Tarix : 2-08-2018, 10:59 | Bölmə: siyaset, Sosial, cemiyyet

Prezident İlham Əliyevin dövlət idarəçiliyi sahəsindəki uğurlu siyasəti ölkənin davamlı inkişafını təmin edir















Müstəqil və demokratik dövlət quruculuğu mürəkkəb prosesdir. Böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi məkanda yerləşən ölkələr üçün isə bu, ikiqat çətin işdir. Tarix dəfələrlə bunu təsdiq edib. O cümlədən Cənubi Qafqazda yerləşən ölkələrin müstəqil dövlət kimi formalaşması yolunda meydana çıxan ziddiyyətli məsələlər haqqında kifayət qədər yazılıb. Keçən əsrin əvvəllərində müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika Azərbaycanda yarandı. O zaman digər heç bir müsəlman ölkəsi bu dövlətçilik zirvəsinə yüksələ bilməmişdi. Ancaq bu dövləti uzun müddət yaşatmaq mümkün olmadı – sovetlər işğal etdi.
Deməli, müstəqilliyi bəyan etmək hələ müstəqil olmaq demək deyil. Bütün maneələri dəf edərək milli və suveren dövlət qurmaq xüsusi bacarıq tələb edir. Müasir mərhələdə belə bu məsələ aktuallığını itirməyib. Deyək ki, bir sıra erməni mütəxəssisləri Ermənistanın müstəqil dövlət kimi formalaşdığına böyük şübhə ilə yanaşırlar. Erməni rəhbərliyinin kənardan tam asılı siyasət yeritməsi onu vassala çevirib. Ermənistanın beynəlxalq aləmdə nüfuzu yoxdur. İndi o, müstəqil dövlət yox, öz havadarlarının himayəsinə sığınan forpost ölkədir.
Azərbaycan dövlətçiliyi isə tamamilə başqa müstəvidə bərqərar olub. Ulu Öndər Heydər Əliyev xalq tərəfindən yenidən hakimiyyətə gətiriləndən sonra Azərbaycan mütəmadi olaraq uğurlar qazanır. Müstəqil dövlətçiliyin müdrik memarı dövlət quruculuğunun bütün incəliklərini işləyib. Onun Azərbaycan üçün ən böyük xidmətlərindən biri də siyasi varisliyi təmin etməsi olub. 2003-cü ildən Azərbaycana rəhbərlik edən İlham Əliyev yüksək səviyyədə dövlətçiliyin qoruyucusu və inkişafetdiricisi olduğunu əməlləri ilə sübut edir. Azərbaycan xalqı da daim öz liderinə dəstək verib, ona inanıb və liderinin arxasınca gedib.
Artıq 2018-ci ildir. İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə sistemli, ardıcıl, düşünülmüş və konkret hədəfləri olan fəaliyyəti ilə şəksiz lider olduğunu tam sübuta yetirib.
