Əhalinin içməli su təminatı daim diqqətdə olan məsələdir » Memur.az

Əhalinin içməli su təminatı daim diqqətdə olan məsələdir

Əhalinin içməli su təminatı daim diqqətdə olan məsələdir
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda cənab Prezident bildirir ki, əhalinin içməli su təminatı daim diqqətdə olan məsələdir və bu istiqamətində böyük işlər görülüb, uğurlu nəticələr əldə olunub.
Əvvəlcə onu qeyd etmək istərdim ki, regional inkişaf proqramlarının icrası bölgələrimizin tərəqqisinə, əhalinin sosial-rifahının yüksəldilməsinə, ümumilikdə ölkəmizin qüdrətlənməsinə mühüm töhfələr verib. Son 16 ildə bölgələrimizin mənzərəsi nəzərəçarpacaq dərəcədə dəyişib. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin böyüməsi, abadlaşması, yeni istehsal, emal və xidmət müəssisələrinin fəaliyyətə başlaması regionlarda həyat səviyyəsinin yüksəlməsindən xəbər verir. Bu istiqamətdə görülmüş işlərə “Azərsu” ASC də öz töhfələrini verib. Möhtərəm Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq mühüm layihələr icra edilib.
Son illər icra edilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi istismara verilib. Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmzləyici, Külüllü, Qızılqaya, Göygöl suqəbuledici qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri və bu kimi digər layihələr Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə, onların sağlamlığının qorunmasına verilmiş ən böyük töhfədir.
İndiyə qədər su təchizatı layihələrinin icrasına başlanılan 49 şəhər və rayon mərkəzinin 38-dəsu şəbəkələrinin tikintisi başa çatdırılıb. Şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənd və qəsəbənin içməli su problemi öz həllini tapıb.
Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib. Görülmüş işlərin real nəticəsi olaraq mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə, fasiləsiz su alanların xüsusi çəkisi isə 4,8 dəfə artıb. Beləliklə, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 69 faizi, regionlarda isə 44 faizə yaxını fasiləsiz içməli su ilə təmin olunur.
İçməli su təchizatı və kanalizasiya sektorunda görülmüş işlər daha da sürətlənib. Yeni iqtisadi şəraitin çağırışlarına uyğun olaraq əvvəlki illərdə başlanılmış layihələr davam etdirilməklə yanaşı, yeni layihələrə də start verilib ki, bu da ölkə rəhbərliyinin infrastrukturun inkişafına xüsusi diqqət və qayğısından xəbər verir. Ötən il möhtərəm Prezidentin işrirakı ilə Xaçmaz və Xızı şəhərlərində, həmçinin Altıağac qəsəbəsində su və kanalizasiya şəbəkələri, Mingəçevir və Astara şəhərlərində isə içməli su şəbəkələri istismara verildi. Eyni zamanda Ağcabədi və Daşkəsən şəhərlərində su və kanalizasiya, Biləsuvar şəhərində kanalizasiya şəbəkələrinin tikintisi işləri yekunlaşdı. Ötən il cənab Prezident Mingəçevir, Tovuz, Ağstafa, Şirvan, Lerik, Ağdaş və Qəbələ şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması işlərinin davam etdirilməsi ilə bağlı sərəncamlar imzaladı.Bu sərəncamlar çərçivəsində həm yeni su mənbələrinin yaradılması, həm də şəbəkə infrastrukturunun genişləndirilməsi işləri həyata keçirildi. Qeyd etmək istəyirəm ki, qlobal istiləşmə və quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişiklikləri nəzərə alaraq Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri reallaşdırıldı. Bu olduqca vacib layihələr idi.
İldə Bakı şəhəri və Abşeron yarımadasında da bir sıra mühüm layihələr icra olundu. Avtomobil yollarının yenidən qurulması çərçivəsində Babək prospekti, Təbriz, Xiyabani, Mir Cəlal və Məsud Davudoğlu küçələrində su və kanalizasiya xətləri yeniləndi. Təkcə Babək prospektində icra olunan layihələr çərçivəsində 20 km magistral və şəbəkə su xətləri, 3,5 km kanalizasiya xətləri çəkildi. Bu layihənin tərkib hissəsi olaraq 41 Şərq anbarı ilə 82 Şərq su anbarının əlaqələndirilməsi məqsədilə 700 mm diametrli magistral xətt inşa edildi. Yeni yaradılmış infrastruktur NZS, UPD, Keşlə qəsəbələrində, eyni zamanda yeni salınan “Ağ şəhər”də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olub.
