Səlim Müslümov sosial yardımların təşkili sektorunun müdirini sorğu-sual etsə… » Memur.az

Səlim Müslümov sosial yardımların təşkili sektorunun müdirini sorğu-sual etsə…

Səlim Müslümov sosial yardımların təşkili sektorunun müdirini sorğu-sual etsə…

O zaman Salam Rzayev haqda bir çox məqamlara, onun qaranlıq keçmişinə aydınlıq gətirilə bilər
Bir müddət öncəyə kimi, daha dəqiq desək, Füzuli Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışdığı dönəmlərdə ünvanlı sosial yardım almaq heç də bütün aztəminatlı ailələrə nəsib olmurdu. Çünki bu proses həm uzun vaxt aparır, həm də müəyyən bürokratik əngəllərlə müşayət olunurdu. Belə ki, sabiq nazirin nöqsanlı fəaliyyəti nəticəsində maddi sıxıntı, ehtiyac içində boğulan insanlar dövlətin onlar üçün ayırdığı ünvanlı sosial yardımdan məhrum olduqları halda, bir neçə yerdən gəliri olanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki (ƏƏSMN) bəzi şəxslərin yardımları ilə çox asanlıqla ünvanlı sosial yardım əldə edirdilər.

Etiraf etmək lazımdır ki, bu gün bu cür halların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Çünki Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunduqdan sonra bu sahədə mövcud olan bir sıra nöqsanları qısa müddətdə aradan qaldırdı, uğurlu islahatlara imza atdı. Məhz həmin islahatlar nəticəsində sözügedən sahədə ötən illərə nisbətən xeyli irəliləyişlər əldə olunub, eyni zamanda işinə məsuliyyətlə yanaşmayan şəxslərin bir çoxu vəzifədən kənarlaşdırılıb. Lakin fəaliyyətində ciddi nöqsanlara, neqativ hallara yol verən şəxslərdən biri - ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayev hələ də öz postunda qalmaqdadır. Halbuki o, bir sıra xoşagəlməz əməlləri ilə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həm də Səlim Müslümovun gördüyü müsbət işlərə kölgə salır. Bu və digər önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, hazırda nazirliyin Dövlət Sosial Təminat Xidmətində ciddi problemlər mövcuddur: "Belə ki, sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun himayəsinə arxalanaraq əhalinin aztəminatlı təbəqəsinin, tək ahıl vətəndaşların, sosial reabilitasiyaya xüsusi ehtiyacı olan şəxslərin sosial müdafiəsi tədbirlərini lazımi şəkildə həyata keçirməməklə yanaşı, yalnız şəxsi maraqlarının təmin olunması barədə düşünür. Deyilənlərə görə, o, ünvanlı sosial yardım almaq istəyən vətəndaşları əksər hallarda özü qəbul edir və bu zaman müəyyən "şərt"lər irəli sürür. Yəni o, heç nədən çəkinmədən vətəndaşlara yardım almağın başqa üsulların müqabilində mümkün olduğunu deyir. Qeyd edək ki, onun "şərt"ləri ilə razılaşmayan aztəminatlı ailələr müxtəlif bəhanələrlə ünvanlı sosial yardımdan məhrum edilirlər".

Salam Rzayevin Dövlət Sosial Təminat Xidmətində özünü ixtiyar sahibi hesab etdiyini vurğulayan məlumatlı şəxs bildirir ki, o, özünü elə aparır ki, sanki sosial yardımların təşkili sektorunun müdiri yox, birbaşa xidmətin rəisidir: "Qeyd edim ki, yerli əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbər şəxsləri sektor müdiri ilə daim əlaqədədirlər. Belə ki, nazirliyin yerlərdəki yetkili şəxsləri müəyyən "şərt"lər qarşılığında ünvanlı sosial yardım almaq istəyən vətəndaşların siyahısını hazırlayıb Salam Rzayevə təqdim edirlər. O, isə öz növbəsində, hansı ailələrin sosial yardım alacağına dair sərbəst qərar verir. Lakin o, bununla bağlı qərar verərkən gərək masasında nəsə olsun… Belə ki, əgər vətəndaşların sənədlərinin arasındakı kağızların rəngi sektor rəhbərini qane edirsə, o zaman ünvanlı sosial yardım almalarına icazə verilir. Bununla da o, "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunu kobud surətdə pozur. Halbuki qanunda qeyd olunur ki, ölkə ərazisində yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən - ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün Baş Məşğulluq İdarəsinin yerli orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s. hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Salam Rzayev isə adıçəkilən qanunun tələblərinə məhəl qoymadan öz bildiyini edir".

Məlumat üçün bildirək ki, ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin sosial yardımların təşkili sektorunun müdiri bir neçə il öncə maraqlı bir fotoşəkil çəkdirib. Həmin şəkildə Salam Rzayev sol tərəfdə dayanıb. Onun və yanındakı şəxsin geyim tərzindən, eləcə də saç düzümündən bəlli olur ki, şəkil sovet dönəmlərində çəkilib. Həmin fotoya baxanda aydın olur ki, sosial yardımların təşkili sektorunun müdiri yanındakı şəxslə sıcaq dostluq münasibətlərinə malikdir. Əbəs yerə deməyiblər ki, hər şəkil özündə böyük sirləri, tarixi həqiqətləri təcəssüm edir. Odur ki, həmin foto da həqiqəti, yəni Salam Rzayevin yanındakı şəxslə yoldaşlıq, dostluq etdiyini göstərir. Onunla kamera qarşısında poz verən şəxsin kimliyi, demək olar ki, barəsində bir çox məlumatlar bizə məlumdur. Məhz elə bu səbəbdən də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan xahiş edirik ki, Salam Rzayevi kabinetinə çağırıb şəkildə onun yanındakı adamın kimliyini soruşsun. Hörmətli nazir, əgər bu addımı atsanız, o zaman sosial yardımların təşkili sektorunun müdiri haqqında bir çox məqamlara, onun qaranlıq keçmişinə aydınlıq gətirə bilərsiniz. İndi qərar sizindir: Salam Rzayevi çağırıb şəkildəki şəxslə bağlı bilgi almaq, yoxsa heç nə olmamış kimi bəzi məsələləri görməzlikdən gəlmək daha faydalıdır?..


Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Sərxan Məlikbəyli