Əhməd Əhmədzadə kadr islahatları aparmalıdır » Memur.az

Əhməd Əhmədzadə kadr islahatları aparmalıdır

Əhməd Əhmədzadə kadr islahatları aparmalıdır

Şirvan Meşə Meliorasiya İdarəsinin rəisi büdcəni dağıtmaqla məşğuldur

Torpaqların şoranlaşması, erroziyası və deqradasiyası son illər ölkəmizdə ciddi problemə çevrilib. Torpağın ekoloji tarazlığının saxlanması və onun şoranlaşmadan qorunması, torpağın eroziyasının qarşısının alınması tədbirləri dövlət tərəfindən aparılsa da, bu sahədə müəyyən boşluqlar hələ də qalır. Məlumat üçün bildirək ki, vahid torpaq fondu 8 milyon 641 min 500 hektar olsa da, bunun təxminən 4 milyon 500 min hektarı kənd təsərrüfatı üçün yararlı sayılır.

Əyri yollara baş vuran Məmmədəli Yusifov özünə böyük imkanlar yaradıb

Kənd təsərrüfatı məqsədi ilə istifadə edilə biləcək torpaqların təxminən 30 faizi əkinçilik üçün yararlıdır. Rəsmi statistikaya görə, əkinəyararlı 1 milyon 583 min hektarlıq torpaq sahəsi mövcuddur. Kənd təsərrüfatı məqsədli digər torpaqlar daha çox örüş, qışlaq və biçənək təyinatlıdır. Yenə də rəsmi rəqəmlərə görə, bu torpaqların 1 milyon hektara yaxını müxtəlif dərəcədə şoranlaşıb. Şoranlaşmaya ən çox məruz qalan rayonların sıralanmasında Qazax, Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Yevlax, Beyləqan rayonları ön sırada yer tuturlar. Əkinə yararlı torpaq sahələrinin sürətlə şoranlaşmasında "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin yerlərdəki idarələrinin məsuliyyətsizliyi böyük rol oynayır. Bu haqda mətbuat səhifələrində dəfələrlə tənqidi məqalələrin dərc olunmasına baxmayaraq, işini bacarmayan şəxslər cəzalandırılmır. Bildiyiniz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət səviyyəsində suvarma kanalları boyunca yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilməkdədir. Bu məqsədlə meşə meliorasiya idarələri yaradılıb və həmin qurumlara il ərzində dövlət büdcəsindən müəyyən miqdarda vəsait ayrılır. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bəzi şəxslərin səhlənkarlığı və tamahı ucbatından nəzərdə tutulan işlər elə də yüksək səviyyədə həyata keçirilmir. Yevlax rayonunda yerləşən Şirvan Meşə Meliorasiya İdarəsinin fəaliyyətində də bəzi nöqsanlar mövcuddur. Bildirək ki, bu idarə Yuxarı Şirvan kanalı boyunca meşə mühafizə zolaqlarının salınması məqsədi ilə 1978-ci ildə yaradılıb. Redaksiyamıza daxil olan məlumatlara görə, idarəyə rəhbərlik edən Məmmədəli Yusifov ötən müddət ərzində saysız-hesabsız qanun pozuntusuna imza atmaqla bu müəssisənin fəaliyyətini iflic vəziyyətə salıb: "İdarənin missiyası əslində humanist, eyni zamanda gərəklidir. Çünki meşələr təmiz hava, sağlam ekoloji mühit, dağıdıcı fəlakətlərin qarşısını alan ən güclü vasitədir. Ölkə rəhbərliyinin təşəbbüsü ilə meşə sahələri ildən-ilə genişləndirilir. Təəssüflər olsun ki, idarənin rəisi və işçiləri qarşıya qoyulan vəzifələrin öhdəsindən məharətlə gələ bilmirlər. Düzdür, kanal boyunca meşə massivləri salınıb. Amma əkilən ağaclara lazımi səviyyədə qulluq göstərilmir. Onu deyim ki, yaşıllıq zolaqlarının salınması hamıdan çox idarə rəhbərinə sərf edir. Belə ki, ucuz alınan ağaclar bir neçə dəfə artıq qiymətə sənədləşdirilir. Beləliklə müəyyən miqdarda büdcə vəsaiti mənimsənilir. İndiyə qədər Yuxarı Şirvan kanalı boyunca hektarlarla ərazidə ağac əkini həyata keçirilib. Onlara tələb olunan şəkildə aqrotexniki qulluq göstərilmədiyindən bir hissəsi quruyub məhv olub. Bildiyimə görə, idarənin balansında 2009 hektar sahəsi olan meşə zolaqları var. Bunlar Yevlax, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Ağsu və İmişli rayonlarında yerləşir. Şirvan Meşə Meliorasiya İdarəsinin rəhbərliyinin qanuna zidd əməlləri nəticəsində bu rayonlarda meşə zolaqlarının əksəriyyəti məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb". Məlumatlı mənbənin dediyinə görə, Şirvan Meşə Meliorasiya İdarəsi yaşıllıq massivlərinin salınması ilə yanaşı, kollektor-dren şəbəkələrinin təmirini də həyata keçirir: "Rəisin əsas gəlir mənbələrindən biri də kollektor-drenlərin təmiri ilə bağlıdır. Yevlax rayonunun bir sıra kəndlərindəki kollektor-dren şəbəkələrinin lildən təmizlənməsi zamanı hər il külli miqdarda yeyintiyə yol verilir. Lakin adıçəkilən məmur bunun üstünü məharətlə ört-basdır etməyi bacarır. O təyinatı üzrə xərcləmədiyi vəsaitlərin hesabına özünə böyük imkanlar yaradıb. Yevlaxda bir neçə obyekti, dəbdəbəli imarəti və bahalı maşını var. Həmçinin Bakıda da mənzilinin olduğu deyilir". Müşahidələr göstərir ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə tabe olan idarə və müəssisələrdə problemlərin üzə çıxması illərdən bəri dəyişilməyən kadrlarla bağlıdır. Yəni bir şəxs bəzən 10-15 il eyni idarədə müdir işləyir. Hesab edirik ki, ASC sədri Əhməd Əhmədzadə yerli idarələrdə təcili islahatlar aparmalı, o cümlədən Şirvan Meşə Meliorasiya İdarəsinin rəisi tutduğu vəzifədən kənarlaşdırılmalıdır.

Qarşı tərəfi də dinləyə bilərik.