Tarix : 2-11-2020, 23:02 | Bölmə: Sosial

Baş prokuror Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşübNoyabrın 2-də Baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qonağı səmimi salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, bu əlaqələrin günü-gündən daha da inkişaf etdiyini qeyd edib.

K.Əliyev sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini bildirib. Xüsusilə vurğulanıb ki, ümumilikdə mülki əhalidən 91 nəfər həlak olub, onlardan 27-i qadın, 11-i uşaq olub, 404 nəfər yaralanıb, onlardan 102-i qadın, 50-i uşaq olub, 2488 yaşayış evinə, 97 çoxmərtəbəli binaya və 461 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Kamran Əliyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin tərkibində digər ölkələrdən cəlb edilmiş muzdlu şəxslərin döyüş əməliyyatlarında iştirak etmələri, həmçinin, xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində başlanmış  cinayət işləri barədə qonağa məlumat verib.

Baş prokuror, səfir Ceyms Şarpa Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etməsinə, habelə Birləşmiş Krallıq tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə zərər çəkmiş mülki şəxslərimizə göstərdikləri maliyyə dəstəyinə görə də öz təşəkkürünü bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Böyük Britaniyanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini qeyd edib.

Səfir ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına əsasən həllinin vacibliyini diqqətə çatdırıb.

Konflikt zamanı mülki şəxslərin, xüsusən də münaqişə zonasından kənarda yaşayan dinc əhalinin həlak olmasına görə məyus olduğunu bildirərək, ölkəsi tərəfindən bu kimi halların daim qətiyyətlə pislənildiyini diqqətə çatdırıb.

Daha sonra hər iki ölkənin prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə əməkdaşlıq, hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər