Sökülən villaların əsl sahibləri niyə üzə çıxmır? » Memur.az

Sökülən villaların əsl sahibləri niyə üzə çıxmır?

Sökülən villaların əsl sahibləri niyə üzə çıxmır?

Prezidentin tapşırığına baxmayaraq, "Dostluq" parkınınərazisindəki bəzi villalar hələ də sökülməyib

Qanunsuz tikintiyə rəsmi sərəncam və şifahi razılıq verən yerli icra orqanlarının rəhbərləri cəzalandırılmalıdır

Prezident İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı "Dostluq" parkı ətrafında qanunsuz evlərin tikildiyini bildirdi və sökülməsinə göstəriş verdi: "İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin, yerli icra başçılarının xəbəri yoxdur.

Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq" parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, "Dostluq" parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. O gün görürəm ki, yenə də düz "Dostluq" parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər". Vurğulayaq ki, prezidentin tapşırığından sonra qeyd olunan parkın ərazisində qanunsuz olaraq tikilən villaların söküntüsünə başlanılıb. Şəhər meri 42 villanın söküləcəyini bildirib. Dünən isə saytlar yazdı ki, Avropa Oyunları zamanı paytaxtda velosiped yarışlarının keçiriləcəyi məkanın ətrafında, "Dostluq" parkı ərazisində tikilən qanunsuz villaların prezidentin göstərişindən sonra söküntüsü artıq dayanıb. "Dostluq" parkı adlanan ərazidə hasarlar, villalar yerlə-yeksan edilsə də, bəzi villalar qalır. Yayılan məlumatlara görə, sökülən villalardan bir neçəsi Cəmilə adlı xanıma məxsus olub. Deyilənə görə, bu xanım ev al-satqısı, maklerliklə məşğuldur. Dəbdəbəli evlərdən birinin isə polis generalına məxsus olduğu deyilir. Maraqlıdır ki, onun evinə toxunulmayıb, villanın ətrafındakı hasar sökülüb. Generalın kimliyi barədə heç bir açıqlama verilməyib. Bir neçə mərtəbəli digər tikilinin isə şifer və digər dam örtükləri istehsalı ilə məşğul olan zavod sahibinə məxsus olması barədə məlumatlar var. Səbail rayon bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov söyləyib ki, ərazidə yalnız qanunsuz tikililər sökülür, bu villalar köhnə tarixlə, 10-15 il əvvəl inşa edilib. Milli Məclisin aqrar siyasət komitəsinin sonuncu iclasında torpaqların qanunsuz istifadəsi və zəbt olunmasına görə Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər müzakirə edilib. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təklif edib ki, indiyədək qanunsuz torpaq zəbt olunmasına görə 3 ilədək həbs nəzərdə tutulurdusa, bundan sonra cəza 5 ildən 8 ilədək artırıla bilər. Bütün bunlar öz yerində. Bizə maraqlı gələn isə sökülən villaların sahiblərinin üzə çıxmamasıdır. Hər halda, sökülən mülklər orda öz-özünə tikilməmişdi. Milyonluq imarətləri tikmək yalnız imkanlı şəxslərin və bəzi məmurların büdcələrinə uyğundur. Digər tərəfdən, bu gün Bakıda daş üstə daş qoyan kimi yerli icra hakimiyyətlərinin nümayəndələri adamın başının üstünü alır. Parkın ərazisində bu boyda villalar tikilib, Bakı Şəhər İcra Hakimiyyətinin və ərazinin tabe olduğu rayonun rəhbərliyi bunu görməyib? Onların bu işlərdən məlumatsız olması heç cür inandırıcı deyil. Qanunsuz tikinti işlərindən xəbər tutmayıblarsa, deməli nəsə yerində deyil. Mətbuatda yayılan son informasiyalara əsasən, sökülən hasarlardan biri Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevə, digəri isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq sədri Arif Qaraşova məxsus olub: "Həmin adamların əlində Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən verilən sərəncam olub. Arif Qaraşova məxsus ərazi bir hektara yaxındır, Kamran Musayevin həyəti isə 12 sot olub". "Dostluq" parkının ərazisinin bir hissəsində qanunsuz tikilən və dövlət başçısının göstərişi ilə sökülən villalardan birinin də Lerikin icra başçısı Rövşən Bağırova məxsus olması xəbəri yayılıb. Etibarlı mənbələrin bildirdiyinə görə, məmur həmin villanın tikintisi üçün 2 milyon dollara yaxın xərc çəkib: "İcra hakiminin villası 16 sot torpağın içində tikilib". Bu ərazidə digər yüksək vəzifəli şəxslərin də villasının olduğu deyilir. Amma hansısa səbəblərə görə həmin şəxslərin adı ictimaiyyətə açıqlanmır. Fikrimizcə, villaların əsl sahibləri aşkara çıxarılmalı və sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılmasına icazə verən səlahiyyətli şəxslər layiqli cəzalarını almalıdır. Sonda bir məsələni qeyd etmək istəyirik ki, paytaxt ərazisində Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı və razılığı olmadan tikinti işləri aparmaq qeyri-mümkündür. Odur ki, icra başçısı Hacıbala Abutalıbov da məsələ ilə bağlı sorğu-suala çəkilməlidir.

Yazıda adı çəkilən bütün şəxslərin cavab haqqını tanıyırıq.

P.S. Deyirlər bu villalardan biri də Ənvər Seyidova məxsusdur.



Hafiz Məmmədli