Yusif Babanlı: “Ziyan çəkən biz yox, Avropa Şurası və onun tipli təşkilatlar olacaq” » Memur.az

Yusif Babanlı: “Ziyan çəkən biz yox, Avropa Şurası və onun tipli təşkilatlar olacaq”

Yusif Babanlı: “Ziyan çəkən biz yox, Avropa Şurası və onun tipli təşkilatlar olacaq”

Bir sıra beynəlxalq təşkilatlar heç özləri də Azərbaycandan nə istədiklərini, nə tələb etdiklərini düz-əməlli bilmirlər.

Onların “tələbləri”, “arqumentləri” başdan-ayağacan məntiqsizlikdən, ən asası Azərbaycanın titanik inkişafını gözügötürməzlikdən ibarətdir.

Memur.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Yusif Babanlı Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda sözügedən qurumun iştirakının ləğv olunması barədə qərarına münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, bu “qərar” bir daha göstərir ki, onların məqsədi heç də iddia etdikləri kimi insan hüquqlarının qorunması deyil.

“Əgər onların məqsədi doğrudan da insan hüquqlarının qorunması olsaydı, Azərbaycanda Ermənistan tərəfindən haqqı tapdalanan bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına münasibət bildirərər, elə vaxtilə özlərinin qəbul etdikləri məlum qətnamənin icra olunması üçün Ermənistana ciddi təzyiqlər göstərərdilər” - deyən Y.Babanlı bildirib ki, ancaq onlar bunu dilə gətirmirlər:

“Onlar Azərbaycana xəyanət edən, Azərbaycanın mənafeyini satan adamları dəstəkləyirlər, kim ki, onlarla saxta yolla əməkdaşlıq edir, onların təsiri altına düşür, onlardan Azərbaycana qarşı istifadə etməyə çalışırlar.

Beləliklə, əslində onlar özləri beynəlxalq hüququ pozurlar”.

Y.Babanlının dediyinə görə, AŞ-da erməni lobbisinin təsirində olan qüvvələr var, digər tərəfdən, Azərbaycanı istəməyən, Azərbaycana təzyiq etmək istəyən qüvvələr var:

“Həmin ermənipərəst antiAzərbaycançı dairələr, qüvvələr istəyirlər ki, Azərbaycana öz dediklərini etdirsinlər.

Ancaq görəndə ki, bu, mümkün deyil, Azərbaycan bunu qəbul etmir, bu cür çirkin yollara əl atırlar.

Ermənistanda uzun müddətdir mitinqlər keçirilir, yüzlərlə insan tutulub, saxlanılıb, ancaq buna göz yumurlar”.

O, həmçinin bildirib ki, ölkəmizə qarşı ikili-üçlü standartlara baxmayaraq, Azərbaycan həmişə beynəlxalq qurumlarla, o cümlədən, AŞ-la bərabərhüquqlu tərəfdaşlar kimi əməkdaşlığa hazır olduğunu bəyan edib:

“Ancaq onlar belə hərəkətləri ilə bu əməkdaşlığa zərbə vururlar, ancaq öz bildiklərini edirlər.

Etsinlər, bundan ziyan çəkən tərəf biz yox, elə həmin dairələr, təşkilatlar özləri olacaq”.

Kamil Həmzəoğlu