Prezidentdən sensasion açıqlamalar: “Hökumət yeni situasiyada işləyəcək” » Memur.az

Prezidentdən sensasion açıqlamalar: “Hökumət yeni situasiyada işləyəcək”

Prezidentdən sensasion açıqlamalar: “Hökumət yeni situasiyada işləyəcək”

İlham Əliyev: “Azərbaycanda "Maydan hərəkatı" yaratmaq istəyirdilər, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər”

Sentyabrın 8-də Azərbaycan prezident İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirib. Dövlət başçısı müşavirədə çıxış edərək ölkənin gündəmindəki aktual məsələlərlə bağlı önəmli mesajlar verib. Prezidentin xüsusilə də iqtisadi vəziyyətlə bağlı söylədikləri müşahidəçilərin diqqətini daha çox cəlb edib və bütün bunlar ölkədə ciddi islahatlara start veriləcəyi barədə aylardan bəri səslənən gözləntilərin real olduğunun təsdiqi sayılır. Ancaq digər mühüm mesajlar və açıqlamalar da var.

Ölkə rəhbəri deyib ki, Azərbaycanın maliyyə vəziyyəti sabitdir, kifayət qədər valyuta ehtiyatımız var. Dövlət başçısının sözlərinə görə, vaxtilə alınmış bəzi əmlakların qiyməti düşdüyünə, xüsusilə avro, dollar məzənnələri arasında baş verən bəzi dəyişmələr elə fikir yarada bilər ki, Dövlət Neft Fondunun ehtiyatları azalıb: “Ancaq reallıqda baxanda görərik ki, Dövlət Neft Fondunun ehtiyatları azalmayıb. Çünki qiymətləndirmə və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq. Biz bu səpkidə işləri görürük”.

Gələn ilin dövlət büdcəsi ilə bağlı nikbin danışan prezident eyni zamanda hökumət üzvlərini izafi xərclərə yol verməməyə çağırıb: “2016-cı ildə də ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimizlə bağlı hökumət daha da ciddi işləməli, yeni təkliflər verilməlidir. Ən əsası odur ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazım olmayan xərclərə yol verməyən büdcə olmalıdır”.

Neftin ucuzlaşması ətrafında yaşanan ajiotajdan bəhs edən prezident qeyd edib ki, neft gəlirləri azalır. Neft bazarındakı itkilərə rəğmən İlham Əliyev bildirib ki, bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra olunacaq. Dövlət başçısı gələn ilin büdcəsinin daha çox sosial yönümlü büdcə olmasını tapşırıb. Eyni zamanda qənaətli olmağı tövsiyə edib: “Əlbəttə ki, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə proqramına, investisiya proqramına salmamalıyıq. İsrafçılığa yol verilməməlidir, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Və çalışmalıyıq ki, vəsaitə qənaət edək”.

Ölkə başçısı xidmətlərin ASAN-laşacağından danışarkən MİS və nəqliyyat sistemlərindəki neqativlərdən bəhs edib: “Dərman preparatlarının bazarının tənzimlənməsi işində çox ciddi dönüşə nail olduq. Sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin 2-3 dəfə aşağı salınması təmin edilib”.

Prezident qeyd edib ki, idarəetmə sahəsində islahatlar dərinləşməlidir: “Korrupsiya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında ”ASAN xidmət"ə yeni funksiyalar verilib. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir. Nə qədər qanunsuz tələblər irəli sürülür, nə qədər insanları incidirlər. İndi hər şey asan olacaq - “ASAN xidmət”də".

İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var: “İnsanları incidirlər. Onların qarşısına əsassız tələblər qoyulur. Bu sahənin bir hissəsini ”ASAN xidmət"ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir".
“...İmkan verməyəcəyik”


Azərbaycan prezidenti ölkəmizi hədəfə alan qüvvələri də unutmayıb və onlara ünvanlı kəskin fikirlər ünvanlayıb. Sitat: “Anti-Azərbaycan, islamofob qüvvələr, bizim müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, bizim işimizə kölgə salsınlar. Bu gün də bizə qarşı çirkin kampaniya davam edir - Avropa Oyunları ərəfəsində və oyunlar zamanı, indi də. Nəyə görə? Çünki biz ölkəmizi qoruyuruq. İmkan vermirik ki, ”beşinci kolon", milli satqınlar, xainlər burada meydan oxusunlar və imkan verməyəcəyik".