Təbii ki, bütün bunlar təsadüfi deyil. İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə daxili və xarici siyasəti elə bir dinamikada və səmərəli müstəvidə inkişaf etdirib ki, əldə olunan nəticələri qısa təhlil etsək belə Prezidentin xidmətləri aydın görünər. Bütövlükdə baxdıqda, son 15 ildə modernləşmə Azərbaycanın inkişafının fərqləndirici özəlliyinə çevrilib. Azərbaycanda çox əlverişli investisiya mühiti yaradılıb. Xarici şirkətlər çəkinmədən buraya sərmayə yatırırlar. Bu proses o dərəcədə yüksək tempdədir ki, Gürcüstan və Ermənistana yatırılan ümumi sərmayədən belə dəfələrlə çoxdur. Azərbaycan dünyada etibarlı investorlardan biridir. Ölkə iqtisadiyyatına son 15 ildə qoyulan sərmayənin həcmi 231 milyard ABŞ dollarıdır! İndi Azərbaycanın valyuta ehtiyatları 44 milyard ABŞ dolları miqdarındadır. Bu rəqəm 2003-cü ildə 1,8 milyard dollar idi. Dövlət büdcəsi hazırda 20 milyard manatı təşkil edir. 2003-cü ildə isə, büdcədə 6 milyard manat vardı.
Daxili siyasətdə ictimai mühitin sabitliyi ayrıca yer tutub. Bunu mütəxəssislər də yüksək qiymətləndirirlər. Çünki sabitlik və sülh olmayan cəmiyyətdə inkişaf paradiqmasına yer yoxdur. Belə cəmiyyətlər adətən daxili ziddiyyətlərin girdabında boğulur, ixtilafların girovuna çevrilirlər. Azərbaycanda isə elə bir mühit yaradılıb ki, Prezidentin ifadə etdiyi kimi, heç bir daxili təhlükə mövcud deyil. Buna nail olmaqda, şübhəsiz, sosial-iqtisadi islahatların ayrıca rolu vardır. Bunlarla yanaşı, Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi son dərəcə vacib məqamı təşkil edir.
Multikulturalizmin önəmi şübhə doğurmur. Müasir cəmiyyətlərdə çoxsaylı millətlər, xalqlar və etnik qruplar yanaşı yaşamalıdırlar. Onların birgə yaşamaları üçün lazımi mühit formalaşdırılmalıdır. Azərbaycan bu sahədə dünya üçün nümunə ola biləcək model ortaya qoyub. Tanınmış siyasətçilər dəfələrlə bunu vurğulayıblar. İndi ölkədə bütün insanlar eyni hüquqlara sahibdir, şəxsiyyətin formalaşması üçün tam şərait yaradılıb. Fərqli dinlərə mənsub olan insanlar dinc surətdə yanaşı yaşayır, Azərbaycan naminə çalışırlar. Bu şəraiti məhz İlham Əliyev yaradıb. Özü də fərqli din və mədəniyyət sahiblərinin qarşılıqlı etimad əsasında dinc yaşaması kursu yalnız daxili siyasətlə məhdudlaşmayıb.
İlham Əliyev daxili və xarici siyasəti mahiyyət və məzmunca tam uyğunlaşdırmağı bacarır. O, ardıcıl, düşünülmüş və strateji aspektdə üst-üstə düşən prinsiplər əsasında siyasət həyata keçirir. Daxili siyasətin prioritetləri ilə xarici siyasətin prioritetləri bu məqamda bir-birlərini tamamlayır.
Prezident İlham Əliyevin dövlət idarəçiliyi sahəsindəki uğurlu siyasəti ölkənin davamlı inkişafını təmin edir















