Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verib » Memur.az

Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verib

Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verib

AŞPA-da “İŞİD terror qruplaşmasının hərəkətlərinin humanitar fəsadları" adlı qətnamə layihəsinin müzakirəsi zamanı çıxış edən Ermənistan nümayəndə heyəti üzvləri yenidən qondarma erməni soyqırımı məsələsini qaldırıblar və Türkiyə, İslam dini əleyhinə fikirlər səsləndiriblər. Lent.az-ın məlumatına görə, müzakirələrdə çıxış edən millət vəkili Qənirə Paşayeva mövzu ilə bağlı fikirlərini səsləndirdikdən sonra Ermənistan heyətinə sərt cavab verib: “Ölkəniz azərbaycanlılara qarşı terrorlar həyata keçirəndə nədən etiraz etmirdiniz, səsinizi çıxarmırdınız, indi burada terrorizmə qarşı mübarizədən danışırsınız". Deputat assambleyaya birbaşa Ermənistan dövlətinin dəstəyi ilə azərbaycanlılara qarşı törədilən terror hadisələrindən danışıb və həmin zaman Avropanın Azərbaycana terrora qarşı mübarizədə lazımi dəstək verməməsindən də şikayətlənib: "Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə başlayandan bu ölkənin dəstəklədiyi terror təşkilatları çoxlu sayda qanlı terror hadisələri törədərək Azərbaycanda metroları, dəmiryol qatarlarını, avtobusları partladırdılar. 100-lərlə insan, uşaqlar terrorun qurbanı oldu. Onların fotolarını təqdim edə bilərəm. Amma o zaman təəssüf ki, bizim bütün çağırışlarımıza baxmayaraq, Avropalı dostlarımızdan bu qanlı terrora qarşı mübarizədə bizə lazım olan güclü dəstəyi ala bilməmişdik”.

O, Suriyada davam edən böhran və terrorist qrupların, xüsusilə “İŞİD”in regiona və onun hüdudlarına ciddi təhlükə törətdiyini qeyd edib: “Regionda yaşayan insanlar dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq zorakılığa məruz qalır. Biz səylərimizi böhranın humanitar aspektlərində cəmləşdirməliyik. Belə ki, regional ölkələr humanitar fəlakətlə üzləşiblər. Türkiyə 3 milyondan artıq insana sığınacaq verib, onların da böyük əksəriyyəti uşaqlar və qadınlardır. Biz Türkiyənin bu istiqamətdə olan səylərini təqdir etməliyik. Assambleya bütün üzv dövlətlərə onların məsuliyyətini öz üzərinə götürməyi və baş vermiş faciəvi humanitar böhran yükünü paylaşmağa çağırmalıdır”.

Q. Paşayeva həmçinin çıxışında İslamın heç vaxt zorakılığa izn vermədiyini də vurğulayıb: “Biz Avropada islamofobiya təmayüllərinin artmasından ciddi narahat olmalıyıq. Yadda saxlamalıyıq ki, islamofobiya təmayülləri yalnız radikal qrupların gələcəkdə çiçəklənməsi üçün məhsuldar zəmin yaradır. Ona görə də biz Avropada islamafobiyanın artmasına qarşı da ciddi mübarizə aparmalıyıq”.