“Bakı Metropoliteni" QSC-də yağ kimi yeyinti » Memur.az

“Bakı Metropoliteni" QSC-də yağ kimi yeyinti

“Bakı Metropoliteni" QSC-də yağ kimi yeyinti

Zaur Hüseynovun adamları 1 litri 2 manat 50 qəpiyə olan yağı 9 manat 50 qəpiyə sənədləşdirirlər

Eskalatorların nasosuna tökülən mineral tərkibli keyfiyyətsiz yağlar ciddi fəsadlara gətirib çıxarır

Son günlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) stansiyalarında ciddi problemlər üzə çıxmaqdadır. Demək olar ki, hər gün xəttə buraxılan vaqonlarda texniki nasazlıq əmələ gəlir, yaxud eskalatorların hərəkətində problemlər yaranır. Texniki cəhətdən nasaz vəziyyətdə olan vaqonların xəttə buraxılması öz növbəsində bəzi fəsadlara gətirib çıxarır. Bəzi hallarda sərnişinlər dəqiqələrlə tuneldə qalırlar. Havasız yerdə qalan insanlardan bir neçəsinin ürəyi gedir, halı pisləşir və sair. Təbii ki, belə olan təqdirdə yeraltı nəqliyyatdan istifadə edən insanlar QSC rəhbərliyini tənqid hədəfinə çevirirlər. Düz də edirlər. Xatırladaq ki, Metropolitenin sabiq rəisi Tağı Əhmədovun vaxtında da buna bənzər, hətta bundan da ciddi neqativ hadisələr qeydə alınırdı. Görünən odur ki, bu sahənin Zaur Hüseynovun nəzarətinə verilməsi hələlik heç nəyi dəyişməyib.

Metro stansiyalarında hələ də köhnə problemlər qalmaqdadır. Üstəlik, QSC-yə metro sistemindən kifayət qədər anlayışı olmayan insanların cəlb edilməsi məsələni bir qədər də qəlizləşdirib. Yadınızdadırsa, qəzetimizin ötən saylarından birində eskalatorların reduktor hissəsinə, həmçinin vaqonların müəyyən hissəsinə tökülən yağların keyfiyyətsiz olması barədə xəbər vermişdik. Apardığımız araşdırmalar nəticəsində eskalatorların tez-tez sıradan çıxmasının səbəbini öyrənmişik. Araşdırmalar zamanı aydın oldu ki, Tağı Əhmədov vəzifədən çıxarılandan dərhal sonra Zaur Hüseynov metro sisteminin bütün təchizat işlərini özünə yaxın olan bir nəfərə tapşırıb. Çünki təchizat işlərində yeyintiyə yol vermək daha rahatdır. Belə ki, sənəd üzərində şişirdilmiş rəqəmləri yazıb əlavə pul silmək mümkündür: "Həmin şəxs cəmiyyət sədrinə arxayın olaraq bir sıra qanun pozuntularına imza atır. Belə ki, eskalatorların nasos hissəsinə texniki qaydalara əsasən, optimal 150 markalı yağ vurulmalıdır. Optimal 150 dişli sənaye yağı hesab edilir, sintetik yağdır. Dünyanın əksər ölkələrində metro stansiyalarında quraşdırılan eskalatorlara məhz bu markalı yağ tökülür. Onda eskalator daha davamlı olur və gec sıradan çıxır. Zaur Hüseynov vəzifəyə keçəndən sonra Bakı metrosunun təchizatı tamamilə bərbad vəziyyətə düşüb. Hazırda metroda fəaliyyət göstərən eskalatorlara Türkiyə istehsalı olan "speedol" yağı tökülür. Bu yağlar mineral tərkibli olduğundan eskalatorların hərəkətində tez-tez problemlər üzə çıxır. Bu yağların keyfiyyəti olduqca aşağıdır. "Speedol" yağının 1 litri 2 manat 50 qəpik olduğu halda, litri 9 manat 50 qəpikdən sənədləşdirilir. Əslində, yağın 1 tonuna görə 2500 manat pul xərclənməlidir. Kağız üzərində qiymətlərin şişirdilməsi nəticəsində keyfiyyətsiz yağın 1 tonu dövlət büdcəsinə 9500 manata başa gəlir. Nəhayətdə hər tonda 7000 manat vəsait kimlərinsə cibinə gedir. Zaur Hüseynovun gəlişindən indiyə qədər metroya bir neçə ton keyfiyyətsiz yağ alınıb və nəticədə dövlət büdcəsinə külli miqdarda ziyan dəyib". Araşdırmalar göstərir ki, eskalatorların hərəkətində fasilələrin əmələ gəlməsi, vaqonların nasaz vəziyyətə düşməsi keyfiyyətsiz yağlardan istifadənin təsirindən qaynaqlanır: "Metro nəqliyyatın elə bir növüdür ki, burda hansısa axsama, ləngimə və ya başqa əngəllər üzə çıxanda dəhşətli mənzərə yaranır. Nasaz qatarın depoya göndərilməsi həm qatarlar arasındakı intervala təsir edir, həm də sərnişinlərin mənzil başına vaxtında çatmasını əngəlləyir. QSC rəhbərliyində yer alan şəxslərin pul qazanmaq hərisliyi metronun işinə mənfi təsirini göstərməkdədir. Odur ki, Zaur Hüseynov təchizat məsələsinə, o cümlədən yağların hansı ölkədən alınmasına və keyfiyyətinə xüsusi diqqət yetirməlidir".

Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandıra bilərik.

(Ardı var)
Hafiz Məmmədli