Tarix : 10-05-2021, 14:06 | Bölmə: musahibe

Deputat: “Heydər Əliyev xalqımızın ləyaqət və qeyrət simvolu, ən ağır vaxtlarda yeganə güvənc yeri olub”“Xalqımız üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün-biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki zənanəmizin ən böyük şəxsiyyəti, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, bütün xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu Əliyev məhz bu gün-mayın 10-da anadan olub. O, böyük insan XX-XXI əsrlərin canlı əfsanəsi idi”.

Bu sözləri Memur.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

Onun fikrincə, tarix dəfələrlə sübut edib ki, Ulu öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı.

Millət vəkili qeyd edib ki, H.Əliyev hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə ucaldıb, iti təfəkkürü, müdrikliyi, təkrarsız siyasi keyfiyyətləri ilə ölkəmizi dünyada tanıdıb.

“O, qəti olaraq bəyan etmişdi: “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”. Bundan işıqlı, bundan aydın siyasi ideya ola bilməz.

Heydər Əliyev xalqımızın ləyaqət və qeyrət simvolu, ən ağır vaxtlarda yeganə güvənc yeri olub. Azərbaycanın son yarım əsrə yaxın bir dövrünü əhatə edən tarixi taleyi bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi dahi şəxsiyyətin adı ilə bağlıdır”, - deyə K.Cəfərov əlavə edib.

K.Cəfərovun sözlərinə görə, 2003-cü ildən indiyədək Azərbaycan xalqının etimadını böyük bacarıqla doğrultmuş Prezident İlham Əliyev xalqa xidmət etməyin Heydər Əliyev nümunəsinə möhtəşəm bir sədaqət nümayiş etdirir:

“Ulu öndərin idarəçilik məktəbini ən zərif incəliklərinə qədər öyrənən cənab İlham Əliyev dövlətin sosial-iqtisadi inkişafı sahəsində, cəmiyyətin demokratikləşdirilməsində və həmçinin beynəlxalq münasibətlərdə özünə məxsus Azərbaycan nümunəsi formalaşdırmağa nail olub.

Dövlət başçımızın yürütdüyü iqtisadi inkişaf strategiyasının əsas qayəsi regionların tarazlı inkişafına nail olmaqdır.

Bu gün Ümummilli liderimizin ideyalarına əməli ilə sadiqliyini nümayiş etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük inkişaf yolundadır. Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən qlobal layihələr də ölkə Prezidentinin fəaliyyəti ilə vəhdət təşkil edir”.

Onun fikrincə, ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızda görülmüş işlərin miqyası əminliklə söyləməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin yaratdığı və sarsılmaz təməl üzərində tərəqqi edən Azərbaycan Respublikası yaxın gələcəkdə uğurları daha da artıracaq.

“Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev də olacaq!”,-deyə deputat fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər