Böyük humanizm nümunəsi, Azərbaycanın əfv tarixində rekord - ŞƏRH » Memur.az

Böyük humanizm nümunəsi, Azərbaycanın əfv tarixində rekord - ŞƏRH

Böyük humanizm nümunəsi, Azərbaycanın əfv tarixində rekord - ŞƏRHPrezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

Bu sərəncam bir daha Azərbaycan Prezidenti İlham Əliyevin humanizminin göstəricisidir.

Prezident hər il əfv sərəncamları verərək məhbusların ailələrini sevindirir.

Göründüyü kimi, dövlət başçısı böyük humanizm nümunəsi göstərir. Bu, Prezidentin bütün vətəndaşların, o cümlədən məhbusların hüquqları ilə bağlı mövqeyini ortaya qoyur.

İlham Əliyev Azərbaycan xalqının rifahı, sosial vəziyyətinin yaxşılaşdırılması və hüquqlarının qorunması istiqamətində tapşırıqlar verir.

Bunlar kompleks şəkildə Prezidentin hakimiyyət-vətəndaş münasibətlərinə dair yaratdığı örnəkdir. Bu örnəyi əfv sərəncamlarında da görən vətəndaşlar sevinclidirlər.

Qeyd edilməlidir ki, budəfəki sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli əfv sərəncamı 634 məhkuma şamil edilmişdi.

Prezidentin 2023-cü ilin mayın 8-də imzaladığı sərəncama əsasən isə 801 məhkum əfv olunur.
Onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilir.

Əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, ikisi isə cəzanın yarı hissəsindən azad olunub.

Müvafiq hökmlərə əsasən, cəzadan azad olunduqdan sonra dörd xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcək.

Bununla yanaşı, Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib.

Onlar arasında jurnalist Elçin Məmməd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də yer alıblar, həmçinin beş nəfər Tərtər hadisələri, üç nəfər isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar məhkum edilib.

Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilmələri barədə qərar qəbul edilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul edilmiş əfv sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.