oğuz rayon Sukanal İdarəsinin rəisi Azad Əliyevin barəsində bir tədbir görsün. Ekalogiya Təbii Sərvətlər Nazirliyinin məsul işçisi cənab Şakir müəllimin bilavasitə nəzarəti altında olan bu rayonda acınacaqlı vəziyyət sürür. Meşə Mühafizəsi İdarəsinin direktoru Nizami müəllim tam qeyri qanuni fəaliyyət növünü seçib.Nə istəyir onuda edir. Meşəbəyinin iştirakı ilə 2013 cü ildə güllə ilə bir sakin öldürülüb. 2014 cü ildə döyülmə faktı olub. 4 nəfər meşəbəyi atamanlıq edir. 1 ay qabaq isə 28 yaşlı gənc qətlə yetirilib. 2 övladıatasız qalıb. Meşəbəyi qoçu olan Bayrama son nəfəsində yalvarıb öldürmə məni deyib canını tapşırıb. Bu hadisələri Oğuz sakinləri yaxşı bilir. Hörmətli icra başçısı, Cənab Nazir bu kimi hallara göz yumur. Hörmətli Şakir müəllim bukimi faktları niyə gizlədir? Mövzuya qayıdacağıq. Ardı var..