YAP-ın seçki qərargahı fəaliyyətə başlayıb » Memur.az

YAP-ın seçki qərargahı fəaliyyətə başlayıb

YAP-ın seçki qərargahı fəaliyyətə başlayıb

Müxalifət partiyalarında seçki qərargahları varmı?
Cari ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı 10.08.2015-ci il tarixindən etibarən fəaliyyətə başlayıb. Bu barədə Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.


A.Mirzəzadə bildirib ki, bununla bağlı bir neçə gün öncə partiyanın mərkəzi qərargahında toplantı keçirilib: “Artıq partiyanın Mərkəzi Seçki Qərargahının rayon təşkilatları şöbələri də fəaliyyət göstərir. Qeyd etdiyim iclasda bununla bağlı rayon təşkilatlarına müvafiq tapşırıq və tövsiyələr verilib”.

Müxalifət partiyalarının seçki ilə bağlı fəaliyyətinə və seçki qərargahlarının yaradılıb-yaradılmadığına gəlincə, Müsavat Partiyası Divanının üzvü İkram İsrafil bildirdi ki, təmsil olunduğu partiya parlament seçkilərinə hazırlıq işlərini mərhələ-mərhələ həyata keçirir.

Hazırda deputatlığa namizədlərin siyahısının hazırlanması prosesinin getdiyini deyən İ.İsrafil qeyd etdi ki, Müsavat Partiyasında olan təcrübəli seçki texnoloqları heç bir partiyada yoxdur. Hetta 22 ildir iqtidarda olan YAP-da da yoxdur: “Bilirsiz ki, 2000-ci ildən bu tərəfə müxalifətin blok şəklində iştirak etdiyi bütün seçkilərdə, seçki qərargahlarının rəhbəri və əsas iştirakçıları müsavatçılar olub. Hazırda Müsavatda namizədlərin müəyyənləşməsi mərhələsidir. Avqustun 29-da partiyamızın Məclisinin növbədənkənar sessiyasını çağırmışıq. Həmin sessiyada deputatlığa namizədlər müzakirə olunaraq təsdiq olunacaqlar. Eyni zamanda partiyanın Mərkəzi Seçki Qərargahına üzvlər seçiləcək və qərargah fəaliyyətə başlayacaq. Hazırda seçkiyə aid məsələlərlə partiyanın Mərkəzi İcra Aparatının tərkibində daimi fəaliyyət göstərən müvafiq şöbə məşğul olur”.