TAPDIQ ƏLİBƏYLİ ŞEİRİYYƏTİ - TORPAĞIN SƏSİ » Memur.az

TAPDIQ ƏLİBƏYLİ ŞEİRİYYƏTİ - TORPAĞIN SƏSİ

TAPDIQ ƏLİBƏYLİ ŞEİRİYYƏTİ - TORPAĞIN SƏSİ
Şeirimin hər sətri, zər - qafiyəsi
Əzəli-əbədi səsidir haqqın.
Mayası, rişəsi, söz qiyafəsi -
Sevinci, kədəri torpağın, xalqın.

Cövhərinə milli ruh, yurda, xalqa bağlılıq hopmuş bu poetik düşüncələr, batindən vətən sevgisi boy verən misralar şagirdim Duyğu Xəyal qızı Əlbəylinin babası şair Tapdıq Əlibəyliyə məxsusdur. Tanınmış şairimizlə şəxsi tanışlığımıza da məhz körpü salan elə şagirdim olub. Sonradan bildim ki, babası ona şeirlər də yazıb...
Uzun illərdir ki, şağirdlərlə birlikdəyəm. Duyğu ilk dəfə sinfə qədəm qoyanda diqqətimi cəb etmişdi. Görünür, genetik bağ özünü müxtəlif çəkildə büruzə verir. Sanki Duyğunun gözlərində məna dolu, məhrəm bir özəllik gördüm...
Sonra şagirdimin şair babasının, mayası vətən sevgisilə, halallıqla yoğrulmuş şeirlərini oxudum. Poeziyasında gördüyüm təmizlik, saflıq, insanlığa, el-obaya, yurda sonsuz sevgi Tapdıq müəllimin müdrik simasında da əks olunub. Şeirləri oxuduqca düşünürsən ki, bu poetik məqamlar elə şairin öz portret cizgiləridir.
Tapdıq müəllimin çoxsaylı kitabları onun zəhmət və iradəsinin məhsuludur. İyirmidən artıq kitab və yüzlərlə elmi-publisistik məqalələr təbii ki, onun parlaq zəkasından, dərin təfəkküründən xəbər verir.
Tapdıq müəllimin kitablarından birinin adı “Torpağın səsi” adlanır. Obrazlı desək, şairin yaradıcılığı bütövlükdə formula olaraq elə torpağın səsidir, haqqın səsidir, insanlığın səsidir. Axı məskən də, mədfən də torpaqdan başlanır...
Tapdıq Əlibəylinin yaradıcılıq məziyyətlərindən biri də odur ki, az sözlə dərin məna ifadə edən misralar, bəndlər oxucunun əlindən tutub yurd yerlərimizi gəzdirir, tariximizə, folklorumuza sahib çıxmağa səsləyir.

Ocaqlar sönməsin, dönməsin külə,
Yayılsın yurduma tonqal şöləsi.
Qaraca Çobanlar verib əl-ələ,
Qara məlikləri yensin nərəsi...

Tapdıq Əlibəyli işğal edilmiş yurd yerlərimizin ağrı-acılarından, nisgillərindən və müzəffər ordumuzun şanlı tarix yazdığı 44 günlük Vətən müharibəsinin qələbə müjdəli, zəfər coşqulu ab-havasından yoğrulmuş “Payız çöhrəsində yazdı 44 gün” adlı kitabını mənə hədiyyə edəndə munisliklə dedi: - Sevil xanım, Siz ılk nəvəmin ilk müəllimi olaraq bizə doğmasınız, əzizsiniz... Demək istəyirəm ki, Tapdıq müəllim poeziyasında səmimi, həsas olduğu kimi, həyatda da, münasibətlərdə də səmimi bir ziyalıdır.
Qəlbi insanlığa sonsuz sevgi və məhəbbətlə dolu olan Tapdıq Əlibəylinin Duyğu nəvəsinin müəllimi olduğum üçün qürur duyuram və elə bu ovqatla da şairi 60 illiyi münasibətilə təbrik edir, ona həyat gözəllikləri, yaradıcılıq uğurarı diləyirəm.

SEVİL ƏLİYEVA,
Bakı şəhər Yuri Kovalyov adına 229 saylı tam orta məktəbinin müəllimi.

TAPDIQ ƏLİBƏYLİ ŞEİRİYYƏTİ - TORPAĞIN SƏSİ