Ziya Məmmədovun oğluna ağır zərbə: Amerika yolu bağlanır... » Memur.az

Ziya Məmmədovun oğluna ağır zərbə: Amerika yolu bağlanır...

Ziya Məmmədovun oğluna ağır zərbə: Amerika yolu bağlanır...

Mənimsənilən milyonlara görə hesab zamanı gəldi; İqtidar Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansının fəaliyyətinə son verir; SOCAR ABŞ-da lobbi təşkilatları ilə müqavilə bağladı; hakimiyyət lobbi adına xərclənən pulların hesabını sormağa başladı...
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Amerika-Azərbaycan Alyansının rəhbəri Anar Məmmədovun lobbiçilik fəaliyyətindən uzaqlaşdırılmasına qərar verilib. Bu barədə qəzetimizə mötəbər qaynaqlardan informasiya daxil olub. 2011-ci ildə Amerikada Azərbaycanın lobbi işinin aparılması məqsədilə A.Məmmədovun rəhbərliyi ilə yaradılan qurumun fəaliyyətsizliyindən iqtidarda çoxdan narazılıq var idi.

Vaxtilə geniş piar-propoqandası aparılan Alyansın son aylar, ümumiyyətlə, fəaliyyəti barədə hər hansı məlumat yoxdur. Hər il 28 mayda Vaşinqtonda ənənəvi tədbir düzənləyən, daha doğrusu, ziyafət verən, lobbi təşkilatları rəhbərləri, senator və konqresmenlərlə fotolarını paylaşan A.Məmmədov bu il səssiz qaldı, Respublika Günü Azərbaycanın ABŞ-dakı səfirliyi səviyyəsində qeyd edildi.

Prezidentliyə sabiq namizəd Hafiz Hacıyev hələ bir müddət əvvəl Amerikadan Azərbaycan hakimiyyətinə artan təzyiqlərdən danışarkən sensasion sayıla biləcək açıqlama vermişdi: “Mən Azərbaycanın düşdüyü bu vəziyyətdən çıxmaq üçün yalnız bir yol görürəm. Dövlətə, prezidentə xəyanət edən adamların hamısı istefaya getməli və həbs edilməlidir. Siyahıda bir neçə nazir var. Hansı ki, övladları Vaşinqtonda 10 milyona qədər vəsait xərcləyib, dədələrinin təbliği ilə məşğuldurlar. Xaricdən stenoqramlar gəlməlidir, Konqres, Senat üzvlərinə ”kifayət qədər pulumuz var, dədəmi müdafiə edin", - deyə o bildirmişdi.

(http://modern.az/articles/77565/1/). H.Hacıyev ad çəkməsə də, “daşı kimin bostanına atdığı” aydın idi.

Xəbərlərə görə, bir neçə gün əvvəl nəqliyyat naziri Anar Məmmədov təsisçisi olduğu Azərbaycan-Amerika Alyansının yarıtmaz fəaliyyətinə görə Prezident Administrasiyasında sorğu-suala çəkilib, təşkilata ayrılan pulların hesabı sorulub (“Azadlıq”qəzeti). “Bəzi məlumatlara görə, təşkilata ayda təxminən 3 milyon dotasiya ayrılır” - xəbərdə iddia olunur. Təşkilatın büdcəsi ilə bağlı hələ indiyədək heç bir rəsmi məlumat verilməyib. Bəzi iddialara görə, yarandığı ilkin dövrdə Alyansın maliyyəsini hakimiyyətdə geniş maddi sərvətlərə sahiblənmiş Məmmədovlar klanı öz üzərinə götürübmüş. Amma bu, heç də o demək deyil ki, bu pullar Məmmədovların öz şəxsi büdcəsindən xərclənib və iqtidar bunun hesabını aparmayıb. Belə görünür ki, iqtidar Məmmədovların fiaskosunun səbəbləri ilə yanaşı, Alyansın maliyyə pripiskasını da araşdırır.