Azərbaycanda təhsil müstəqillik dövründə » Memur.az

Azərbaycanda təhsil müstəqillik dövründə

Azərbaycanda təhsil müstəqillik dövründə

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.
İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi.
1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Ona görə dətəsadüfü deyildi ki, Konstitusiya Aktı” ilkin mərhələdə yalnız quru kağız olaraq qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dedıyı ilə oturub dururdu.
Lakin indi bunlar arxada qalmışdır. Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bulleteninə bir söz yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?” Səsvermə hüququ onların 95%-indən çoxu referendumda iştirak etdi. Azərbaycan yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.
Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
Təhsil hər bir xalqı öz milli hədəflərinə doğru aparan yoldur. Elə buna görə də ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərliyinin bütün dövrlərində milli təhsilin inkişafına mühüm məsələ kimi həmişə önəm vermişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixin ən sürətli inkişaf mərhələsini yaşayan müstəqil dövlətimizin qazandığı uğurların mühüm bir qisminin də məhz milli təhsil sistemimizə aid olması təsadüfi deyil.
Azərbaycanda aparılan davamlı təhsil islahatları, bu istiqamətdə irəli sürülən qabaqcıl ideyalar, reallaşdırılan məqsədyönlü layihələr təhsilin tərəqqisinə əhəmiyyətli töhfələr verir. Bütün bunlar Azərbaycan cəmiyyətinin indiki müasir inkişafını təmin edərək, eyni zamanda, gələcəyimiz üçün etibarlı zəmin rolunu oynayır.
Qarşıdakı bir neçə ildə Azərbaycanın əsas inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçid üçün zəruri əsasın yaradılması, insan kapitalının adekvat inkişafından irəli gələn məsələlərin həlli mühüm strateji vəzifələr kimi öz əksini tapıb.
Son bir neçə il təhsil sahəsində gedən inkişaf prosesləri, cənab İlham Əliyevin bu inkişaf proseslərinə təkan verən qərar və sərəncamları ilə xarakterik olmuşdur. 2013-cü il oktyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” da həmin tarixi sənədlərdən biridir. Təhsil sahəsində uzun illərdən bəri müzakirə mövzusuna çevrilmiş problemlərin əsaslı həllini nəzərdə tutan adı çəkilən strategiya öz məzmunu ilə milli təhsilimizin inkişafı üçün böyük perspektivlər müəyyənləşdirib.
Strategiyada müasir dövrdə ölkənin təhsil sistemi qarşısında duran vəzifələr son dərəcə dəqiqliklə, qlobal çağırışlara uyğun tərzdə irəli sürülüb. Milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi, insan kapitalının inkişafı yolu ilə ölkə iqtisadiyyatının qlobal sistemə uğurlu inteqrasiyası bu vəzifələr sırasında öz əksini tapıb.
Burada bir məsələyə də münasibət bildirmək istərdim. İnkişaf etmiş dövlətlərin təcrübəsi də sübut edir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Müasir qloballaşma əsrində hər bir dövlətin, xalqın gələcəyi onun malik olduğu elmi-intellektual potensialdan asılıdır. Bu intellektual potensial isə ilk növbədə, təhsil ocaqlarında yaranır. Milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, onun beynəlxalq təhsil sisteminə geniş inteqrasiyasına nail olmaq, milli-mənəvi dəyərlərə həssas münasibət Heydər Əliyev Fondunun da fəaliyyətinin əsas istiqamətləridir.
Ölkə başçısı İlham Əliyev cənablarının təhsilə diqqət və qayğısı nəticəsində Azərbaycan Avropa təhsilindən heç də geri qalmır. Məktəblərimiz yeni avadanlqılarla təmin olunur, bəzi məktəb binaları yenidən əsaslı təmir olunur. Bunun üçün də dövlət başçımıza bütün təhsil işçiləri adından dərin minnətdarlığımız bildirirəm.

Fazil Zeynalov
Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri


Azərbaycanda təhsil müstəqillik dövründə