ETSN-dən qumruların kütləvi ölümü ilə bağlı məsələyə münasibət - RƏSMİ » Memur.az

ETSN-dən qumruların kütləvi ölümü ilə bağlı məsələyə münasibət - RƏSMİ

ETSN-dən qumruların kütləvi ölümü ilə bağlı məsələyə münasibət - RƏSMİ“Paytaxt ərazisində quşların kütləvi şəkildə ölməsi faktı böyük ehtimalla qida zəhərlənməsi səbəbindəndir”.

Bu barədə Memur.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktoru Hikmət Əlizadə sosial şəbəkədə paytaxt küçələrindən birində göyərçinlərin kütləvi şəkildə ölməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, quşlar arasında xəstəliklər xüsusilə payız fəslində başqa ölkələrdən Azərbaycan ərazisinə gələn köçəri quşlar vasitəsilə gündəmə gəlir:

“Bilirsiz ki, Azərbaycan mühüm miqrasiya dəhlizinin üzərində yerləşir. Köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi əhəmiyyətli təbiət əraziləri ciddi mühafizə olunur. Payız fəslində ölkə ərazisinə müxtəlif ölkələrdən milyonlarla quşlar gəlir ki, bu zaman bəzi xəstəliklərin yayılma ehtimalı ola bilir. Lakin hazırda mart ayının son günlərini yaşayırıq. Artıq köçəri quşlar ölkəni tərk edir. Bu səbəbdən quşlar arasında hər hansı xəstəliklərin müşahidə edilməsi mümkün deyil.

Digər tərəfdən hazırda ölkə ərazisində karantin dövrüdür. Bundan əvvəl həmin çöl göyərçinləri insanlar tərəfindən yemlənirdi. Kimisi çörək, kimisi dən atırdı və onlar bu şəkildə qidalanırdı. Bu gün isə küçələrdə insanların sayı azaldığı üçün quşlar zibil qutularından nə tapsa onunla qidalanır. Ehtimal ki, quşlar köhnə yemlərdən yeyib və ya kütləvi şəkildə aparılan dezinfeksiya zamanı üzərinə  dezinfeksiyaedici məhlul düşən çörək və ya dən yeyiblər. Bu səbəbdən də zəhərlənib. Bu ehtimal da ola bilər”.

H.Əlizadə onu da əlavə edib ki, məsələ ilə bağlı dəqiq informasiyanı laboratoriya şəraitində aparılan araşdırmalardan sonra demək olar:

“Mövcud vəziyyətlə bağlı insanlar çox narahatdır. Bu səbəbdən istənilən məsələyə həssas yanaşırlar.  Ona görə quşların hansı səbəbdən ölməsi ilə bağlı dəqiq məlumatı ölkədə fəaliyyət göstərən aidiyyəti qurumların müxtəxəssisləri verə bilər. Əgər ölü quşların cəsədləri həmin qurumların laboratoriyalarına təhvil verilsə.

Sözügedən məsələ ilə bağlı məlumatı görən kimi Azərbaycanın bütün Milli park, qoruq ərazilərindəki əməkdaşlarla əlaqə saxladıq. Çünki mart ayının əvvəlindən Azərbaycanın Milli park və qoruq ərazilərində vəhşi təbiətdə müşahidələr aparılır. Kütləvi heyvan ölüsü, quş ölüsü ilə bağlı faktlar olanda, dərhal bu barədə bizə məlumat verilir. Əlimizdə olan son məlumata görə, dəniz sahillərində, meşə ərazilərində quşların, heyvanların kütləvi ölümü ilə bağlı heç bir fakt qeydə alınmayıb. Məhz bu səbəblərdən düşünürük ki, şəhər ərazisində quşların kütləvi ölməsi qida zəhərlənməsi ilə bağlı ola bilər”.