"Mən faizə işləyirəm" » Memur.az

"Mən faizə işləyirəm"

"Mən faizə işləyirəm"

Ağdaş rayonunun Yenicə kənd sakini Şıxı Şıxıyev 6 ildir çəltik dəyirmanı işlədir.

Memur.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, o, çəltiyi əkib-becərmək kimi, onu hazır düyü halına gətirməyin də çətin olduğunu deyir.
Dəyirmançı bildirir ki, bu il çəltikçilikdə məhsuldarlıq aşağı, yığılan məhsulda isə alaq çox olub. Əldə edilən məhsulun içərisində başqa bitkilərin olması isə onun işini çətinləşdirir. Çəltiyi 3 dəfə təmizləmək məcburiyyətində qalır.

Şıxı Şıxıyev deyir ki, il ərzində yalnız çəltik yığımından sonrakı dövrə təsadüf edən oktyabr, noyabr aylarında işi olur. Digər vaxtlarda dəyirman işləmir. İşinin müqabilində isə hər bir kiloqram hazır düyüyə görə 6 qəpik alır: "Mən elə bil ki, çəltiyin faizinə işləyirəm. 1 ton çəltikdən tutaq ki, 200 kloqram, 500 kiloqram düyü çıxır. Mən də düyünün kiloqramına görə 6 qəpik alıram".
Dəyirmançının sözlərinə görə, bu düyünün alıcısı həmişə çox olub. Düyünün 1 kiloqramı isə 80- 90 qəpik civarındadır.