8 Noyabr – Zəfər Günü ərəfəsində Beyləqan rayonunda silsilə tədbirlər həyata keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub.
Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq yeni salınmış Şəhidlər Abidə Kompleksinin park ərazisində keçirilən aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə müxtəlif növ ağaclar və dekorativ bitkilər əkilib. Əkilən hər bir ağac Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Qeyd olunub ki, Zəfər Günü ərəfəsində kompleksin park ərazisində ağacəkmə aksiyası davam etdiriləcək.