- Kəndlərdə içməli su layihələrindən danışarkən bəzi məqamlara diqqətinizi yönəltmək istərdim. Bildiyiniz kimi, respublikamızın kənd və qəsəbələrinin böyük əksəriyyətində mərkəzləşmiş içməli su infrastrukturu mövcud olmayıb. Regional inkişaf proqramları çərçivəsində içməli sudan əziyyət çəkən kəndlərin də problemləri mərhələli şəkildə həll edilir.
Bu sahədə işlər bir neçə istiqamətdə davam etdirilir. İlk növbədə, içməli su çatışmazlığının kəskin müşahidə olunduğu yaşayış məntəqələri müəyyənləşdirilir. Qeyd edim ki, bəzi kənd və qəsəbələr şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində içməli su ilə təmin olunur. Amma elə kəndlər də vardır ki, onlar şəhər mərkəzlərindən, su mənbələrindən və magistral xətlərdən uzaq məsafədə yerləşir. Bu halda həmin kəndlər üçün xüsusi layihələr icra olunur. Qaçqın və məcburi köçkünlərin, sərhəd bölgəsində yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxlayırıq. Bilirsiniz ki, su mənbələrimizin bir hissəsi işğal altındadır. Biz vaxtilə həmin mənbələrdən qidalanan kəndlərə indi alternativ mənbələrdən içməli suyun verilməsinə çalışırıq.
Son illərdə kəndlərin içməli su ilə təmin olunması istiqamətində işlər intensivləşib. Cənab Prezidentin17 mart 2017-ci il tarixli və 09 aprel 2018-ci il tarixli sərəncamlarına, eləcə də dövlət investisiya layihələrinə uyğun olaraq son 2 ildə içməli sudan ciddi əziyyət çəkən 211 kənddə işlər görülüb. Bu işlər çərçivəsində 900 km magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 2500 bulaq quraşdırılıb. Bununla da, 330 min insanın keyfiyyətli içməli suya çıxışı təmin edilib. Qeyd edim ki, bu kəndlərdə su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparılır və istifadə olunan suya görə əhalidən ödəniş tələb olunmur. Bu da cənab Prezidentin müəyyən etdiyi sosial siyasətin tərkib hissəsidir.Ötən ilin mart ayından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan modul tipli sutəmizləyici qurğular Cəmiyyətimizin xidmətinə verilib. Bunları da nəzərə alsaq, regionların inkişafı proqramının icrasına başlanandan bəri 1050 kənddə 1 milyon 400 mindən çox sakinin içməli su ilə təminatı əsaslı şəkildə yaxşılaşdırılıb.Həm kəndlərin, həm də faydalanan əhalinin sayı görülmüş işlərin miqyasını təsəvvür etməyə imkan verir. Kənd əhalisinin içməli suya çıxışını təmin etmək üçün layihələrin icrası bu il və gələcəkdə də davam etdiriləcəkdir.
- Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə istifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması barədə cənab Prezident tapşırıqlar vermişdi. Həmin tapşırıqlara uyğun olaraq 2017-ci ildə “Azərsu” ASC tərəfindən Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində suvarma layihələri icra edildi.
Bu gün də Bakını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edildi. Eyni zamanda, Padarçöldə su ehtiyatının toplanması və suyun optimal paylanması məqsədilə ümumi tutumu 50 min kubmetr olan açıq tipli anbarlar inşa edildi.
- Fəaliyyətimizin əsas istiqamətlərindən biri də istehlakçılara göstərilən müştəri xidmətlərinin səviyyəsinin yüksəldilməsi, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından maksimum istifadə etməklə müştəri məmnunluğunu təmin etməkdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, ölkə başçısının “Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” fərmanından irəli gələn tələblərə uyğun olaraq artıq 16 elektron xidmət hazırlanaraq vətəndaşların istifadəsinə verilib.Təkcə ötən il bu xidmətlərdən istifadə ilə bağlı 345 min müraciət qeydə alınıb və bu göstəriciyə görə “Azərsu” ASC dövlət təşkilarları arasında ilk beşlikdə yer alır.
Yeni texnologiyaların tətbiqi sahəsində son illər mühüm layihələr icra olunub və xeyli uğurlar əldə edilib. Son illər tətbiq olunan yeniliklər sırasında AzersuGİS, SCADA, MİS proqramlarını xüsusi qeyd etmək istərdim.
AzərsuCİS, yəni coğrafi informasiya sistemləri də bu sektorda tətbiq olunan əsas texnoloji yenilikdir. Bu sistem “Azərsu” ASC-yə aid bütün yeraltı və yerüstü infrastruktur obyektləri, qurğu və şəbəkələri haqqında məlumatlarının rəqəmsal xəritələrə işlənməsini, informasiyaların xüsusi proqram təminatı vasitəsilə emalını və müvafiq struktur bölmələrinin istifadəsinə verilməsini, istismar zamanı və qəza halları baş verərkən şəbəkə və təchizat yerinin dəqiq təyin edilməsini, coğrafi sorğu, təhlil və hesabatların hazırlanmasını təmin edir. İndiyədək bu sistemə 17100 km içməli su, 8130 km kanalizasiya və 241 km yağış suyu şəbəkəsi, 6210 ədəd qurğu və qurğu kompleksi, 536 min bina və tikilidaxil edilib.
- İçməli suyun keyfiyyəti məsələsi hazırda nəinki respublikamızda, hətta qlobal məkanda aktuallıq kəsb edir. Su təchizatının iki əsas məqsədi var - əhalinin içməli suya əlçatanlığına nail olmaq və keyfiyyətli su ilə təminat. Əhalinin içməli suya çıxışının təmin eilməsi istiqamətində gördüyümüz işlər barədə məlumat verdim. Suyun keyfiyyətinə gəlincə, bu sahədə də son illər xeyli işlər görülüb. Əminliklə deyə bilərəm ki, bu gün istər Bakı şəhəri və Abşeron yarımadası, istərsə də regionlarda əhaliyə verdiyimiz içməli sular qüvvədə olan standartlara tam uyğundur. “Azərsu” ASC xidmət təşkilatı olaraq içməli suyun keyfiyyət göstəricilərini daim nəzarətdə saxlayır, eyni zamanda Səhiyyə Nazirliyi içməli suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirir.
Möhtərəm Prezident İlham Əliyevin “Azərsu” ASC-nin qarşısında qoyduğu əsas tapşırıqlardan biri bütün ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin olunmasıdır. Bu tapşırıqlara uyğun olaraq “Azərsu” ASC tərəfindən regionlarda içməli suyun fiziki-kimyəvi və mikrobioloji analizi məqsədilə regional laboratoriyaların təşkilinə başlanıb. Qeyd edim ki, son illər bölgələrdə yeni su mənbələrinin və su təchizatı infrastrukturlarının istifadəyə verilməsi, həmçinin modul tipli sutəmizləyici qurğuların xidmətimizə verilməsi Mərkəzi Laboratoriyanın yükünü bir qədər artırıb. Düzdür, istənilən ərazidə analizlər aparmaq üçün səyyar laboratoriyalarımız mövcuddur. Ancaq məsafənin böyük olması, su mənbələrinin sayının gündən-günə artması regional laboratoriyaların yaradılmasını zəruri edir. Qeyd edim ki, Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə ölkə üzrə 9 regional laboratoriya yaradılıb. Artıq regional laboratoriyamız lazımi cihaz və avadanlıqlarla, həmçinin reagentlərlə təmin olunub. Burada çalışan işçilərin peşəkarlığının artırılması məqsədilə mütəmadi təlim və treninqlər təşkil edilir. Tam əminliklə demək olar ki, hazırda respublikamızın istənilən yerində analizlərin aparılması üçün texniki imkanlar mövcudur.
Artıq ötən ilin sonlarında cari ilin əsas prioritetləri müəyyənləşdirilib və ilin əvvəlindən nəzərdə tutduğumuz işlərin icrasına başlamışıq.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə hesablanmış içməli su və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə “Azərsu” ASC-nin çoxminli kollektivi 2020-2021-ci illərdə də var qüvvəsi ilə çalışacaq və memarı Ulu öndər Heydər Əliyev olan sosial siyasətə öz töhfəsini verəcəkdir.

Qorxmaz Hüseynov
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri