Gənclər şəhərciyində absurd "cəzalandırma sistemi" » Memur.az

Gənclər şəhərciyində absurd "cəzalandırma sistemi"

Gənclər şəhərciyində absurd "cəzalandırma sistemi"

Bir nəfərin qanunsuzluğunun bədəlini bütün sakinlərə ödətdirirlərVaqif Məmmədov: “Deyirlər, gedin o qonşunu cəzalandırın, o da gəlib borcunu ödəsin və biz də sizin lifti düzəldək”
"Artıq 3 gündür ki, blokumuzun lifti işləmir. Əvvəl belə başa düşdük ki, texniki nasazlıqdır və düzəldəcəklər. Amma dünən liftin qarşısına yapışdırılmış xəbərdarlıq lövhəsini gördükdə, gözlərimizə inanmadıq. Yazılmışdı ki, "9-cu mərtəbədə yaşayan filan sakin lifti sındırıb. O borcunu ödəməyənədək lift işləməyəck". Təsəvvür edirsiniz, bu nə deməkdir? Yəni o deməkdir ki, "ay sakinlər, gedin o qonşunu linç edin, o da gəlib borcunu ödəsin və biz də sizin lifti düzəldək". Bu, rəsmən cinayətə təhrikdir".

Bu barədə Akkord Şirkətlər Qrupu tərəfindən inşa olunan "Abşeron Gənclər Şəhərciyi"nin sakini Vaqif Məmmədov "Memur.az"a şikayətində bildirir. Onun sözlərinə görə, şəhərciyin administrasiyası hadisəni törədən şəxsi qanun qarşısına çıxarmaq, məsələni polisə bildirmək əvəzinə, sakinləri bir-birinə qarşı qoymaqla problemi həll etməyə çalışır: "Biz razıyıq, lifti sındıran qonşumuz kimdirsə, dərhal tapılsın və cəzasını çəksin. Onun törətdiyi əməlin adı tərbiyəsizlik, vicdansızlıqdır. Bu qədər insanı, qocanı, uşağı əziyyətə salmağın başqa adı yoxdur. Amma onun elədiyi hərəkətin cəzasını başqa sakinlərə kəsməyin adı nədir? Bizə nə lifti kim sındırıb? Kim sındırıbsa, tapın, cərimələyin. Biz kiminsə əməlinin dietini ödəməli, yaxud onu tutub döyə-döyə borcunu ödətdirəsi deyilik ki? Şəhərcik rəhbərliyinin yeni "cəzalandırma sistemi" hərbi xidmətdəki yazılmamış qanunlara bənzəyir - hamı bir nəfərə görə əziyyət çəksin ki, sonra hamı onu bir də həmin əməli törətməməsi üçün "nakazat eləsin". Belə idarəçilik olmaz. Kommunal ödənişlərimi bir az gecikdirən kimi işığımızı kəsirlər. Xeyir ola, mən lift pulu ödəyim, amma kiminsə tərbiyəsizliyinin bədəlini ödəyim?".

Şikayətçi sözügedən şəhərciyə qaz verilməsi məsələsində də heç bir yenilik olmadığını yazır: "İllərdir zülm çəkirik. Belə olmaz axı. Qabaqdan sərt qış gəlir, bizim axırımız necə olacaq? Maaşımızın yarısına yaxını kommunal ödənişlərə gedir, təkcə elektrik enerjisinə görə "JEK"ə ayda 150 manata yaxın ödəniş edirəm. Yenə də evimiz tam qızmır. Bizə niyə belə zülm edirlər. Niyə "Akkord" üzərinə götürdüyü öydəliyi icra etmir? Niyə müqavilə şərtlərini yerinə yetirmir?".