Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə edib » Memur.az

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə edib

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə edib
Hər bir xalqın tarixində, hər bir dövlətin qurulmasında, yaşamasında, inkişaf etməsində böyük şəxsiyyətlər mühüm əhəmiyyət kəsb edirlər. Onların dövlət quruculuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırması və öz arxalarınca apara bilmək qabiliyyəti və s. siyasi və idarəçilik keyfiyyətləri bu cür şəxsiyyətlərin lider kimi qəbul olunmalarına əsas verir. XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq Ümummilli Lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir. Əsl lider məhz sadaladığımız bu xüsusiyyətlərə malik olaraq, bunlardan xalqın və dövlətin maraqları naminə müdrikcəsinə, düşünülmüş şəkildə və siyasi uzaqgörənliklə istifadə edir, öz ölkəsini hərtərəfli inkişaf etdirir, milli dövlətçilik tarixinə yeni-yeni şərəfli səhifələr yazır.
Ümummilli Liderin hakimiyyətinin birinci dövründə - 1969-cu ildən başlayaraq iqtisadiyyatımız, bütövlükdə respublikamız tənəzzüldən inkişafa doğru istiqamət götürdü. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsinin məhz bu dövründə ölkəmiz geridə qalmış respublikadan çiçəklənən bir diyara çevrildi. Hazırkı dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ilin iyununda xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn dahi insan və böyük şəxsiyyət Heydər Əliyev dərhal yaranmış böhranlı durumu, kəskin ictimai-siyasi vəziyyəti kökündən dəyişməyə nail oldu. Azərbaycanın dünyanın siyasi xəritəsindən bir dövlət kimi silinməkdən xilas olması Ümummilli Liderin müasir Azərbaycanın memarı kimi cahanşümul fəaliyyətinin bariz nəticəsi idi. Mən müstəqil Azərbaycan dövlətinin yaranmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolunu, xalqımız qarşısında tarixi xidmətlərini, möhtəşəm dövlətçilik və siyasi fəaliyyətini dərindən tədqiq etmişəm, Ulu Öndərin nadir şəxsiyyət olduğunu elmi cəhətdən sübuta yetirmişəm. Fəxr edirəm ki, Heydər Əliyevin zəngin dövlətçilik və siyasi fəaliyyəti haqqında ilk doktorluq dissertasiyasının müəllifiyəm. Böyük rəhbərimizin Azərbaycan xalqı qarşısında heç vaxt unudulmayacaq xidmətləri onun tanınmış dünya liderləri tərəfindən də obyektiv və düzgün qiymətləndirilməsinə səbəb olmuşdur. Onlardan cəmi ikisini göstərmək istərdik:
Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Corc Buş Ulu Öndərimizə böyük qiymət verərək demişdir: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır".
Ulu Öndər Heydər Əliyevin çağdaş tariximizə Milli qurtuluş günü kimi daxil olmuş 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi ilə respublikada demokratiyanın, qanunçuluğun, hüquqi dövlət quruculuğunun bünövrəsi qoyuldu. Heydər Əliyevin parlamentə sədr seçilməsindən sonra Milli Məclisdə verdiyi bəyanatda müstəqil dövlətçiliyin inkişaf konsepsiyası və yolları sistemli şəkildə açıqlanırdı. Bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlandı. Böyük öndər Heydər Əliyevin 1993-cü ilin iyun-oktyabr aylarında və sonrakı dövrdə müstəqil Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəsi strateji məqsəd daşıyırdı. Əbədi rəhbərimiz strateji və demokratik yolun mahiyyətini belə səciyyələndirirdi: "Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir".
Müstəqil Azərbaycanın qurucusu ölkəyə rəhbərlik etməyə başladıqdan dərhal sonra respublikada ictimai-siyasi sabitlik, sosial ədalət bərqərar oldu. 1994-cü ildə atəşkəsin imzalanması sayəsində Ümummilli Lider Azərbaycan-Ermənistan cəbhəsindəki ağır vəziyyətə son qoydu. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı.
Ulu Öndər Heydər Əliyev iqtisadiyyatı dirçəltmək, onu yenidən inkişaf yoluna çıxarmaq üçün düşünülmüş strategiya işləyib hazırladı. Ulu Öndərin yeritdiyi məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycanın malik olduğu təbii sərvətləri, zəngin karbohidrogen ehtiyatları onun əsl sahibinə - Azərbaycan xalqına verildi. Azərbaycanın əsas sərvətinə - neft amilinə əsaslanan bu strategiyanın həyata keçirilməsində müstəqil respublikanın iqtisadi yüksəlişinin təməlini qoyan "Əsrin müqaviləsi"nin müstəsna rolu olmuşdur. Heydər Əliyevin düşünülmüş müdrik siyasətinin bəhrəsi olan bu müqavilənin və sonralar imzalanmış digər neft müqavilələrinin uğurla reallaşdırılması gənc müstəqil Azərbaycan dövlətini düşdüyü ağır iqtisadi vəziyyətdən çıxarmağın yeganə düzgün yolu idi. Lakin Ulu Öndərin yeni iqtisadi strategiyasının prinsipial məqamlarından biri də o idi ki, neftə məqsəd deyil, vasitə kimi baxılırdı. Neft hasil edən, lakin heç də hərtərəfli tərəqqiyə nail ola bilməyən ölkələrin təcrübəsinə yaxından bələd olan Heydər Əliyev Azərbaycan iqtisadiyyatının gələcəyini təkcə neftlə bağlamırdı, o, qeyri-neft sektorunun daha sürətli inkişafını iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Ona görə də ulu öndər respublikanın enerji sisteminə də xüsusi diqqət və həssaslıq göstərirdi. Sosial-iqtisadi həyatın mühüm sahələrindən olan elektroenergetikada dayanıqlı inkişafı təmin etmək məqsədilə 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir sıra irimiqyaslı layihələr reallaşdırılmışdı. Heydər Əliyev respublikanın elektrik enerjisinə olan təlabatını yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə gərgin fəaliyyət göstərmişdir.
İnsan hüquqları və azadlıqlarının qorunması, humanizm, sosial ədalət prinsiplərinin möhkəmlənməsi həmişə Heydər Əliyev hakimiyyətinin mahiyyətini təşkil edən dəyərlər kimi qavranılıbdır. Həyata keçirilmiş genişmiqyaslı hüquq islahatları, məhkəmə orqanları sisteminin təkmilləşdirilməsi həmin prinsiplərin hüquqi bazasını yaratmışdır. Buna görə də, 1993-cü ildən sonrakı dövrü ölkəmizdə insan hüquq və azadlıqlarının inkişafında tarixində dönüş mərhələsi kimi səciyyələndirməliyik".
Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev ölkədə demokratik, dünyəvi, hüquqi dövlət quruculuğunun əsasını qoydu və apardığı islahatlarla dövlətçiliyimizi getdikcə daha da inkişaf etdirməyə başladı. Ulu Öndər ölkə prezidenti seçildikdən cəmi bir il sonra - 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışında insan hüquqları və azadlıqlarının qorunmasının onun üçün prioritet əhəmiyyət kəsb etdiyini nəzərdə tutaraq söyləmişdir: "Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Qarşımızda duran ən mühüm vəzifə Konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdan ibarətdir". Növbəti ildə - 1995-ci ildə müasir Azərbaycanın memarı Heydər Əliyevin təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycan Respublikasının Konstitusiya layihəsi hazırlanmış və Əsas Qanun ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmişdir. Məlum olduğu kimi, sənədin təsbit etdiyi maddələrin üçdə bir hissəsi insan hüquq və azadlıqlarının qorunması məsələlərini ehtiva edir. Hesab edirik ki, Konstitusiyamız dünyanın ən demokratik və mükəmməl konstitusiyalarından biridir.
Ümummilli Lider Heydər Əliyev yuxarıda kiçik bir hissəsini qeyd etdiyimiz çoxşaxəli fəaliyyəti ilə sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi-intellektual yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Bütün bunlar təsdiqləyir ki, Ümummilli Lider Heydər Əliyev bütün mənalı həyatı və şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşünmüş, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışmışdır. Dahi öndərimiz Azərbaycanı daim inkişaf edən, müasir görmək istədiyindən xalqın gələcək taleyinə biganə qalmamış, müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək müasir düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirmişdir. Əgər Ulu Öndər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə, eyni zamanda 90-cı illərdə xoas və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etdişdisə, Onun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir.
Dövlətimizin başçısı Azərbaycanın seçdiyi yolun yeganə düzgün yol olduğunu vurğulayaraq demişdir: "Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir. 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilibdir. O illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir". Fəxr edirik ki, Ümummilli Liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan daxili və xarici siyasətini və ideyalarını möhtərəm Cənab Prezident İlham Əliyev 2003-cü ildən etibarən uğurla davam etdirir. Məhz bu uğurlu fəaliyyət ölkənin beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirir, Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut edir, ölkə vətəndaşlarının dövlət başçısının ətrafında getdikcə daha sıx birləşməsinə səbəb olur. Qətiyyətlə demək olar ki, məhz bu düşünülmüş siyasət respublikada dayanıqlı inkişafı, Azərbaycan xalqının rifah halının yüksəlməsini, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini, əzmlə aparılan dövlət quruculuğunu hərtərəfli təmin edir.

Müşviq Rəhimov
Xaçmaz rayonunda 2 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi