«Azərbaycan» yenə ABŞ-Azərbaycan münasibətlərindən yazır » Memur.az

«Azərbaycan» yenə ABŞ-Azərbaycan münasibətlərindən yazır

«Azərbaycan» yenə ABŞ-Azərbaycan münasibətlərindən yazır

«Azərbaycan» qəzeti Bakıyla Qərb arasında razılaşdırılmış «atəşkəs» mühitinin pozulmasında mətbuatı günahlandırır: «2015-ci il iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hochstein-ın Azərbaycana səfərindən sonra belə bir təəssürat yaranmışdı ki, Vaşinqton Bakıya barışıq əlini uzadaraq ikitərəfli münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmaq istəyir».

ABŞ və Avropa rəsmilərinin səfərlərini yada salan qəzet yazır ki, «rəsmi Bakı bəzi Qərb dairələrinin uzun müddət Azərbaycana qarşı apardığı ikili siyasətin, həttaI Avropa Oyunları dövründə həm ABŞ dövlət katibi Con Kerrinin ofisindən, həm də Londondan idarə olunan qərəzli kampaniyaların üzərindən keçməyə hazır olduğunu nümayiş etdirdi».

«Ancaq həmişə olduğu kimi, bu dəfə də «siyasi maraqlar» centlmen razılaşmasına üstün gəldi. Avqustun 1-dən 12-nə kimi rəsmi Vaşinqtonun ruporlarından biri olan «The Washington Post» Azərbaycana qarşı üst-üstə 6 material verdi. Azərbaycanda idarəçilik sistemini bayağı tənqiddən tutmuş Bakıya səfər edən konqresmenlərin diskreditasiyasına kimi etik normalara zidd ittihamlarla dolu belə materialları anti-Azərbaycan kampaniyasının növbəti dalğası kimi qəbul etməmək mümkün deyil... Digər tərəfdən də ABŞ- Böyük Britaniya «müştərək» QHT-ləri və mediası da yavaş-yavaş «əzələ nümayişini» intensivləşdirirlər», - deyə qəzet yazır.

«Azərbaycan» daha sonra I Avropa Oyunları dövründə «Azərbaycanı hədəfə götürən Britaniya KİV-ləri arasında «The Guardian»nın xüsusi canfəşanlıqla seçildiyini, bu ilin may-iyun aylarında Azərbaycan haqqında 40 tənqidi məqalə verdiyini, onlardan 23-nü 4 gün ərzində dərc edərək «kampaniyaçılıqda» az qala Ginnes rekorduna imza atdığını» bildirir.

Qəzet bu yazıların arxasında «rəsmi izləri» axtarır. Eyni zamanda, ABŞ və Böyük Britaniyada insan haqlarının pozulması, korrupsiya, polis özbaşınalığı və başqa qanunsuz əməllərin geniş vüsət aldığını qeyd edir: «Bu halda anlaşılmaz bir məqama dair sual yaranır: Amos Hochstein və Donald Tusk Azərbaycana nəyə gəlmişdilər?»