Baba Rzayev: Yumruq kimi birliyi bizə bəxş edən sərkərdə » Memur.az

Baba Rzayev: Yumruq kimi birliyi bizə bəxş edən sərkərdə

Baba Rzayev: Yumruq kimi birliyi bizə bəxş edən sərkərdə

Baba Rzayev
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

“...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Heydər Əliyev


“Üzük qaşı ilə tanınar” – deyib aqillər. Bəli, bunda böyük hikmət, məna var. Həqiqətən də, xalq, millət, dövlət özünün layiq olduğu rəhbəri ilə, lideri ilə tanınır. Belə bir xoşbəxtliyi Allah-təala Azərbaycan xalqına da bəxş edib.

Dünya miqyasında öz xüsusi çəkisi, yeri olan İlham Əliyev xalqını dünyaya tanıdan, özü də yeni bir tarix yazan liderlərdən, sərkərdələrdəndir.

Tarix boyu Azərbaycanda çox hökmdar, rəhbər, prezident olub. Şah İsmayıl Xətaidən sonra yeganə başçıdır ki, işğalda olan torpaqlarımızı geri alıb, düşmənləri bu ərazidən çıxarıb. Bu günümüzün reallığı, qazandığımız hərbi zəfərimizdir.

200 ilə yaxındır ki, bədnam, qəsbkar, mənfur və mənhus qonşularımız – erməni faşistləri xalqımıza qənim kəsilib, torpaqlarımıza göz dikib. Tarixin bütün dönəmlərində öz havadarlarının – böyük dövlətlərin dəstəyi və himayəsi ilə zaman- zaman Vətən torpağımızı işğal və ilhaq edərək, xalqımızı etnik təmizləməyə, soyqırıma məruz qoyublar. Özlərini cəzasız görən erməni millətçiləri daha da azğınlaşaraq, bu iyrənc siyasətlərini davam etdiriblər.

Son 30 il ərzində erməni faşistlərinin doğma torpaqlarımızda həyata keçirdiyi vəhşiliklər isə heç bir çərçivəyə, əndazəyə sığmır. Onlara xalqımız tərəfindən tutarlı, həlledici zərbə vurulmasının vaxtı gəlirdi...

Bu vaxt isə özünü çox gözlətmədi.

2020-ci ilin sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin münaqişə zonasında təmas xəttini pozaraq mövqelərimizə etdikləri hücuma cavab olaraq müzəffər, nizamlı Azərbaycan ordusu əks hücuma keçərək düşmənə ard- arda ağır zərbələr endirərək,onları böyük insan və ərazi itkisinə məruz qoydular.

Hərbi sənayemizin inkişafına böyük diqqət yetirən ölkə başçısı İlham Əliyevin Milli ordumuzu dünya standartlarına cavab verən müasir hərbi texnika ilə təmin etməsi əlbəttə ki, düşmənə endirilən sarsıdıcı zərbələrdə öz sözünü dedi. Dəmir intizamlı, nizamlı ordu Ali Baş Komandanın qətiyyətli iradəsi və düşünülmüş əmrləri ilə uğurlu hərbi əməliyyatlar aparmağa zəmin yaratdı. Arxa cəbhədə, cəmiyyətdə, xalqın, bütün siyasi partiyaların, müxalifətin birliyinə nail olaraq, onların respublika Prezidenti-Ali Baş Komandan ətrafında sıx birləşməsi, yəni Xalq-Dövlət-Ordu birliyi zəfərə, qələbəyə aparan yolda mayak rolunu oynadı. ...

Bəli, uğur dalınca uğur, zəfər dalınca zəfər bizi müşayiət etdi. 30 il həsrətində olduğumuz Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının və bir çox yaşayış məntəqəsinin düşməndən geri alınması qələbəyə gedən yolumuzu daha da tezləşdirdi. 30 il bizi, dünya ictimayyətini, ATƏT-in Minsk qrupunu aldadan Ermənistan rəhbərliyi sözdə sülh tərəfdarı olduğunu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkünlüyünü bəyan edirdi, əməldə isə tam əksinə, Dağlıq Qarabağda, Füzulidə, Cəbrayılda, Ağdamda, Ağdərədə beton konstruksiyalı, müasir, müdafiə istehkamları quraraq, torpaqları qaytarmamaq üçün bədnam, hiyləgər planlarını həyata keçirirdi. Ağır itkilər, şəhidlər hesabına bu istehkamlar dağıdıldı, düşmənin 60 % hərbi texnikası, minlərlə əsgər və zabiti məhv edildi, çox sayda hərbi texnika və silah-sursat qənimət olaraq götürüldü.

Torpaqlarımızın düşmən tapdağından alınmasındakı bütün zəfərlərimiz dəyərlidir, tarixi əhəmiyyət kəsb edir. Lakin, zəfərimizin, qalibiyyətimizin zirvəsi Azərbaycanın mədəniyyət beşiyi, konservatoriyası, Qarabağın mirvarisi qədim Şuşa şəhərinin-alınmaz qalanın düşməndən azad olunması sayılır. Noyabr ayının 8-də Şuşanın işğaldan azad olunması bütün nisgilliyə, kədərə, həsrətə, ümidsizliyə, bədbinliyə, intizar və yaşlı gözlərə son qoydu, bizim qələbəni elan etməyimizə, düşmənin kapitulyasıyasına nail olmağımıza həlledici təsir göstərdi.

