DAHİ SİYASƏTÇİ - FENOMENAL ŞƏXSİYYƏT » Memur.az

DAHİ SİYASƏTÇİ - FENOMENAL ŞƏXSİYYƏT

DAHİ SİYASƏTÇİ - FENOMENAL ŞƏXSİYYƏT



















Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu fikrini şərtləndirən amillərin işığında ölkəmizin keçdiyi inkişaf yoluna qısaca nəzər salaq. Bircə bu reallığı qeyd etmək kifayətdir ki, məhz keçilən yolun, uğurlarımızın zənginliyinin, ən əsası möhkəm təməlin nəticəsidir ki, möhtərəm Prezidentimiz İlham Əliyev bu tezisi səsləndirib: “Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır”. Bu inam hələ cənab İlham Əliyev ilk dəfə, yəni, 2003-cü ildə Prezident seçiləndə ifadə olunub. Həmin vaxtdan bizi 14 illik zaman ayırır. Bu gün isə dövlətimizin başçısı İlham Əliyev qətiyyətlə bildirir ki, Azərbaycan hazırda ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Ulu öndər Heydər Əliyevin təkcə sovet hakimiyyəti illərindəki fəaliyyəti böyük dövlət idarəçiliyi akademiyasıdır
Bu gün iqtisadi möcüzələr ölkəsi, islahatçı və xoşbəxt respublika kimi tanınan Azərbaycanın mövcud potensial imkanları məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılıb. Ən əsası azərbaycançılıq məfkurəsi xalqımızın şüurunda əsas yer tutdu, bu ideyanın ətrafında sıx birləşmək zaman-zaman əsas məqsədə, amala çevrildi. Məhz o illərdə milli azadlığın və özünüdərkin təbliği istiqamətində atılan addımlar, yaradılan şərait növbəti illərdə öz bəhrəsini verdi. Ulu öndər Heydər Əliyevin bu fikrini bir daha xatırlatmaq yerinə düşər: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görmək istəyini hələ hakimiyyətinin birinci dövründə atdığı biri-birindən önəmli addımları ilə təsdiqləyən ulu öndər Heydər Əliyev 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan ilk illərdə böyük çətinliklərlə, faciələrlə üz-üzə qalanda müstəqilliyimizi xalqımızın tarixi nailiyyəti kimi dəyərləndirərək onun qorunmasını hər kəsin vətəndaşlıq borcu kimi irəli sürdü. Zaman hadisələrə düzgün dəyər vermək üçün ən böyük yaddaşdır. Ulu öndər Heydər Əliyev hakimiyyətinin ikinci dövründə 1969-1982-ci illərdə görülən işləri belə xarakterizə edib: “O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır”. 1993-cü ildən sonra yaşananlar, Azərbaycanın imza atdığı davamlı uğurlar Ümummilli Liderin bu fikirlərinin reallığa söykəndiyini bir daha ortaya qoydu. Bu gerçəklik də hər zaman xatırlanır ki, keçmişindən bəhrələnən, bu günü ilə fəxr edən, gələcəyə yeni-yeni hədəflərlə addımlayan dövlətlər, xalqlar daim “tarixin dərsi” kimi qəbul olunan sərt və çətin sınaqlardan şərəflə çıxır, bundan qürur duyur, varlığını təsdiqləyir, beynəlxalq birliyin fəal üzvü kimi cərəyan edən proseslərə təsir imkanlarına malik olur. Azərbaycan dövləti, xalqı bu ilkə də imza atdı. Ümummilli lider Heydər Əliyev bildirirdi: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır, tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”.
DAHİ SİYASƏTÇİ - FENOMENAL ŞƏXSİYYƏT
Xalqımızın dövlətçilik tarixində mürəkkəb mərhələlərin olduğu hər kəsə məlumdur. Bütün təzyiqlərə, çətinliklərə baxmayaraq, heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməyib. Ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası Onun daim qürurla qeyd etdiyi bu fikirləri xatırlatmaq məcburiyyətində qoyur: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməli formalaşdırdı. Ulu Öndər hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirdi. Belə ki, 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Sirr deyil ki, Ulu Öndər 1969-cu ildə birinci dəfə Azərbaycana rəhbərlik edən zaman ölkəmiz müttəfiq sovet respublikaları arasında ən geridə qalanlar sırasında idi. İqtisadiyyat demək olar ki, inkişaf etmirdi, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülmürdü, sənaye istehsalı çox aşağı səviyyədə idi. Məhz dahi şəxsiyyətin fəaliyyəti nəticəsində 13 ildə Azərbaycan keçmiş ittifaq miqyasında ən qabaqcıl yerlərə çıxdı. Əgər o vaxt iki respublika özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Azərbaycanın keçdiyi yolu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev belə şərh edir: “1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-1980-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə Azərbaycan yavaş-yavaş yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam edir”. Bir sözlə, həmin illərdə iqtisadi sahədə əldə olunan uğurlar siyasi müstəqillik yolunda mühüm təməl kimi dəyərləndirilməlidir.

Taleh Qaraşov
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı