Azərbaycan Avropa Məhkəməsinin hakimi vəzifəsinə yeni namizədlər göndərməlidir » Memur.az

Azərbaycan Avropa Məhkəməsinin hakimi vəzifəsinə yeni namizədlər göndərməlidir

Azərbaycan Avropa Məhkəməsinin hakimi vəzifəsinə yeni namizədlər göndərməlidir

Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Azərbaycanı təmsil edəcək yeni hakim vəzifəsinə seçkilərin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyalarında keçiriləcəyi gözlənilir.

APA-nın AŞPA katibliyindən aldığı məlumata görə, Azərbaycan tərəfinin quruma göndərdiyi üç namizəddən ibarət ilk siyahı qəbul olunmadığı üçün Azərbaycan yeni namizədlər siyahısını göndərməli və namizədlər yenidən bütün prosedur qaydalarından keçməlidir. Yeni hakim vəzifəsinə seçkilərin AŞPA-nın növbəti sessiyalarından birində baş tutacağı bildirilir. Məlumata görə, Assambleyanın oktyabr sessiyasına kimi vaxt çatmazsa, seçkilərin AŞPA-nın yanvar sessiyasında da keçirilməsi ehtimalı böyükdür.

Qeyd edək ki, AİHM-nin hazırkı azərbaycanlı hakimi Xanlar Hacıyevin bu vəzifədəki səlahiyyətləri bu ilin oktyabr ayında sona çatır. Ancaq yeni hakim seçkiləri AŞPA-nın yanvar ayında keçiriləcək qış sessiyasına qalarsa, o zaman Xanlar Hacıyev yeni hakimin seçilənə qədər öz vəzifəsində qalacaq.

Xatırladaq ki, ötən həftə AŞPA komitəsi Azərbaycan tərəfinin AİHM hakimliyinə irəli sürdüyü üç namizəddən (Azərbaycan hökumətinin Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayeva, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Vüsalə Baxışova) ibarət siyahını təsdiq etməyib. Bu, namizədlərin kifayət qədər iş təcrübələrinin olmaması ilə izah edib. Assambleya Azərbaycan hökumətindən onlara yeni namizədlər siyahısını hazırlayıb göndərməsini xahiş edib.