1 saylı Şəhər Xəstəxanasından qaçan xəstələr Sultan Əliyev etdiyi əməllərdə kimə arxayındır? » Memur.az

1 saylı Şəhər Xəstəxanasından qaçan xəstələr Sultan Əliyev etdiyi əməllərdə kimə arxayındır?

1 saylı Şəhər Xəstəxanasından qaçan xəstələr Sultan Əliyev etdiyi əməllərdə kimə arxayındır?

Bu gün paytaxt ərazisində, həmçinin bölgələrimizdə elə səhiyyə ocağı yoxdur ki, oradan ya şikayət, yaxud da hansısa məlumat daxil olmasın. Son bir neçə ildir ki, səhiyyə sahəsinə diqqətin artırılmasına, yeni xəstəxanaların tikilib istifadəyə verilməsinə, köhnələrin isə, təmir edilməsinə baxmayaraq, bu gün mövcud problemlər daha da aktuallığını qorumaqdadır. Hətta deyərdik ki, bu gün daxil olan şikayətlər daha da artmaqdadır.

Səbəbi isə, ilk olaraq, məsuliyyətsiz həkimlərin bu gün fəaliyyət göstərməsi və öz mənfəətlərini güdməsi göstərilir. Həmçinin dövlət xəstəxanalarında vətəndaşların incidilməsi, lazımi xidmətin göstərilməməsi, özəl xəstəxanalara nisbətən xərcin daha çox çıxması gündəmdən düşməyən məsələlərdəndir. Bu gün yenidən səhiyyə mövzusunu işıqlanıdrmağımız da əbəs deyil. Təbii ki, bizlər hər zaman daxil olan şikayətləri işıqlandırmağa və vətəndaşların problemlərinin həll edilməsinə çalışırıq. Onu da qeyd edək ki, səhiyyə sahəsindən daxil olan şikayətlərə və həmin şikayətlərin işıqlandırılmasına baxmayaraq, mövcud problemlərin həlli istiqamətində heç bir irəliləyiş yoxdur. Bu gün qeyd edəcəyimiz səhiyyə ocağından artıq dəfələrlə redaksiyamıza şikayətlər daxil olub ki, bizlər də həmin şikayətləri hər dəfə işıqlandırmağa çalışmışıq. Sözü uzatmadan qeyd edək ki, daxil olan şikayət, illərdir ən çox müzakirə obyektinə çevrilən, narazılıqların ardı-arası kəsilməyən, el arasında "Semaşko" kimi tanınan 1 saylı Şəhər Xəstəxanasındandır. Xəstəxanada meydana gələn nöqsanlar və keçmiş baş həkim Tərlan Bəbirovun imza atdığı saysız-hesabsız qanunsuzluqlarla bağlı mətbuat səhifələrində kifayət qədər yazılar dərc olunmuşdu. Və bu gün də analoji durum davam edir. Bildiyimiz kimi, 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov bir neçə ay öncə nazirliyin qərarı ilə vəzifəsindən kənarlaşdırıldı. Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə isə Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev təyin olunub. Sultan Əliyev uzun müddət nazirlikdə şöbə müdiri işləyib. Amma bu gün Tərlan Bəbirovun rəhbərliyi dövründə yaşanan problemlər hələ də qalmaqdadır. Görünür, keçmiş baş həkimin qoyduğu qaydalar Sultan Əliyevə sərf edir. Əks təqdirdə Tərlan Bəbirovun dövründə baş qaldıran qanunsuzluqlar, özbaşınalıqlar bu gün sözügedən xəstəxanada hökm sürməzdi. Ümumiyyətlə, yolu sözügedən xəstəxanadan düşən hər kəs burada vəziyyətin əvvəlkindən də betər olduğunu iddia edir. Redaksiyamıza daxil olan məlumatlara görə, tibb müəssisəsində səhiyyə sahəsində mövcud olan qanunlar demək olar ki, işləmir. Daha dəqiq desək, baş həkim mövcud qanunların qüvvəyə minməsinə imkan yaratmır. Əldə etdiyimiz son məlumatlara görə, xəstəxananın Travmatologiya şöbəsi demək olar ki, hazırda boşdur. Vəziyyətin bu şəkil almasının başlıca səbəblərindən biri xəstələrin müalicə prosesindən razı qalmamasıdır. Qeyd edilir ki, xəstəxananın Travmatologiya şöbəsində yatan xəstələrin öz müalicələrini yarımçıq qoyaraq, özəl xəstəxanalara üz tuturlar. Səbəb isə müalicə xərclərinin özəl klinikalardan çox baha başa gəlməsidir. Yəni "Semaşko"da xəstəxana həkimlərinin səriştəsizliyi, müalicənin effektsizliyi səbəbilə ikiqat xərcə düşürlər. İllərlə xəstəxana yollarında qaldıqlarını bildirən xəstə yaxınları özəl klinikaların daha məqsədəuyğun olduğu qənaətindədirlər. Deyilənə görə, xəstəxanada maddi qarşılıq olmadan normal tibbi xidmət görmək demək olar ki, mümkün deyil. Dövlət hesabına maliyyələşən bir müəssisədə belə halların ortaya çıxması isə, ilk olaraq, səhiyyənin necə durumda olmasının göstəricisidir. 1 saylı Şəhər Kliniki Xəstəxanasının rəhbəri Sultan Əliyevin kimin tərəfindən himayə olunmasına gəlincə isə, əldə etdiyimiz məlumatlara görə, onun yuxarılarda adamı var. Elə bu səbəbdən də bir neçə ay öncə təyinat almasına baxmayaraq, rəhbərlik etdiyi səhiyyə ocağında istədiyi kimi davranır və öz qanunlarını həyata keçirir. Bu isə təbii ki, yolverilməzdir.




A.Səfərli