Roberto Bordin: Böyük ajiotaj olacağını təsəvvür edirəm » Memur.az

Roberto Bordin: Böyük ajiotaj olacağını təsəvvür edirəm

Roberto Bordin: Böyük ajiotaj olacağını təsəvvür edirəmUEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 21:00-da Tulada “Arsenal” mərkəzi stadionunda keçiriləcək “Arsenal” – “Neftçi” oyunu öncəsi “Neftçi”nin baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Əvvəlcə təcrübəli futbolçu oyun haqda fikirlərini bildirib: “Çox ciddi hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Bura qələbə qazanmağa gəlmişik. Bunun üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm, evə müsbət nəticə ilə dönəcəyik”.

Mahmudov jurnalistlərin suallarını da cavablandırıb: “Məncə, bizdəki əcnəbilərlə “Arsenal”ın legionerləri arasında elə böyük fərq yoxdur. Rusiya çempionatının ikinci “8-liy”ində qərarlaşanlarla bizim legionerlər eyni səviyyədədirlər. Təbii ki, Rusiya top-klublarında legionerlər bizimkilərdən daha güclüdürlər. Kirill Kombarovla 2 il bir yerdə oynamışıq. Əlbəttə, sabah həm onunla, həm digər oyunçularla, həm də ikinci və üçüncü məşqçilərlə görüşüb, danışacağam. Çoxdandır əlaqə saxlamırıq. Köhnə dostlara qarşı oynamaq xoş olacaq”.

Sonra söz baş məşqçiyə verilib: “Bu gün ciddi rəqiblə qarşılaşacağıq. “Arsenal”ın Rusiya çempionatındakı son iki matçını izləmişik. Yaxşı oynayıblar. Rəqibin texniki və fiziki cəhətdən üstünlükləri var”.

İtaliyalı mütəxəssisin KİV nümayəndələrinin suallarına cavabı belə olub: “Uçuşun gecikməsi yalnız həmin günə təsir edə bilər. Məşqin vaxtını dəyişməli olduq. Bununla belə, yüngül məşqdən sonra artıq bugünkü oyuna hazır olacağıq. Əlbəttə, qol buraxmamaq çox yaxşı olardı. Əvvəl də dediyim kimi, “Arsenal” güclü komandadır və hazırda çox yaxşı formadadır. Unutmayaq ki, bizi Bakıda cavab oyunu da gözləyir. Düzgün oynayıb, sabah şanslarımızdan istifadə etməyə çalışacağıq. Təbii ki, çətin olacaq. Həm də “Arsenal”ın avrokuboklarda ilk dəfə mübarizə aparacağını nəzərə alsaq, tribunalarda böyük ajiotaj olacağını təsəvvür edirəm. Bu oyuna düzgün hazırlaşmaq üçün bir həftə vaxtımız olub. Əlbəttə, qapımızı toxunulmaz saxlamaqla və qol vurmaqla öz oyunumuzu göstərmək istəyirik. Bəli, meydan amili rəqibin üstünlüyüdür, amma sonra eyni üstünlük bizdə də olacaq. “Neftçi” tarixi klubdur və yaxşı nəticə qazanmaq istəyir. Düşünmürəm ki, bu gün yağış yağsa, həm bizdə, həm də rəqibdə taktiki planlar dəyişsin. Sadəcə, sürət daha yüksək olacaq”.