Ümummilli Lider Heydər Əliyev Müasir Müstəqil Azərbaycanın qurucusu » Memur.az

Ümummilli Lider Heydər Əliyev Müasir Müstəqil Azərbaycanın qurucusu

Ümummilli Lider Heydər Əliyev Müasir Müstəqil Azərbaycanın qurucusu



















Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ulu öndərimiz xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyib: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Əbədiyaşar liderimiz səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Dahi rəhbər Heydər Əliyev ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə ciddi əhəmiyyət verirdi. Həmin dövrdə rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, ftiziatr, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, Tibb İnstitutuna tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bu, bilavasitə dahi şəxsiyyətin öz təşəbbüsü idi. Məhz bu təşəbbüs sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı.
Müstəqillik tarixində 26 illik yol qət edən Azərbaycanın bu günündən dünəninə diqqət yetirəndə ümummilli lider Heydər Əliyevin xidmətlərinin miqyası, bu günümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyəti daha aydın görünür. Ulu öndər Heydər Əliyevin “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri də Azərbaycanın sabahına olan inamdan irəli gəlib. Hər bir ölkəni inkişafa aparan, imzalar arasında imzasının görünməsini şərtləndirən əsas amil məhz dövlət rəhbərinin idarəçilik sistemi, dövlət maraqlarını hər şeydən öndə tutması, xalqına, ölkəsinə bağlılığıdır. Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dahi liderin gücünün, qətiyyətinin, siyasi iradəsinin şahidi oldu. “Açıq qapı” siyasəti yürütməklə Azərbaycanın qapısının buraya xoş niyyətlə ayaq basan hər kəsə açıq olduğunu bəyan edən ümummilli lider Heydər Əliyev digər tərəfdən dövlətimizin müstəqil siyasətini önə çəkərək, heç bir qüvvənin Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında olmadığını, göstərilən hər bir cəhdin qarşısının xalq-iqtidar birliyinin fonunda qətiyyətlə alınacağını da diqqətə çatdırırdı. Məhz Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Ulu Öndərin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyimiz qorundu və möhkəmləndirildi. Hər zaman qeyd olunduğu kimi, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir. Tarixi paralellər fonunda Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığının şahidi oluruq. Müstəqilliyimizin ilk illərində Azərbaycan həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmasının ucbatından öz dövlət müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalanda xalqımız üzünü öz xilaskarına - ulu öndər Heydər Əliyevə tutdu. Həmin dövrdə Ümummilli Lider Naxçıvan MR Ali Məclisinin sədri idi. Bu reallığı da qeyd edək ki, Naxçıvan MR Ali Məclisinin sədri kimi onun həyata keçirdiyi islahatlar haqqında geniş danışmağa ehtiyac olmasa da, o illərdə baş verən hadisələrin xronikasına nəzər salmaqla müdrik insanın xidmətləri barədə aydın təsəvvür yaratmaq mümkündür. 1990-cı il yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qırğını müstəqil bir dövlətin suverenliyinə qarşı törədilmiş siyasi aksiya hesab edən ulu öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi.
Saxta ideyalar əsasında formalaşan və xalqları 70 ildən artıq əsarətdə saxlayan kommunist partiyasına etiraz edərək bu qurumun üzvlüyündən imtina etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edildi. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Göründüyü kimi, atılan bu addımlar Azərbaycanın müstəqilliyinə xidmət edirdi. Xatırlasaq, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin tarixi paralellər fonunda bugünkü və gələcək nəslə çatdırılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Yeni Azərbaycan Partiyasının 21 noyabr 2001-ci il tarixində keçirilən II qurultayında ulu öndər Heydər Əliyev bildirib: “Bəziləri indi deyirlər ki, müstəqilliyi biz əldə etmişik. Əgər siz həqiqətən bu müstəqilliyi almısınızsa, bəs bunu nə üçün qoruyub saxlaya bilmirdiniz? Nə üçün? Təxminən 1 il 6-7 ay yaşı olan müstəqil Azərbaycan dövləti artıq dağılırdı, parçalanırdı, vətəndaş müharibəsi başlanmışdı. Təbiidir ki, Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi… biz müstəqilliyin 10-cu ildönümünü artıq dünyada tanınmış, daxildə ictimai-siyasi vəziyyəti sabitləşdirmiş, ölkəni iqtisadi, sosial, siyasi böhrandan çıxarmış və nəhayət, 1995-ci ildən başlayaraq bütün sahələrdə inkişafı təmin etmiş bir müstəqil Azərbaycan dövləti olaraq qeyd etdik. Bunlara görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası, bizim hamımız və təbiidir ki, Azərbaycanın Prezidenti və partiyanın sədri müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanılmasının yox, Azərbaycanın müstəqil dövlət kimi ağır şəraitdə inkişaf etməsinin təminatçısıdır”.
Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bu yol Azərbaycanın bugünkü reallıqlarıdır. O reallıqlar ki, Azərbaycan bu gün regionun aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvüdür. Azərbaycan bu gerçəkliklərə əsaslanaraq yeni-yeni hədəflərə doğru inamla addımlayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün ulu öndər Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Son 14 ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin təkrar-təkrar öz qələbəsini təmin etməsi, 2018-ci ildə keçirilən prezident seçkilərinə böyük inam bəslədik təbii ki, xalqın Heydər Əliyev siyasətinə dəstəyinin göstəricisidir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!
Ümummilli Lider Heydər Əliyev Müasir Müstəqil Azərbaycanın qurucusu






















YUSİBOV YUSİF ƏMİRALI OĞLU
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU