İran prezidenti: Qəzvin-Rəşt dəmir yolunun Azərbaycana kimi uzadılması önəmlidir » Memur.az

İran prezidenti: Qəzvin-Rəşt dəmir yolunun Azərbaycana kimi uzadılması önəmlidir

İran prezidenti: Qəzvin-Rəşt dəmir yolunun Azərbaycana kimi uzadılması önəmlidir“Qəzvin-Rəşt dəmir yolu xəttinin Gilan əyalətinə çatdırılması önəmlidir, lakin bu dəmir yolu xəttinin Azərbaycan Respublikasına kimi uzadılması daha da önəmlidir”.

Bunu İran prezidenti Həsən Ruhani bu gün Qəzvin-Rəşt dəmir yolu xəttinin istismara verilməsi münasibətilə təşkil olunan mərasimdə çıxışında bildirib.

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

H.Ruhani qeyd edib ki, bu gün İran, Gilan əyaləti və qonşu ölkələr üçün tarixi bir gündür: “Dost ölkə olan Azərbaycan, Pakistan və İraqa təşəkkür etməliyik ki, bu gün onlar da bizimlə bu mərasimdə iştirak edirlər”.

Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün sazişin imzalandığını bildirən H.Ruhani bu önəmli layihənin icrasına tezliklə başlanacağına ümid etdiyini deyib:

“Prezidentlər İlham Əliyev və Vladimir Putinlə üçtərəfli görüşümüzdə bu dəmir yolu xəttinin önəmi və yüklərin Rusiyaya daşınması ilə bağlı geniş potensialından danışdıq. Bu dəmir yolu xətti Avropa, Qərb, cənub ölkələri və hətta Afrika üçün böyük önəm daşıyır”.

“Rəşt-Qəzvin dəmir yolu xətti ilə sərnişinlər 4 saata Tehrana çata bilərlər” - deyən H.Ruhani qeyd edib ki, turizmin inkişafı və yükdaşımaları baxımından da bu layihə çox önəmlidir.

Qeyd edək ki, martın 6-da İranda Qəzvin-Rəşt dəmir yolu xəttinin açılış mərasimi keçirilib. Tədbirdə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami, Gilan valisi Mustafa Salari iştirak ediblər.