Prezident Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər etdi » Memur.az

Prezident Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər etdi

Prezident Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər etdi

Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklər edilməsi barədə qanunu təsdiqləyib.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, qərara əsasən, Məcəllənin 11.2-ci maddəsində “14.1-ci” sözləri “11.1-ci” sözləri ilə əvəz edilib.

75.1-ci maddənin üçüncü cümləsinə “11-ci maddəsinə” sözlərindən sonra “, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə” sözləri əlavə olunub. 75.4-cü maddənin ikinci cümləsində “1 ay” sözləri “15 gün” sözləri ilə əvəz edilib.

75.6-cı maddənin birinci cümləsinə edilən dəyişikliyə əsasən, “Müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir”.

Məcəlləyə aşağıdakı məzmunda 80.1-1-ci maddə əlavə edilib:
“80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur”.

80.2-ci maddədə “yaşayış evlərinin”, 80.3-cü maddədə, 80.4-cü maddənin birinci cümləsində və 80.5-ci maddədə “yaşayış evinin” sözləri “tikinti obyektlərinin” sözləri ilə əvəz edilib.

80.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə olunub: "Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır”.

80.4-cü maddənin ikinci cümləsində “3 ay” sözləri “1 ay” sözləri ilə, 82.2-ci maddədə “3 ay” sözləri “1 ay” sözləri ilə əvəz edilib.