Son 15 ildə xarici siyasətin bütün istiqamətləri üzrə Azərbaycan diplomatiyası böyük uğurlar əldə edib. Bu məsələyə iki səviyyədə baxmaq olar. Birincisi, Azərbaycan diplomatiyası ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə xidmət edən böyük işlər görüb. Beynəlxalq təşkilatlarda bununla bağlı 2003-cü ildən bu yana əhəmiyyətli addımlar atılıb. İndi həmin təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün təmini məsələsi birmənalı olaraq qoyulur. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və başqa qurumlar Ermənistanın işğalçı olduğunu təsdiqləyir və Azərbaycan ərazisindən çıxmağı tələb edirlər.
Azərbaycana qarşı ikili standartlar siyasətinin yeridildiyini nəzərə alsaq, buna nail olmaq üçün İlham Əliyevin necə böyük zəhmət sərf etdiyini qəbul etməliyik. İndi də Azərbaycanın ərazi bütövlüyünün bərpası xarici siyasətin çox mühüm aspektini təşkil edir. Məlum Aprel döyüşləri də göstərdi ki, təcavüzkar Ermənistanın manevr imkanları minimuma enib. Azərbaycan həm diplomatiya, həm də hərbi sahədə düşməni diz çökdürməyə tam qadirdir. Bu, məhz İlham Əliyevin birbaşa xidmətidir.
İkincisi, Azərbaycan əməkdaşlıq formatlarının təşəbbüskarı kimi həm əməkdaşlıq, həm də təhlükəsizliyin təmini üzrə dünya siyasətində mövqeyini daha da gücləndirməkdədir. Onun təsdiqlərindən biri ölkəmizin BMT TŞ-yə üzv seçilməsi oldu. İlham Əliyev haqlı olaraq bu hadisəni böyük və tarixi diplomatik uğur adlandırıb. Özü də bu qələbə bir neçə ölkə ilə rəqabətdə əldə edilib. Digər mühüm addım enerji layihələrinin reallaşdırılması istiqamətində atılıb. TAP, TANAP, "Cənub Qaz Dəhlizi" kimi proyektlər regional və qlobal enerji təhlükəsizliyində ciddi rol oynayır. Bununla bağlı ABŞ və Aİ-nin yüksək səviyyəli rəsmi şəxsləri dəfələrlə öz fikirlərini ifadə ediblər.
Təbii ki, üçtərəfli və dördtərəfli əməkdaşlıq formatları Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyətini və ikitərəfli əməkdaşlığı arxa plana atmayıb. Azərbaycan Prezidenti bu iki istiqamətə həmişə böyük önəm verib. İkitərəfli qaydada ABŞ, Aİ, İran, Rusiya, Türkiyə, Çin və digər ölkələrlə əlaqələr dinamik inkişaf etdirilib. Beynəlxalq təşkilatlar çərçivəsində də fəallıq yüksəldilib. BMT və İƏT-də aparılan diplomatik işlər buna nümunədir. Azərbaycan hazırda İslam həmrəyliyi ideyasını çox aktiv həyata keçirən ölkələrdəndir. Bakının BMT-nin bütün vacib tədbirlərində göstərdiyi fəallıq da inkaredilməzdir.
Bütün bunlar İlham Əliyevin müstəqil Azərbaycanın demokratik dövlət quruculuğunda atdığı addımların nə dərəcədə əhəmiyyətli olduğunu bir daha nümayiş etdirir. Həyata keçirilən siyasət sistemliliyi, ardıcıllığı və strateji hədəflərə dönmədən çatmağı ifadə edir. Burada daxili sosial-iqtisadi inkişafla qlobal dəyişikliklər arasında uyğunluq yaratmaqla milli təhlükəsizliyin təmini istiqamətində planlı işlərin aparılması diqqəti çəkir.
Nəticədə, bir neçə punkt üzrə ciddi uğurlar əldə edildiyini söyləyə bilərik. Onların sırasında Azərbaycanın Cənubi Qafqazda ən böyük istehsal və intellektual potensiala malik ölkə olmasını, onun regionun enerji, nəqliyyat, logistika, humanitar dialoq mərkəzinə çevrilməsini göstərə bilərik. Daha bir faktor Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, qlobal iqtisadiyyatda və maliyyə məsələlərində Azərbaycanın rolunun ildən-ilə möhkəmlənməsi ilə əlaqəlidir. Başqa bir məqam kimi Azərbaycanın xarici siyasət strategiyasında yaradıcı əməkdaşlıq yolu ilə milli maraqların təmin olunmasının bir araya gətirilməsini göstərə bilərik. Konkret desək, Azərbaycan dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyir.
Azərbaycan qarşısında növbəti taleyüklü seçim prosedurunun dayandığı bir zamanda bu məqamların dərk edilməsi dövlətçilik baxımından çox vacibdir. Bütün dünyada sürətli dəyişikliklər baş verir, meydana yeni təhlükələr çıxır. Bir sıra böyük dövlətlər öz maraqları naminə risklər yaradan addımlar atırlar. Bunlar Azərbaycan kimi dövlətlərin suverenliyi və müstəqilliyinin təmin edilməsi zərurətini bir daha ortaya qoyur. İlham Əliyevin qazandığı uğurlar onu göstərir ki, Azərbaycan xalqının etimadının qazanan təkcə lider odur.

Manaf Manafov
Pirallahı rayon MKTB-nin rəisi

Oxşar xəbərlər