İlqar Məmmədov əfv ərizəsi yazıbsa, ərizə hanı? » Memur.az

İlqar Məmmədov əfv ərizəsi yazıbsa, ərizə hanı?

İlqar Məmmədov əfv ərizəsi yazıbsa, ərizə hanı?

Penitensiar Xidmət məhbusun şəxsi istəyinin hər zaman ön planda olduğunu deyir

Xəbər verdiyimiz kimi, ötən həftə Penitensiar Xidmət 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədovun əfv ərizəsi yazması ilə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov virtualaz.org saytına açıqlamasında deyib ki, məhkum İlqar Məmmədov 2014-cü il, iyulun 22-də Azərbaycan prezidentinə əfv xahişi ilə rəsmən müraciət edib: “Bu sənəd onun şəxsi işində də var”.

Y.İsakov xüsusi qeyd edib ki, Penitensiar Xidmət İ.Məmmədovun dövlət başçısına ünvanlandığı əfv ərizəsini istənilən an ictimaiyyətə təqdim edə bilər.

Lent.az Penitensiar Xidmətə əfv ərizəsinin məzmunun və ya surətinin ictimailəşdirilməsi ilə bağlı müraciət edib. Yaşar İsakov ərizənin onlar tərəfdən ictimailəşdirilməsinin İ.Məmmədovun özündən asılı olduğunu bildirib: “Əfv ərizəsi yazmış digər məhkumlar kimi İlqar Məmmədovun da müraciəti yalnız onun şəxsi istəyi ilə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə rəsmi müraciəti əsasında ictimailəşdirilə bilər”.

Bu məsələdə diqqət çəkən nüans məhkumun müraciətinin öz şəxsi istəyi ilə ictimaiyyətə açıqlanmasıdır. Penitensiar Xidmətin mətbuat xidmətindən “Yeni Müsavat”a bildirildi ki, bu günə qədərki təcrübədə hər zaman belə olub. Belə ki məhkumlar öz müraciətlərində onun bir surətinin də media orqanlarına, müvafiq qurumlara göndərilməsini xahiş ediblər. Xidmətdən deyildi ki, bunun sübutu üçün bu günə qədər edilən əfv müraciətlərinin mətninə diqqət yetirmək lazımdır. Bundan başqa, qanunvericilik də məhbusun razılığı olmadan onun müraciətinin mediaya yayılmasını qadağan edir.