Müasir yol-nəqliyyat kompleksi ölkənin iqtisadi inkişafında əsas amillərdəndir » Memur.az

Müasir yol-nəqliyyat kompleksi ölkənin iqtisadi inkişafında əsas amillərdəndir

Müasir yol-nəqliyyat kompleksi ölkənin iqtisadi inkişafında əsas amillərdəndir



















Son illər paytaxt Bakıda və rayonlarda yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir.
Bu mövqe düzgün siyasət, gələcək perspektivi aydın müəyyənləşdirən strateji kurs və vaxtında ən optimal islahatlar keçirilməsi, müasir layihələr icra edilməsi nəticəsində qazanılıb. Azərbaycan Prezidenti dövlətin çatmaq istədiyi beynəlxalq səviyyə barədə deyib: “Hesab edirəm ki, Azərbaycan artıq özünü dünyada, dünyanın iqtisadi-maliyyə bazarlarında daha da qabarıq şəkildə göstərməlidir. Azərbaycan artıq qlobal məsələlərin həllində siyasi güc kimi iştirak edir. Biz maliyyə resurslarımızı nəzərə alaraq maliyyə-güc kimi də iştirak etməliyik.... Hazırda Azərbaycan donor ölkəsinə çevrilir və bu, yeni dövrdür. Biz buna hazırıq. Yəni bu dövrü biz başlayırıq və bu, bizim təşəbbüsümüzdür. Bu təşəbbüs bizə həm iqtisadi, həm siyasi dividendlər gətirir və gələcəkdə daha da çox gətirəcəkdir”.
Aydındır ki, nəqliyyat sektoru tələbatını ödəməyən dövlətin iqtisadiyyatı da zəif olar, inkişaf edə bilməz. Ona görə də ölkə rəhbərliyi nəqliyyat sektorunun inkişafının beynəlxalq tələbləri ödəməsinə və bu sahədə təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirir. Hazırda nəqliyyat sektoru müasir tələbləri ödəyir, lakin ölkənin sosial-iqtisadi inkişafı sürətli və yüksək templi olduğu üçün yeni, daha yüksək mərhələyə müvafiq onun infrastrukturu daim təkmilləşdirilir. Bu sahədə aparılan ardıcıl islahatlar artıq ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən biri edib.
Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır.
Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına və inkişafına hələ 27 il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir.
Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Təsadüfi deyil ki, ölkə Prezidenti bu il sentyabrın 20-də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərkən ölkəmizdə aparılan uğurlu islahatlardan danışmış, son illərdə respublikada 11 min kilometr uzunluğunda müasir avtomobil yollarının çəkilməsini diqqətə çatdırmışdır. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar ümumilikdə ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, məhsulun itkisiz daşınmasına şərait yaradır və regionların sosial-iqtisadi inkişafına kömək edir.
Öz fəaliyyətini müasir tələblər səviyyəsində quran və nailiyyətlərini artıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin respublikanın ümumi istifadəsində olan 17 min 500 kilometr avtomobil yollarına, Bakı şəhərinin 1600 kilometr uzunluğunda olan küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən çox yolötürücüsünə, körpü və tunellərə göstərdiyi nümunəvi xidməti günbəgün yüksəldir.
