Razim Məmmədovun park müəmması » Memur.az

Razim Məmmədovun park müəmması

Razim Məmmədovun park müəmması

Hacıbala Abutalıbov yaşayış binalarına əlavə tikililərin kim tərəfindən və nəyin qarşılığında icazə verilməsinə aydınlıq gətirməlidir

İcra başçısı Sergey Senyuşkin küçəsindəki 7A saylı binanın yerini "Qozbel İman"a təklif edib?

Artıq bir neçə gündür ki, paytaxtın Xətai rayonunun ərazisində böyük söküntü işlərinə start verilib. Belə ki, rayonun Sabit Orucov küçəsində yerləşən yaşayış binalarına əlavə tikililərin sökülməsinə başlanılıb. Beşmərtəbəli binaların birinci mərtəbələrinin yol istiqamətində tikilmiş artırmaların söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin rəhbərliyi altında həyata keçirilir. Söküntü ilkin layihə vəziyyətini pozmaqla binanın yükdaşıyan konstruksiyalarını və bütövlükdə dayanıqlığın zəifləməsinə səbəb olan yenidənqurma, genişləndirmə və qeyri-qanuni aparılan tikililərə şamil olunur. Həmin tikililərin sahibləri isə bildiriblər ki, artırmalar müxtəlif illərdə Xətai Rayon İcra Hakimiyyətinin icazəsi ilə aparılıb, amma rəsmi sənədləri mövcud deyil. Bu günlərdə növbəti söküntü xəbəri rayonun Sergey Senyuşkin küçəsindən gəldi. 7A saylı binanın sakinlərinə binanın yaxın vaxtlarda söküləcəyi barədə xəbərdarlıq edilib. Söküntü işləri başlamamışdan sakinlərə Sergey Senyuşkin küçəsindəki 7A saylı binanın yenidən üzlənəcəyi vədi verilibmiş. Lakin binanın ilkin layihə vəziyyətini pozmaqla binanın yükdaşıyan konstruksiyalarını və bütövlükdə dayanıqlığın zəifləməsinə səbəb olan yenidənqurma, genişləndirmə və qeyri-qanuni aparılan tikililərə şamil olunan söküntü işlərindən sonra sakinlərə deyilib ki, bina tamamilə söküləcək, yerində isə park salınacaq. Sakinlərə o da elan olunub ki, onlara mənzillərinin əvəzində ev yox, kompensasiya veriləcək. Bu xəbərdarlıq onlara Xətai Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən edilib. Bina sakinləri isə buna öz etirazlarını bildiriblər. "Burada park tikməyin heç bir mənası yoxdur. Sakinlər olmadıqdan sonra parkın nə mənası var? Biz inanırıq ki, prezidentin bundan xəbəri yoxdur. Axı bu binanın sökülüb yerində park tikilməsinin anlamı nədir, bunu kim istəyər? Əlbəttə, prezidentimiz vətəndaşların narahat olmasını, evsiz-eşiksiz qalmasını heç vaxt istəməz. Bu söküntü işlərini Xətai Rayon İcra Hakimiyyəti özbaşına aparır.

Evimizdə yaşayırıq. Şikayətimiz, narazılığımız yoxdur. Biz binanın sökülməsini istəmirik. Kompensasiya məsələsini müzakirə belə eləmirik. Bizim tələbimiz binanın sökülməməsidir. Bizə park lazım deyil, öz evimiz lazımdır", deyə sakinlər şikayətində vurğulayıb. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun etirazçılara cavabı isə maraqlı olub. Deyilənə görə, məmur sakinlərə bir neçə dəfə xəbərdarlığa gələcəklərini söyləyib. "Elçiliyə 6 dəfə gedərlər. Biz də gəlib 6 dəfə xəbərdarlıq edərik", deyən başçı bundan sonra ərazini tərk edib. Yazının əvvəlində qeyd etdiyimiz kimi, Sabit Orucov küçəsində yerləşən yaşayış binalarının əlavə tikililərinin sökülməsi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi əsasında aparılır. Burda bir sıra maraqlı məqamlar ortaya çıxır. Birincisi, sözügedən küçədə yerləşən binalarda əlavə tikililərin aparılmasına Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri icazə verib. Hamı da yaxşı bilir nəyin müqabilində. Bəs, nəyə görə Razim Məmmədov və icra hakimiyyətinin digər işçiləri- hansı ki, sakinlər eyvan artıranda, əlavə tikinti işləri görəndə gəlib onlardan nəysə tələb edənlər- söküntü ilə bağlı səslərini çıxarmırlar? Xətai Rayon İcra Hakimiyyətinin, "jek" rəislərinin xəbəri olmadan rayon ərazisində "eyvan" çıxarmaq, yaxud binaların birinci mərtəbəsinin qarşısında tikinti işləri görmək mümkünsüz bir şeydir. Hər bir halda həmin artırmaların inşa edilməsinə icazə verdiyinə və indi də artırmaların sökülməsinə görə, Razim Məmmədov birbaşa məsuliyyət daşımalıdır. İkincisi, söküntü işlərini həyata keçirən Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər meri Hacıbala Abutalıbov bu əlavə tikililərin meydana çıxmasına kim(lər)in şərait yaratdığına aydınlıq gətirməlidir. Bir daha demək istəyirik ki, Razim Məmmədovun xəbəri olmadan Xətai rayonunda bir daşı burdan götürüb o biri tərəfə qoymaq mümkün deyil. Rayon rəhbəri əlavə tikililəri sökülmüş insanlara cavab verməlidir. Necə ki, həmin sakinlər vaxtilə icra başçısının "tələb"lərini cavabsız qoymayıblar və nə qədər istənilibsə, onu veriblər. Məsələ ilə bağlı daha bir maraqlı məlumat əldə etmişik. Etibarlı mənbənin sözlərinə görə, başçı Sergey Senyuşkin küçəsindəki 7A saylı binanı söküb yerini iş adamlarından birinə satmaq istəyir: "Binanın yerində parkın salınacağı haqda deyilənlər cəfəngiyyatdır. İcra başçısının yaşıllıqlara qarşı aqressiv münasibətini hamı yaxşı bilir. Eşitdiyimə görə, Razim Məmmədov qeyd olunan ərazini iş adamı, "Qozbel İman" kimi tanınan İman Quliyevə satmaq istəyir. Xatırladım ki, İman Quliyev hələ bir neçə ay əvvəl rayonun başqa bir küçəsində göydələn ucaltmaq istəmiş, lakin sakinlərin etirazından sonra buna nail ola bilməmişdi. Razim müəllim isə həmin yerin əvəzinə iş adamına 7A saylı binanın yerləşdiyi sahəni təklif edib. Və iş adamı icra hakiminin təklifi ilə razılaşıb. Yəni burda park yox, göydələn tikiləcək".

Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Kərim Cəfərli