Şamaxı Humanitar Kolleci problemlər məngənəsində... » Memur.az

Şamaxı Humanitar Kolleci problemlər məngənəsində...

Şamaxı Humanitar Kolleci problemlər məngənəsində...

Onun imza atdığı bəzi qanuna sığmayan işlər tələbələr arasında gərginliyin pik həddə çatmasına səbəb olub



Direktor Rauf Əliyevin fəaliyyəti qənaətbəxş deyil



Təhsil Nazirliyinin (TN) strukturuna daxil olan orta ixtisas təhsili müəssisələrinin əksəriyyətində ciddi nöqsanlar mövcuddur. Sabiq nazir Misir Mərdanovun dövründə vəzifəyə təyin olunan bəzi kadrlar işlərinə laqeyd münasibət bəsləyirlər ki, bu da bir sıra fəsadlara gətirib çıxarır. Müxtəlif xoşagəlməz işlərin cərəyan etdiyi təhsil müəssisələrindən biri də Şamaxı Humanitar Kollecidir. Qeyd edək ki, kollecin əvvəlki adı Şamaxı Mədəni-Maarif Texnikumu olub. 2010-cu ildən isə hazırkı adı ilə fəaliyyətini davam etdirməyə başlayıb.

Şamaxı Humanitar Kollecində fiziki tərbiyə müəllimliyi, informatika müəllimliyi, təsviri incəsənət müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, hüquq-mühafizə fəaliyyəti, kitabxana-informasiya təminatı, instrumental ifaçılıq, xanəndəlik, musiqi nəzəriyyəsi, xalq çalğı alətləri ifaçılığı, turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisasları tədris olunur. Rayondakı etibarlı mənbələrdən aldığımız məlumatlara görə, direktor Rauf Əliyevin qanuna sığmayan əməllərinin nəticəsində Şamaxı Humanitar Kollecində təhsilin keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşüb. Mənbəmizin bildirdiyinə əsasən son vaxtlar kolleclə bağlı mətbuatda gedən tənqidi yazıların səbəbkarı məhz Rauf Əliyevdir: "Şamaxı Humanitar Kollecində təhsilin və nizam-intizamın səviyyəsi olduqca aşağıdır. Tələbələrin dərsə normal münasibət göstərməməsi direktorun, o cümlədən onun tapşırığını yerinə yetirən bəzi müəllimlərin qanunsuz hərəkətləri ilə bağlıdır. Çünki tələbələr görür ki, kollecdə savada, biliyə yox, başqa ünsürlərə qiymət verilir. Buna görə də tədris prosesindən yayınırlar. Semestrin sonunda isə gətirib müəllimlərə nəysə verib imtahandan keçirlər. Tələbələrin dərsə davamiyyəti də çox pisdir. Dərs ili yenicə başlasa da, artıq bəzi tələbələr qayıb limitini keçmək üzrədir. Təhsil ocağında mövcud olan əsas problemlərdən biri də müəllimlərin işə qəbulu ilə bağlıdır. Belə ki, direktora yaxın olan şəxslər öz yaxın adamlarını qeyri-qanuni şəkildə kollecdə işə düzəldirlər. Buna misal olaraq kollecdə bədən tərbiyəsi müəlliməsi işləyən Leyla Abdullayevanı göstərə bilərəm. Məndə olan məlumata görə, İlkin Əzizov adlı şəxs orta məktəbin XI sinfini bitirəndən sonra hərbi xidmətə yollanıb və hərbi xidmətdən qayıtdıqdan sonra ali məktəbə qəbul olmaq üçün sənəd verib. Lakin qəbul imtahanında yüksək nəticə əldə edə bilməyib. O universitetə qəbul ola bilməsə də, anası Leyla Abdullayevanın vasitəsilə işlə təmin olunub. Belə ki, Leyla Abdullayeva oğlunu 9-cu sinfin şəhadətnaməsi ilə qeyri-qanuni yolla kollecə işə qəbul etdirib. Hələ bu azmış kimi, sonradan İlkin Əzizov kollecin "tələbəsi"nə çevrilib və diplom alıb. Bundan sonra isə anasının köməyi ilə 2 saylı Şamaxı şəhər orta məktəbində dərs deməyə başlayıb. İlkin Əzizovun aldığı diplom qeyri-qanunidir. Sadə yoxlama tədbirləri aparılsa, bu qanunsuzluğun üstünü açmaq olar". Mənbə həmçinin vurğulayır ki, direktor Rauf Əliyevin imza atdığı özbaşınalıqlar tələbələr arasında narazılığın pik həddə çatmasına səbəb olub: "Kollecin direktoru qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina edir. Direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin vəsaitlərdən öz maraqları naminə istifadə edir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər. Lakin əvəzində əməkhaqlarını ala bilmirlər. Bununla bağlı nə qədər təkid etsələr də, kollecin direktoru müəllimlərin halal pulunu onlara verməkdən imtina edir. Rauf müəllim kollecdə baş verən hadisələrə laqeyd münasibət bəsləyir. Burda təhsil alan tələbələrin dərsə davamiyyəti, eləcə də maliyyə xərcləri və dərs saatlarının bölüşdürülməsilə bağlı bir sıra maxinasiyalara imza atılır. Təəssüf ki, Təhsil Nazirliyinin səlahiyyətli şəxsləri Şamaxı Humanitar Kollecində hökm sürən problemlərlə maraqlanmırlar".

Deyilənlərlə bağlı direktorun münasibətini öyrənmək üçün Şamaxı Humanitar Kollecinin (02026) 5 27 29 nömrəli telefonuna zəng vurduq. Zəngimizə cavab verən Rauf müəllim "Gündəlik Bakı"dan olduğumuzu eşidən kimi "yanımda iclas var" deyib dəstəyi üstünə qoydu. Biz isə təhsil naziri Mikayıl Cabbarovdan və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevdən xahiş edirik ki, Şamaxı Humanitar Kollecində təcili yoxlamaların aparılması barədə aidiyyəti üzrə tapşırıq versinlər.



(Ardı var)


Elvin Həkərili