“Pakistanla dostluq münasibətləri gücümüzə güc qatır” - ŞƏRH » Memur.az

“Pakistanla dostluq münasibətləri gücümüzə güc qatır” - ŞƏRH

“Pakistanla dostluq münasibətləri gücümüzə güc qatır” - ŞƏRH“Azərbaycanla Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı əsl qardaşlıq nümayiş etdirərək Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığına görə Ermənistanı dövlət kimi tanımırlar”.

Bu fikirləri Oxu.Az-a Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfərinin əhəmiyyətindən danışarkən deyib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Pakistan Türkiyə ilə bir yerdə ölkəmizə mənəvi və siyasi dəstək verib, beləliklə, bu işimizi inamla görməyimizə yol açıb:

“Torpaqlarımız işğaldan azad olunanda xalqımız öz sevincini dost Pakistan və Türkiyə bayraqlarını bayrağımızla bir yerdə dalğalandırmaqla bölüşüb. Həm də bizim sevincimizə pakistanlı qardaşlar da qoşulublar, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı bayram sevinci Pakistanda da yaşanıb.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dövlət səfərindən sonra iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana gəlməsinin həm də rəmzi mənası var. Bəli, bu səfərlərin bir-birinin ardınca baş verməsi həm də düşmənlərimizə bir mesajdır. Amma çox təəssüf ki, özünü islam ölkəsi adlandıran İran islam həmrəyliyinə zidd olan siyasət yürüdür və Azərbaycanla düşmənçiliyə davam edir, Ermənistana dayaq durur. Dünyada baş verən proseslər bir daha onu göstərir ki, bu gün islam həmrəyliyinə həmişə olduğundan daha çox ehtiyac var.

Azərbaycan da öz növbəsində Kəşmir məsələsində Pakistanın yanında olub və öz mənəvi-siyasi dəstəyini göstərməkdə davam edir.
Pakistanla Azərbaycan arasında yüksəksəviyyəli əlaqələr mövcuddur, siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Pakistanın baş nazirinin ölkəmizə səfəri Pakistan-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifə açacaq. Dövlət başçılarının görüşündə ölkələrimiz arasındakı əməkdaşlığın inkişaf etdirilməsinin əsas istiqamətləri müəyyənləşdirilib. Müzakirə olunmuş məsələlər üç istiqamətdə qruplaşdırılmaqla, nümayəndə heyətimizin Pakistana səfərlərində davam etdiriləcək. Bunlardan biri ticarət və sərmayə məsələsidir, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcək. Hesab edirəm ki, nümayəndə heyətlərimizin Pakistana səfəri nəticəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair sahələr ölkələrimiz arasındakı əlaqələrin inkişafına yeni impuls verəcək”.

Deputat onu da qeyd edib ki, tarixi sübuta görə, dünya siyasətində ədalət iqtisadi cəhətdən güclü olan ölkələrin tərəfində dayanır:

“Azərbaycan öz iqtisadiyyatını gücləndirdi və öz gücü ilə torpaqlarındakı erməni işğalını sonlandırdı. Gələcəkdə də güclü ölkələr həmişə qalib olacaqlar. Ona görə də əlaqələrimizi Türkiyə, Pakistan və digər dost ölkələrlə genişləndirməklə artırmalıyıq. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dost ölkələr arasında əlaqələrin inkişaf etdirilməsində lokomotiv rolunu daha da genişləndirəcək. Bu, gücümüzə güc qatır”.