Ekspert: Putin Paşinyandan işğal olunmuş rayonların qaytarılmasını tələb edəcək » Memur.az

Ekspert: Putin Paşinyandan işğal olunmuş rayonların qaytarılmasını tələb edəcək

Ekspert: Putin Paşinyandan işğal olunmuş rayonların qaytarılmasını tələb edəcəkErmənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri Fyodor Reşetnikovun “Yenidən ikilik” rəsm əsərini xatırladır. Bu, böyük qardaşının qarşısında təqsirkar birisinin səfərinə bənzəyir.

Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Fikrət Sadıxov söyləyib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Moskvanın Yerevana çoxlu suallarının yarandığı açıqlamasını xatırladan ekspert deyib ki, bu suallar siyasi kursun dəyişməsi və Paşinyanın qeyri-müəyyən oriyentasiyası ilə bağlı olacaq.

“Həmçinin, unutmayaq ki, erməni lider Moskvaya Azərbaycan prezidentinin Rusiya səfərindən sonra gələcək. Bu da çox vacibdir”, - politoloq bildirib.

Müsahibimiz əlavə edib ki, bir çox dünya eksperti Azərbaycan prezidentinin Rusiyaya səfərini səmərəli hesab edib.

“16 vacib sənəd imzalandı. Bir sözlə, səfərdən sonra müxtəlif sahələrdə, o cümlədən hərbi-texniki sahədə Azərbaycan və Rusiyaya daha da yaxınlaşdı. Bu, Ermənistanı qorxuya salıb. Erməni baş nazirin yaxın ətrafında çaxnaşma aydın müşahidə edilir”, - ekspert qeyd edib.

Sadıxov əmindir ki, Putin Paşinyanın qarşısına konkret faktlar qoyub və Ermənistandan gələcək kursunu müəyyən etməyi tələb edəcək.

“Ermənistanın Rusiyadan asılılıq səviyyəsini nəzərə alsaq, ehtimal etmək çətin deyil ki, itaətsizlik vəziyyətində Paşinyanı nələr gözləyə bilər. Bir sözlə, erməni liderin ünvanına qınaqlar çox olacaq və o, Yerevana başıaşağı vəziyyətdə qayıdacaq”, - o bildirib.

Politoloqun fikrincə, Putinin Paşinyandan işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarmasını tələb edəcəyi ehtimalı da böyükdür.

“Madriddə olduğu kimi, Kazanda da işğal edilmiş yeddi Azərbaycan rayonunun qaytarılmasının vacibliyi ilə bağlı sənəd qəbul edilib. İstisna deyil ki, Kreml bu prinsiplərə qoşula bilər”, - ekspert ehtimal edir.

Bir müddət öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Putin və Paşinyan sentybarın 8-də Moskvada görüşəcək.