Prezident İlham Əliyevin imzaladığı 2015-ci il 28 dekabr tarixli sərəncamı da respublikanın avtomobil yolları təsərrüfatında qarşıya çıxan iqtisadi və texniki məsələlərin operativ həllinə güclü təkan vermişdir. Bu sərəncamın imzalandığı vaxtdan keçən qısa dövr ərzində uzunluğu 1700 kilometr olan avtomobil yolları, küçə və prospektlər tikilmiş, habelə yenidən qurulub təmir olunmuşdur. Ümumi istifadədə olan avtomobil magistrallarında və Bakı şəhərindəki yollarda 26 yeni və müasir tipli körpü və 8 piyada keçidi tikilib istifadəyə verilmişdir. Dövlət başçısı yol infrastrukturunun dəyişdirilməsi və müasirləşdirilməsi ilə bağlı işlərə xüsusilə böyük əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır. Ölkə Prezidenti ötən yaxın dövr ərzində 51 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma mərasimlərində iştirak etmiş, öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyev elə bu yaxınlarda - oktyabrın 2-də Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101 kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak etmiş, yolun rəmzi açılışını bildirən lenti kəsmişdir. Bakı-Şamaxı-Muğanlı yolunun Cəngi-Bədəlli hissəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Dövlət başçısı elə həmin gün Qobustan rayonunda 15 min nəfərin yaşadığı 6 kəndi birləşdirən və “40 yol” layihəsindən biri olan Təklə-Sündü-Xilmilli, Şamaxı-Göylər-Padar və əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yollarının açılışında iştirak etmişdir. Layihə çərçivəsində yol boyu tikilən 16 yeraltı və 6 yerüstü piyada keçidləri, avtobus dayanacaqları tikilmiş, 150-yə yaxın yol nişanı quraşdırılmışdır. Pirqulu-Dəmirçi avtomobil yolu 5 kəndi birləşdirir. Dağlıq ərazidə yerləşən Pirqulu-Dəmirçi yolunun uzunluğu 8 kilometrdir. Bu yol uzun müddət gözdən uzaq olmuş və təmir edilməmişdir. Ümumiyyətlə, Pirqulu-Dəmirçi yoluna asfalt qatı vurulmadığına görə hərəkət hissəsi tamamilə sıradan çıxmışdı. Bu acınacaqlı vəziyyət nəqliyyat vasitələrinin payız və qış aylarında hərəkətində ciddi problem yaradırdı. “Azəravtoyol” ASC-nin gördüyü operativ işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu iki hərəkət zolaqlı olmaqla dördüncü texniki dərəcəyə uyğun yenidən qurulmuşdur. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metr təşkil edir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilmişdir. Şamaxı rayonunun dağlıq ərazisində yerləşən bu avtomobil yolu əlbəttə, regionda yük və sərnişin daşımalarını xeyli yaxşılaşdıracaq, bölgədə turizmə və sosial-iqtisadi inkişafa təkan verəcək, habelə əhalinin rifahının yüksəlməsinə xidmət göstərəcək. Bu yol həm də piyadaların təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır. Ən başlıcası isə, kənd təsərrüfatı işçiləri öz məhsullarını daha tez və rahat bazara çıxara biləcəklər.
Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda və paytaxt Bakıda keçirilmiş uğurlu mötəbər yarışlarla bağlı ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən həmin dövr ərzində “Azəravtoyol” ASC-yə verilmiş bütün tapşırıqlar da vaxtında və yüksək səviyyədə yerinə yetirilmişdir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda demişdir: “2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm magistral yollara, həm də şəhərlərarası və kənd yollarına aiddir. Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə biz məşğulluğu təmin etmişik. Müasir yol infrastrukturu yaradılıb, bu proses davam etdirilir. Qarşıya məqsəd qoyulub ki, bütün yollar yüksək səviyyədə olsun, magistral şəhərlərarası, kənd yolları, fərq etməz, bütün yollar”.
Azərbaycan Prezidentinin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.
Cari ilin yanvar ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair həsr olunmuş iclasında da kəndlərarası “40 yol” layihəsinin həyata keçirilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivinin fədakar əməyi sayəsində həmin dövr ərzində imzalanmış 81 sərəncama əsasən 48 rayon və şəhər ərazisində 3,6 milyon əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1.816 kilometr olan avtomobil yollarının tikintisi və yenidənqurulması işləri uğurla davam etdirilir. Cəmiyyətin yol inşaatçıları var qüvvələrini səfərbərliyə alaraq bu günədək 3 milyon əhalinin yaşadığı 500-ə yaxın yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1030 kilometr olan 56 layihənin icrasını da artıq başa çatdırmışlar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi cəbhə bölgəsində avtomobil yollarının tikintisini xüsusilə diqqət mərkəzində saxlayır. Azərbaycanın Silahlı Qüvvələri 2016-cı ilin aprel ayında təcavüzkar Ermənistanın işğalı altında olan torpaqlarımızın bir hissəsini qəhrəmancasına azad etməklə ölkədə qələbə coşqusu yaratdılar. Nəticədə təhlükəsiz əraziyə çevrilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi öz normal həyatına qayıtdı. Dövlət başçısının 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yol inşaatçıları Cocuq Mərcanlıya gedən 9 kilometr uzunluğunda yolu qısa bir zamanda uğurla bərpa etmişlər. Yeni qurulmuş bu yol Cocuq Mərcanlı daxil olmaqla Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli və İmanverdi kənd sakinlərinin də gediş-gəlişini xeyli yaxşılaşdırıb. “Azəravtoyol” ASC-nin kollektivi Cocuq Mərcanlıya gedən yolu yenidən qurmaqla bütün Azərbaycana ilk qələbə yolunu açmış oldu.
Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutmuşdur. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”. Buna nail olmaq məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir.
Prezident İlham Əliyev bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir. Bunun nəticəsi olaraq Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Bərdə və digər avtomobil yolları yenidən qurulmuş, ölkədaxili yol infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Hazırda regionlar üzrə daxili investisiya hesabına ümumi uzunluğu 381 kilometr təşkil edən avtomobil yollarının və 14 ədəd körpünün tikintisi uğurla davam etdirilir.
Getdikcə müasirləşən, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakıda nəqliyyatın intensivliyinin artması küçə və yollarda kəskin tıxacların yaranmasına gətirib çıxarırdı. Təbii ki, bu ciddi problem də Prezident İlham Əliyevin diqqətindən yayınmadı. Dövlətimizin başçısı nəqliyyat tıxaclarının ən çox yarandığı yerlərdə vəziyyətlə tanış olduqdan sonra bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə geniş proqram hazırlanması barədə tapşırıq verdi. Beləliklə, Prezidentin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsinə yol açdı. Dövlətimizin başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncamlarına əsasən, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi də geniş vüsət almışdır. Son bir neçə ildə Bakı şəhərindəki mövcud 10 piyada keçidi əsaslı təmir olunmuş, 60-a yaxın yeni yeraltı və yerüstü piyada keçidi inşa edilmişdir. Xüsusi zövqlə və dizaynla inşa edilən keçidlər piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, memarlıq tərtibatı baxımından da maraq doğurur. Bu istiqamətdə görülən işlər paytaxtın mərkəzi hissəsi ilə yanaşı, Bakının ətraf qəsəbələrini də əhatə edir. Bakı şəhərinin və onun qəsəbələrinin nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, müvafiq dövlət proqramlarının icrası nəticəsində paytaxtın yol infrastrukturundakı problemlərin böyük hissəsi öz həllini tapmışdır. Bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir.
Yeri gəlmişkən, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən Bakı şəhərində xidmət göstərilən yolların, prospekt və küçələrin ümumi uzunluğu 1525 kilometrdir. Təkcə 2015-ci ildə 144,1 kilometr uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilmiş, yenidən qurulmuş, təmir olunmuş, üç ədəd yol ötürücüsü, iki ədəd tunel, doqquz ədəd piyada keçidi istismara verilmişdir. Ümumi uzunluğu 112,1 kilometr təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min kvadratmetr sahədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bakı şəhəri ərazisində daxili investisiya hesabına tikintisi davam etdirilən layihələrə Həsən Əliyev küçəsindən Ziya Bünyadov küçəsinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yol ( II mərhələ), Ağ şəhərə gedən avtomobil yolları, Bilgəh–Novxanı–Sumqayıt–M4 (18 kilometr) avtomobil yolu (14–42 kilometr hissəsi), Qala–Pirallahı avtomobil yolu, Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsü, Zığ–Hövsan avtomobil yolu və s. aiddir.
Ölkə rəhbəri kənd yollarının yenidən qurulmasını da diqqətdə saxlayır. Son illər Prezident İlham Əliyev kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar 50-dən artıq sərəncam imzalayıb. Kənd yollarının təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi yol təmir-tikintisi üzrə ixtisaslaşmış və 2016-cı ildən müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib. Bu, yol inşaatçılarının üzərinə əlavə məsuliyyət qoyur. Yeri gəlmişkən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014–2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” dövlət proqramlarında avtomobil yollarının tikintisini vaxtında icra etmək, eləcə də işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədilə iki mindən artıq vətəndaşı müvafiq işlə təmin edib. Prezidentin yerli istehsalın daha da genişləndirilməsi istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yolların tikintisi, yenidən qurulması və təmiri zamanı yalnız yerli tikinti materiallarıdan istifadə edir.
Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq”, – deyən ölkə başçısı İlham Əliyev ötən illərdə avtomobil yollarının, yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirakı zamanı bu sahəhin inkişafı üçün öz dəyərli tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının 20 fevral 2008-ci il tarixli sərəncamı ilə fevralın 22-nin Azərbaycan Respublikası avtomobil yolları işçilərinin peşə bayramı günü kimi təsis edilməsi taleyini bu vacib və gərəkli sahəyə bağlamış insanların zəhmətinə verilən dəyərin bariz ifadəsidir. Yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edəcəklər.

Saleh Məmmədov
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri