«Sovetski»də Hüseyn Abdullayevin 2 hektar torpağı varmış » Memur.az

«Sovetski»də Hüseyn Abdullayevin 2 hektar torpağı varmış

«Sovetski»də Hüseyn Abdullayevin 2 hektar torpağı varmış

Hazırda Almaniyada yaşayan, Milli Məclisin keçmiş üzvü və "Araz İNC" MMC-nin sahibi Hüseyn Abdullayevə məxsusdur. Bu torpaq sahəsində keçmiş deputatın ailə üzvlərinə məxsus yaşayış və qeyri-yaşayış obyektləri var.
Sökülməkdə olan "Sovetski" məhəlləsində 2,12 hektar torpaq sahəsi hazırda Almaniyada yaşayan, Milli Məclisin keçmiş üzvü və "Araz İNC" MMC-nin sahibi Hüseyn Abdullayevə məxsusdur. Bu torpaq sahəsində keçmiş deputatın ailə üzvlərinə məxsus yaşayış və qeyri-yaşayış obyektləri var.
Yasamal rayonu, Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Tağızadə, Tolstoy və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən ərazidə başqa vətəndaşların da mənzilləri var.
"Məsələ belədir ki, bizim evimizin yerləşdiyi torpaq sahəsi Hüseyn Abdullayevin mülküdür. SSRİ dövründə və ondan öncə tikilmiş mənzillərimizin mülkiyyət sənədi var. Amma o zaman evimizin yerləşdiyi torpaq sahəsi özləşdirilməyib. H.Abdullayev də 2006-cı ildən başlayaraq evlərimizin yerləşdiyi torpaq sahəsini dövlətdən alıb, yəni özəlləşdirib. Bizim də evimizin olduğu torpaq sahəsində yerləşən gördüyünüz hündürmərtəbəli bina da elə ona məxsusdur. Həmin binanın 5-ci mərtəbəsində də anası Zeynəb xanım yaşayır"-deyə "Sovetski" sakini, Lev Tolstoy küçəsində yaşayan Nadir Məmmədov bildirdi.
Həmsöhbətim bildirdi ki, onların da evinin olduğu torpaq sahəsi rəsmən H.Abdullayevin anası Abdullayeva Zeynəb Bayraməli qızının adınadır: "Məsələn, elə bizim küçənin döngə 10, ev 5 ünvanı, eləcə də 4 və 5a ünvanlarında olan daşınmaz əmlak Zeynəb xanımındır. Onun adına olan mülklərin siyahısında Süleyman Tağızadə küçəsi 6, dalan 3, 16, 19, 24a, 8, dalan 3 və 28, həmçinin Sovet küçəsi (hazırda Nəriman Nərimanov prospekti-R.İ.) 26 və 36 ünvanlarında yerləşən daşınmaz əmlaklar da var. Sirr deyil ki, bu torpaq sahəsi və onun üzərində olan evlər Zeynəb xanımın adına olsa da, daşınmaz əmlak Hüseyn Abdullayevindir. İdarəçilik onun əlindədir. Burada 2008-2012-ci illərdə tikilən 13 mərtəbəli yaşayış binasına da rəhbərliyi qohumları etsələr də, hamı bilir ki, bina keçmiş deputatındır".
N.Məmmədov deyir ki, Yasamal Rayon İcra Hakimiyyətindən Hüseyn Abdullayevə məxsus mülklərin də söküləcəyi bildirilib: "Bildiyiniz kimi, "Sovetski"də olan evlər sökülür. Söküntü ərazisinə Hüseyn müəllimin də daşınmaz əmlakı daxildir. Amma nə zaman söküləcəyi dəqiq məlum deyil. Bizə deyilənə görə, Hüseyn Abdullayevə məxsus torpaq sahəsində yerləşən daşınmaz əmlakın hər kvadratına görə 2500 manat kompensasiya veriləcək. Hə, düşünəcəksiniz niyə başqalarına 1500 manat, Abdullayevə 2500 manat? Çünki "Sovetski" məhəlləsində olan başqa evlərin torpaq sahəsi dövlətə məxsusdur. Camaatın evlə bağlı dövlət sənədi olsa da, torpaqla bağlı sənədi yoxdur. Yəni torpağı özəlləşdirməyiblər.
O ki qaldı keçmiş deputata verilən 2500 manata... Həmin vəsaitin 1500 manatı bizə-ev sahiblərinə, 1000 manatı isə bizim evin yerləşdiyi torpağın sahibinə, yəni Hüseyn Abdullayevə çatacaq. Amma biz inanmırıq ki, ona bu pulu versinlər".
Söhbət etdiyimiz başqa sakinlər də N.Məmmədovun dediklərini təsdiqlədilər. Bununla yanaşı onlar nə vaxt köçürüləcəklərindən xəbərsiz olduqlarını dedilər.
"Hələ Yasamal Rayon İcra Hakimiyyətinin tabeliyində olan Köçürmə Komissiyası Hüseyn Abdullayevə məxsus torpaq sahəsində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin ölçü və inventarlaşdırma işlərinə başlamayıb. Evlərin Bakıda keçiriləcək birinci Avropa Oyunlarından sonra söküləcəyi bildirilib. Hazırda köçürülmə işləri dayandırılıb. Belə nəticəyə gəlmək olar ki, keçmiş millət vəkilinə məxsus torpaqda yerləşən daşınmaz əmlak 2016-cı ildə söküləcək"-deyə Nuranə Quliyeva bildirdi.
Amma H.Abdulleyin mülkiyyətində olan torpaq sahəsinin də hasara alındığının şahidi oldum.
Sakinlərin söz açdığı və "Araz İNC" MMC-nin tikdiyi 13 mərtəbəli həmin binada oldum. Qarşımı kəsib gəlişimin səbəbini soruşan şəxsə jurnalist olduğumu deyib, köçürülmə ilə bağlı araşdırma apardığımı bildirdim. Adını təqdim etməyən bu şəxsin binanın idarəçiliyi ilə məşğul olduğu anlaşıldı. Ondan binanın kimə məxsus olmasını, sökülüb-sökülməyəcəyi ilə bağlı soruşduqda "Sizinlə danışa biləcək adam burda yoxdur. Xahiş edirik əlavə suallar verməyəsəniz. Buyurun" dedi.
Binanın arxasında fəaliyyət göstərən çayxanaya yaxınlaşıb, binanın kimə məxsus olması ilə maraqlandım. "Sovetski" sakini olan ofisiant mənə "nəinki bu bina, hətta indi olduğunuz çayxananın da torpaq sahəsi Hüseyn Abdullayevə məxsusdur" dedi.
Binanın qeyri-yaşayış yerində "Art Dekor" adında iaşə obyekti fəaliyyət göstərir. Burada mənzil-məişət sahəsinə aid əşyalar və suvenirlər satılır.
Məsələ ilə bağlı Vergilər Nazirliyindən bildirilib ki, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış "Araz İNC" MMC-nin rəhbərliyi vergidən yayınıb və şirkət tərəfindən sözügedən 13 mərtəbəli yaşayış binasına razılıq (lisenziya) alınmadan tikinti-quraşdırma işləri həyata keçirilib.
"Araz İNC" MMC-nin qeydiyyat sənədlərinə əsasən, onun təsisçilərinin Hüseyn Abdullayevin valideynləri-Abdullayev Abbas Abdulla oğlu və Abdullayeva Zeynəb Bayraməli qızı olduğu göstərilib.

Ramid İBRAHİMOV