Elə noyabrın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Prezidenti Nikol Paşinyanın birgə imzaladıqları Bəyanata uyğun olaraq hərbi münaqişəyə son qoyuldu. Əldə olunan razılığa görə işğaldan azad etdiyimiz bütün torpaqlar və yaşayış məntəqələri bizə qaldı. Dekabr ayının 1-nə kimi isə heç bir döyüş-əməliyyat aparılmadan Ağdam, Kəlbəcər və Laçın rayonu Azərbaycana qaytarılır. Laçın koridoru və ayırıcı zolağa Rusiya Federasiyasının sülhməramlı qüvvələri yeridilir. Onlar 5 il müddətində təhlükəsizliyi təmin etmək, mandatına malikdirlər. Bu, Ermənistan Respublikasının tam kapitulyasiyası, Azərbaycan Respublikasının, Azərbaycan xalqının isə gözlənilən qələbəsi deməkdir.

Tam məsuliyyətlə demək olar ki, bu döyüşdə müzəffər Azərbaycan ordusu şanlı tarix yazdı. Hətta bir çox xarici hərbi ekspert Azərbaycan ordusunun hərbi yeniliklərə imza atmalarını xüsusi vurğulayırlar. Azərbaycan ordusu müasir dövrdə müasir silahlardan istifadə edərkən zəfər çalan bəlkə də ilk ordudur. Qətiyyətlə söyləyə bilərəm ki, bu şanlı tarixin yazılmasının əsas memarı- Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevdir.

Cənubi Qafqazda qalibiyyətin ilk sahibi olan İlham Əliyev xalqı, bütün siyasi, müxalif qüvvələri ətrafında bir araya yığaraq, yumruq şəklində birlik nümayiş etdirdi. Tarixi qələbəni bizə bəxş etdi. Cənab Prezident informasiya cəbhəsini, diplomatik səddləri aşdı, xalqın haqq səsini dünyaya çatdırdı, ədalət sərgilədi. BMT-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qəbul etdiyi məlum 4 qətnaməni təkbaşına icra etdirdi. Xalqın məhəbbətini, sevgisini əbədi olaraq özünə yoldaş, həmdəm etdi. Xalq qəhrəman, xilaskar, sərkərdə oğlu ilə fəxr edir, qürur hissi keçirir. O, şəhidlərimizin qanının yerdə qalmaması üçün, tarixi dədə-baba torpaqlarımızın işğaldan azad olunaraq, müstəqil Azərbaycan Respublikasının 3 rəngli, ay-ulduzlu bayrağının o müqəddəs Vətən torpaqlarında yenidən dalğalandırılması üçün bütün var-qüvvəsini əsirgəmədi.

Bu gün biz qürurla, başı dik, alnı-açıq, üzü-ağ gəzə bilirik. Bu xoşbəxtliyi isə bizə cənab Prezident- Ali Baş Komandan İlham Əliyev bəxş edib.

Onun müdrikliyi, uzaq görənliyi, qətiyyəti sayəsində Azərbaycan xalqı qalib xalq kimi dünya birliyində Günəş kimi doğdu.

Eşq olsun, dahilər, sərkərdələr, qəhrəmanlar, igid nər oğullar yetişdirən Azərbaycan xalqına!

Bizə qələbənin, zəfərin sevincini yaşadan, xalqımıza birlik bəxş edən İlham Əliyevə minnətdarlıq, təşəkkür fikirləri səslənməkdədir. Mən də bir qələm sahibi, jurnalist, vətəndaş kimi Milli Məclisə aşağıdakı təklifi təqdim etmək istəyirəm:

İlham Əliyevə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilsin.
Azərbaycan Respublikasının hərbi rütbələr siyahısına yeni rütbə-Azərbaycan Respublikasının Marşalı hərbi rütbəsi təsis edilsin və İlham Əliyev bu rütbə ilə təltif edilsin.
Bakıda dağüstü parkda, eləcə də Şuşada yüksəklikdə İlham Əliyevin möhtəşəm heykəli ucaldılsın.


Bu istək, arzu səmimiyyətdən, cənab İlham Əliyevə olan ümumxalq sevgisindən, hörmət və ehtiramdan, inamdan, fəxarətdən, qürur hissindən doğur. Əgər bu təkliflər həyata keçərsə, o halda özümü çox xoşbəxt sanaram.

Cənab Prezident, Ali Baş Komandan, Xilaskar və Sərkərdə. Şairin fikirlərinə istinad edərək, Sizə xitam edirəm: “Əgər Azərbaycan cəmiyyəti bir dairəvi üzükdürsə, üstünün ən böyük, qiymətli qaşı- gövhəri Sizsiniz”.


Allah Sizi qorusun!

Qarabağ Azərbaycandır!