Prezident İlham Əliyev İsgəndərriyə Kitabxanasının direktoruna "Dostluq" ordeni verib » Memur.az

Prezident İlham Əliyev İsgəndərriyə Kitabxanasının direktoruna "Dostluq" ordeni verib

Prezident İlham Əliyev İsgəndərriyə Kitabxanasının direktoruna "Dostluq" ordeni verib

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib. Lent.az prezidentin saytına istinadən xəbər verir ki, dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü deyib və ordeni ona təqdim edib.

İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını ifadə edib və bundan böyük şərəf hissi duyduğunu deyib. Nizami Gəncəvini Azərbaycanın bəşəriyyətə töhfəsi kimi dəyərləndirən qonaq İsgəndəriyyə Kitabxanasının Nizami Gəncəvi ilə bağlı ərəb dilində mükəmməl bir kitab hazırladığını deyib və kitabın ilk nüsxəsini prezident İlham Əliyevə təqdim edib. İsmail Serageldin bildirib ki, mərkəzin məqsədi təkcə böyük siyasətçilərin görüşlərini təşkil etməkdən ibarət deyil. Əsas məqsəd həm də istənilən şəxsin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi haqqında biliklər əldə etməsinə imkan yaratmaqdan ibarətdir.

Dövlət başçısı İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi İsmail Serageldinin fəaliyyətini yüksək qiymətləndirib, mərkəzin artıq böyük beynəlxalq instituta çevrilməsinin önəmini qeyd edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.