İmişli İcra Hakimiyyətindən qadının özünü yandırmaq cəhdinə MÜNASİBƏT » Memur.az

İmişli İcra Hakimiyyətindən qadının özünü yandırmaq cəhdinə MÜNASİBƏT

İmişli İcra Hakimiyyətindən qadının özünü yandırmaq cəhdinə MÜNASİBƏT

"İmişli rayonunda Meliorator adlı nə qəsəbə, nə kənd , nə də küçə var"

İmişli rayon İcra Hakimiyyəti Meliorator qəsəbəsində yaşayan qadının özünü həmin binanın qarşısında yandırmaq istəməsi barədə xəbərə rəsmi münasibət bildirib. İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, bu barədə yazılan xəbərlərin heç bir əsası yoxdur: “İcra hakimiyyətinin binası qarşısında belə bir hadisə baş verməyib. İmişli rayonunda Meliorator adlı nə qəsəbə, nə kənd , nə də küçə var. İmişli rayonunda 47 kənd, 1 qəsəbə, 1 şəhər var. Qəsəbənin adı Bəhramtəpədir. Xəbərdə qadının məhz Meliorator qəsəbəsinin sakini olduğu deyilir. İcra Hakimiyyətinə qadının özünü yandırmaq istəməsi ilə bağlı fakt daxil olmayıb. Nə mühafizə polisləri, nə də başqa bir adamın bu cəhdin qarşını alması ilə bağlı heç bir məlumat yoxdur. Belə bir hadisə İcra Hakimiyyətinin qarşısında baş verməyib. Bilmirəm onlar hansı əsasla bu cür xəbər yazırlar. İmişli rayonunda olmayan qəsəbənin adını yazmaqlarından hər şey məlum olur”.

İcra Hakimiyyətindən bir neçə gün bundan qabaq İcra Hakimiyyətinin akt zalında özünü yandırmaq istəyən Nazim Qardaşovla bağlı məsələyə də aydınlıq gətirilib: “Nazim Qardaşov özünü akt zalında yandırmağa cəhd etməyib. O, qəbul prosesində başçının yanında olub. Sözünü deyib, onun tələbi yerinə yetirilib. Sonra o çölə çıxandan sonra nə problem yaranıb-yaranmayıb, özünü yandırmağa cəhd edib və bunun qarşısı alınıb. Nazim Qardaşovun istəyi işlə təmin olunmaq olub, onun tələbi yerinə yetirilib və hazırda o işləyir. Şənbə günü olduğundan, işdə olmadığımdan onun dəqiq harada işlədiyini sizə deyə bilmirəm. Amma o, işlə təmin olunub”.


***

17:36

Həftənin əvvəlində İmişli rayonunda ekstremal hadisə baş verdiyi barədə yazmışdıq.


Memur.az-ın "musavat.com"a istinadən xəbərinə görə, İmişli şəhərinin Talalaltı məhəlləsində yaşayan və hazırda işsiz olan Nazim Qardaşov özünü İcra Hakimiyyətinin akt zalında yandırmaq istəyib və az qala İH başçısı Vilyam Hacıyevin, eləcə də yaxınlıqdakı polis əməkdaşlarının od tutub alışmasına səbəb olacaqmış.
Dünən adı çəkilən rayonda yenidən bənzər olay baş verib. Rayonun Meliorator qəsəbəsində yaşayan qadın şüşə qaba benzin tökərək İH binasının qarşısına gəlib və özünü yandırmaq istəyərkən polislər tərəfindən zərərsizləşdirilib. Mühafizə xidmətində çalışan polis əməkdaşları qadının niyyətini anlayaraq vaxtında müdaxilə edərək faciənin qarşısını alıblar.
İH binasının qarşısında intihar etmək istəyən qadının bu addımı hansı səbəbdən atmaq istədiyi barədə hələlik məlumat yoxdur.
Həftənin birinci günü intihara cəhd etmək istəyən Nazim Qardaşov isə hazırda müvəqqəti saxlama kamerasında saxlanılır. Ona 15 sutka inzibati həbs cəzası verilib.