Bakı-2015: Avropa oyunlarının məşəli Masallıda » Memur.az

Bakı-2015: Avropa oyunlarının məşəli Masallıda

Bakı-2015: Avropa oyunlarının məşəli Masallıda

"Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Yardımlı rayonundan sonra Masallıya gətirilib. Apasport.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutan sakinlər məşəl yürüşünün iştirakçılarını qarşılamaq üçün şəhərin küçə və meydanlarında toplaşıblar.

Masallı şəhərindəki Olimpiya İdman Kompleksinin qarşısında məşəlin qarşılanma mərasimi olub. Yüzlərlə rayon sakini yürüş iştirakçılarını böyük sevinclə qarşılayıblar.

Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli cüdo üzrə əməkdar məşqçi, idman ustası Xanağa Quliyev qəbul etdi. On məşəlçi Oyunların rəmzi qapısından başlayaraq 3,6 kilometr məsafədə yürüşə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Talışxanov, Dadva və Qarabağ küçələri boyunca hərəkət edərək Qəhrəmanlar parkının qarşısına gəldilər. Buradakı meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar.

Cüdo və sambo üzrə dünya çempionatının gümüş, Avropa çempionatının bürünc mükafatçısı, dəfələrlə Azərbaycan çempionu adını qazanmış Hikmət Alışov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb.

Mərasimdə aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Sonra “Bakı-2015”in çırağı yandırıldı və Oyunlar başa çatana qədər saxlanılması üçün rayonun gənc idmançısı Ülkər Əliyevaya təqdim olunub.

Birinci Avropa Oyunlarının məşəli Masallıdan Biləsuvar rayonuna yola salınıb.