Ölkə başçısı siyasi məsələlərdən danışarkən sensasion məqamlara toxunub: “Bu çirkin ssenarilər ki, bu gün Yaxın Şərqdə baş verir, Azərbaycan üçün də hazırlanmışdır. 2011-ci ildə, ondan sonra 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda ”ərəb baharı"nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu qaçılmazdır." Prezident bildirib ki, Azərbaycanda vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün planlar cızılıb: “Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda ”Maydan hərəkatı"nı yaratmaq, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerli “5-ci kolon”un vasitəsilə, qeyri-hökumət təşkilatları adı ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər. 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar almışdır. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunurdu. Mən açıq deyirəm, başqa cür bunu qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi. Çünki bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi inkişafda olan, açıq, tolerant bir dövlətdir".

Ölkə rəhbəri xarici qüvvələrə xəbərdarlıq edib: “Biz heç kimin qabağında gözükölgəli deyilik və öz sözümüzü deyirik, deyəcəyik, Azərbaycanın müstəqil həyatını təmin edəcəyik. Məhz bunun nəticəsində, bu siyasətin nəticəsində biz ölkəmizi bu böyük bəlalardan qoruya bildik. Baxın, Ukraynada, Yaxın Şərqdə, Suriyada, İraqda, Liviyada, başqa ölkələrdə nələr baş verir. O ölkələrin artıq ərazi bütövlüyü demək olar ki, pozulub, ölkələr idarəedilməz vəziyyətə düşüb. Yaxın Şərqdə bundan sonra vəziyyəti sabitləşdirmək, sülhü bərpa etmək üçün bilmirəm, nə kimi işlər görülməlidir. Yəni müsbət meyllər gözə dəymir. Biz ölkəmizi bu bəlalardan qorumuşuq, bizə qarşı uzanan o çirkli əlləri kəsmişik və bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı inkişafını təmin edəcəyik”.

İqtisadçılar prezidentin çıxışını şərh etdilər
Deputat Əli Məsimli dedi ki, prezidentin çıxışında bir neçə məqam diqqətini daha çox cəlb edib: “Birincisi, prezidenti bu çıxışında getdikcə kəskinləşməkdə olan və qeyri-müəyyənliklərə yuvarlanmış geosiyasi və geoiqtisadi proseslərin doğurduğu problemlər, ölkəmizə qarşı açıq və gizli təhdidlər, təhlükələr və çağırışlar kontekstində Azərbaycan qarşısında duran əsas vəzifələri çox dəqiq ifadə edib və bildirib ki, bizim vəzifəmiz ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qorumadır. 2008-ci ilin qlobal maliyyə - iqtisadi böhranı zamanı olduğu kimi, bu dəfə də Azərbaycan yaranmış xoşagəlməz vəziyyətdən az itki ilə çıxa bilər. İkincisi, prezident dünya iqtisadiyyatında gedən həmin xoşagəlməz proseslərin Azərbaycana təsiri ilə bağlı bildirib ki, çalışmalıyıq ki, neft hasilatının aşağı düşdüyü və neftin qiymətinin ötən illə müqayisədə demək olar ki, 2 dəfə aşağı düşdüyü bir şarəitdə 2016-cı ildə iqtisadi inkişafı təmin edək. Azərbaycanın buna da imkanı var və yəqin ki, bu ilin birinci yarısında əldə olunan 6 faizlik iqtisadi artım tempini ilin sonunadək saxlamaq mümkün olacaq”. Ə.Məsimliyə görə, diqqətçəkən üçüncü məqam gələn ilin büdcəsi ilə bağlıdır. Bu sahədə vətəndaşları daha çox maraqlandıran məsələ gələn ilin büdcəsində sosial xərclərin necə olacağıdır: “Prezidentin çıxışında birmənalı şəkildə bildirilib ki, sosial sahə ilə bağlı heç bir ixtisar ola bilməz. Bütün sosial layihələr yerinə yetiriləcək. İxtisar ikinci, üçüncü dərəcəli digər təyinatlı layihələrin icrasında olacaq və bu da onların bir hissəsinin ertələnməsi şəklində ola bilər. Bir də gələn ilin büdcəsində ciddi qənaət rejimi tətbiq olunacaq. Dördüncü diqqətçəkən məqam, islahatların dərinləşdirilməsi, institusional islahatlar istiqamətində işlərin davam etdirilməsi, idarəetmənin təşkilati strukturunun təkmilləşdirilməsi, korrupsiyaya və digər bu kimi neqativ hallara qarşı mübarizənin gücləndirilməsi məsələsidir ki, bunu da islahatların yeni mərhələsinin başlanması kimi dəyərləndirmək olar”.
İqtisadçı ekspert Vüqar Bayramov isə “Yeni Müsavat”a bildirdi ki, prezidentin son çıxışında Azərbaycan iqtisadiyyatı təkcə daxili iqtisadi faktorlar deyil, həm də qlobal və regional dəyişikliklər fonunda təhlil edilib: “Bu baxımdan, dövlət başçısının son çıxışı neftin dünya bazar qiymətinin aşağı olduğu dövrdə hökumət üçün strategiya kimi də qiymətləndirilməlidir. Neftin dünya bazar qiymətinin aşağı düşməsi ölkəmizin gəlirlərinin azalmasına səbəb olub. Təbii ki, artıq iqtisadi siyasət məhz aşağı neft gəlirlərinə uyğunlaşdırılmalı və əsas hədəf iqtisadiyyatın diversifikasiyası olmalıdır. İqtisadiyyatın şaxələnməsi birmənalı şəkildə imkan verəcək ki, Azərbaycan neftin dünya bazar qiymətindən asılılığı aradan qaldıra bilsin. Etiraf etmək lazımdır ki, son illər həm ÜDM-də, həm büdcə gəlirlərində qeyri-neft sektorunun payı artıb. Belə ki, büdcə gəlirlərində qeyri-neft sektorunun payı son 3 ildə 25 faizdən 35 faizədək yüksəlib. ÜDM-in isə 62 faizi qeyri-neft sektorunun payına düşür. Bununla yanaşı, Azərbaycan ixracatında da qeyri-neft sektorunun payının artırılmasına ehtiyac var. Hazırda Azərbaycan ixracatının 94 faizini neft məhsulları təşkil edir. Bu baxımdan, iqtisadi diversifikasiya qeyri-neft sektorunun potensialının yüksəlməsinə və neftdən asılılığın aradan qaldırılmasına xidmət edəcək”.

V.Bayramov qeyd etdi ki, ölkə prezidentinin strateji fikirlərinə uyğun olaraq Azərbaycanda elektronlaşdırma prosesinin davam etdirilməsi olduqca vacibdir: "“ASAN xidmət"in səlahiyyətlərinin genişləndirilməsi və daha çox xidmətlərin elektronlaşdırılmasına ehtiyac var. Bütün növ icazələrin "ASAN xidmət" vasitəsilə aparılması məqsədəuyğundur. Xidmətlərin elektronlaşdırılması həm şəffaflığın daha da gücləndirilməsinə, həm də dövlət qurumlarında xidmət rəqabətinin formalaşdırılması baxımından vacibdir. Aparılan monitorinqlər göstərir ki, "ASAN xidmət"ə yeni xidmətlərin verilməsi, həmin funksiyaları həyata keçirən dövlət qurumlarında da işin keyfiyyətini artırır. Eyni zamanda büdcə vəsaitlərinə qənaət edilməsi hökumət qurumlarının birləşdirilməsi prosesinin davam etdirilməsi məqsədəuyğundur. Biz artıq bununla bağlı öz təkliflərimizi hökumətə təqdim etmişik. Bir-birilərini təkrarlayan qurumların birləşdirilməsi büdcə vəsaitlərinə qənaətlə yanaşı, idarəetmədə çevikliyi artıracaq. Buna görə də struktur islahatların davam etdirilməsinə ehtiyac var. Bu, daha çevik və qənaətcil hökumətin formalaşmasına imkan yaradacaq”.

Ekspertə görə, təbii ki, qlobal çətinliklərin olmasına və neftin dünya bazar qiymətinin azalmasına baxmayaraq 2016-cı ildə heç bir sosial layihənin ixtisarının nəzərdə tutulmaması çox müsbət haldır: “Bu, o deməkdir ki, gələn il də sosial proqramların davam etdirilməsinə imkan verəcək. Dövlət xidmətlərinin elektronlaşdırılması, struktur islahatları praktik olaraq bu məqsədlər üçün ciddi və dayanıqlı maliyyə bazası formalaşdıra bilər”.