Zahid Oruc həbs olunan icra başçılarından DANIŞDI: “Nizaməddin kimi adamlar...” » Memur.az

Zahid Oruc həbs olunan icra başçılarından DANIŞDI: “Nizaməddin kimi adamlar...”

Zahid Oruc həbs olunan icra başçılarından DANIŞDI: “Nizaməddin kimi adamlar...”Azərbaycan 30 ildən çoxdur düşmənlə müharibə şəraitində yaşayır. Bir gün Prezident hərbi yolla torpaqlarımızın azad edilməsi qərarını verərsə, dövlətin və xalqın əmlakını mənimsəyənlərin əməllərinə son qoyacaqlarına zəmanət varmı? Son iki ayda icra başçılarının həbsi sübut etdi ki, buna zəmanət yoxdur”. 

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Biləsuvarın icra başçısı Mahir Quliyevin həbs edilməsindən danışarkən deyib. 

O bildirib ki, məmurların qanunsuz əməllərinə yalnız korrupsiya hüquqpozmaları çərçivəsində deyil, eyni zamanda xalqın təhlükəsizliyinə vurulan zərbə kimi, “müharibə dövrünün qanunları” əsasında qiymət verilməlidir. 

“Burada kimsə səhra məhkəmələrinin yaradılmasını təklif etmir. Halbuki 75 illiyi qarşısında olduğumuz İkinci Dünya müharibəsində diversantlara, oğrulara və xalqa xəyanət edənlərə məhz “müharibə dövrünün qanunları” əsasında qiymət verilməsi hesabına qələbə qazanılmışdı. Bizdə hərbi və fövqəladə vəziyyət rejimi haqqında qanunlar olsa da, karantin vəziyyəti cinayət qanunvericiliyində əksini tapmayıb”, - deyə Z.Oruc əlavə edib.

Deputat qeyd edib ki, bütöv bir rayonu, torpaqlarımızı təhlükə qarşısında qoyanların siyasi və əqidə mənsubiyyəti yoxdur.

“Ona görə də sərhəd bölgələrinə xüsusi yanaşma olmalıdır. Son həbslər yalnız sosial, mənəvi məsələ yox, eləcə də milli təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir. Sərhəd, yaxud cəbhə xəttinə yaxın bölgələrdə siyasi-hərbi rəhbərlik xüsusi seçilməlidir. Doğrudur, Biləsuvar cəbhə xətti deyil. Lakin Goranboydan Ağstafaya yerini dəyişən Nizaməddin Quliyev (həbsdə olan keçmiş icra başçısı) isti kabinetində mülki vətəndaşların - yoxsulluqda yaşadığı üçün dövlət yardımı nəzərdə tutulan ehtiyaclı insanların haqqını mənimsəyəndə, bir qədər ön cəbhədə əsgərlərimiz vətəni qoruyurdular. Məgər ordu səngərdə ona görə keşik çəkir ki, Nizaməddin kimi adamlar o cür cinayətlər törətsinlər? Səngərdə keşik çəkən oğullarımız o torpaqları ona görə qoruyurlar ki, icra başçısı Mahir Quliyev sadə vətəndaşın torpağını zorla əlindən alsın? O adamlar dünənə qədər rəhbər qiyafəsində gəlib şəhidlərimiz qarşısında baş əyirdilər, qəhrəmanların məzarına gül qoyurdular. Sonra da sadə vətəndaşın haqqını yeyirdilər”.