Elçin Quliyev «Sərhədçi»nin idmançıları ilə görüşüb » Memur.az

Elçin Quliyev «Sərhədçi»nin idmançıları ilə görüşüb

Elçin Quliyev «Sərhədçi»nin idmançıları ilə görüşüb

Dünən Dövlət Sərhəd Xidmətinin Aparatında «Sərhədçi» idman olimpiya mərkəzinin idmançıları və məşqçilərlə görüş keçirilib.

DSX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşun­la­rı­nın Komandanı general-polkovnik Elçin Quliyev Birinci Avropa Oyunları­nın böyük uğurla keçiril­məsinin dövlətimizin beynəlxalq nüfuzunun güclənməsi, ölkədə idmanın inkişafı üçün ciddi əhəmiyyət kəsb etməsini qeyd edərək qaza­nılmış möhtəşəm qələbələr münasibətilə idmançıları təbrik edib.
Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə yarışlara gələrək idmançılarımıza dəstək verməsinin, qalib gəlmiş idmançılara medalları şəxsən təqdim etməsinin böyük ruh yüksəkliyi və əzmkar­lıqla qarşılanması xüsusi qeyd olunub.

Sərhədçi idmançıların gələcək yarışlara hazırlıq və uğurlu iştirak məsələlərinə həsr olunmuş görüşdə «Sərhədçi» idman olimpiya mərkəzinin məsul vəzifəli şəxslərinin məruzələri dinlənilmiş, 2009-cu ildə Prezident İlham Əliyevin açılışını etdiyi «Sərhədçi» idman olimpiya mərkəzinin bu illər ərzində paytaxt sakinlərinin, xüsusən də gənclərin sevimli idman ocağına çevrilməsi, mərkəzdə 17 mindən artıq idman həvəskarının məşq etməsi, mərkəzin idmançılarının dünya və Avropa birincilik­lərində, beynəlxalq və respublika turnirlərində 375 qızıl, 270 gümüş, 404 bürünc medal qazanmaları və bu göstəricilərin ildən-ilə artım dinamikası müsbət nailiyyət kimi qeyd olunub.

Görüş zamanı Birinci Avropa Oyunlarında və digər mötəbər beynəlxalq yarışlarda qalibiyyət qazanmış sərhədçilərə medallar, ilkin və növbəti hərbi rütbələr təqdim olunmuş, idmançılara hərtərəfli şəraitin yaradılması və zəruri dəstəyin göstərilməsi barədə müvafiq tapşırıqlar verilib.