Zəngilan məktəblərində anarxiya » Memur.az

Zəngilan məktəblərində anarxiya

Zəngilan məktəblərində anarxiya

Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Zəngilan təhsilinin acınacaqlı durumu barədə açıqlamalar təqdim olunur. Qeyd etmək lazımdır ki, bu xüsusda mənbələr istər ümumilikdə RTŞ-nin fəaliyyətini, istərsə də ayrı-ayrılıqda götürülmüş bəzi Zəngilan məktəblərində müşahidə olunan durumu olduqca qeyri-qənaətbəxş qiymətləndirirlər. Ötən saylarımızda dərc etdiyimiz materiallarda biz artıq qeyd etmişdik ki, bu gün Zəngilan RTŞ-nin tabeliyində olan məktəblərin sayı artaraq 37-yə çatmışdır. Onlardan 34-ü tam orta, 2-si əsas, 1-i ibtidai olmaqla 26-sı Bakı şəhərində, 6-sı Sumqayıtda, 2-si Şirvan, 2-si Sabirabad, 1-i isə Abşeron rayonunda fəaliyyət göstərir. O cümlədən 22 saylı Zəngilan rayon orta məktəbi də Bakının Əhmədli qəsəbəsində 88 saylı orta məktəbin binasında yerləşir. Hələ bir müddət bundan əvvəl aldığımız məlumatlarda məktəbin direktoru Yaqut Həsənovanın fəaliyyətinə qarşı ciddi iradlar irəli sürülmüşdü. Məlumatlarda bildirilirdi ki, bu tədris müəssisəsində rüşvət yığımını həyata keçirmək məqsədilə xüsusi mexanizmlər işlənib hazırlanmışdır. Belə ki, ilk növbədə məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün isə bu məbləğ artaraq 8-10 manat civarında təyin edilib. Təbii ki, təqvimlə qeyd olunan dövlət bayramları, müxtəlif yubileylər, imtahan və sınaqlar, attestat və şəhadətnamələrin təqdimatı ilə bağlı həyata keçirilən yığımlar da bu maliyyə zəncirində xüsusi qrafalarda yer alır. Bundan başqa, isə 22 saylı məktəbdə pedaqoji heyət üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ bir neçə min manata çatdırılır. Yeni aldığımız daha bir məlumatda isə bu məktəbdə rəhbərliyin qeyri-qanuni tələblərinə əməl etməkdən boyun qaçıran müəllimlərlə necə “haqq-hesab” çəkildiyinə dair açıqlamalar verilir. Bildirilir ki, iki il bundan öncə Yaqut Həsənova rəhbərlik etdiyi məktəbdə 14 ildən artıq müddət ərzində Azərbaycan dili və ədəbiyyat fənnlərindən dərs deyən müəllimə Sevil Əsədovaya şagirdlərdən birinə yüksək qiymət yazmağı tapşırıb. Təcrübəli pedaqoq dərs dediyi fənnin, eləcə də özünün nüfuzunu saxlamaq niyyətilə bu təklifi rədd edib. Lakin görünür həmin şagirdi tapşıran şəxsin nüfuzu həm Yaqut Həsənova üçün, həm də Zəngilan RTŞ-nin müdiri Zakir İbrahimov üçün daha yüksək olub. Buna görə də həmin şagirdə qiymət yazmasını Sevil Əsədovaya ikinci dəfə artıq şöbə müdiri özü tapşırıb. Amma Sevil xanım bu dəfə də prinsipiallıq göstərib. Bundan sonra isə RTŞ müdiri ilə məltəb direktoru əlbir olaraq Sevil Əsədovanı işdən çıxarıblar. Daha sonra məlumatda qeyd olunur ki, oxşar əsaslarla 22 saylı məktəbdə işdən çıxarılmış digər müəllimlər də var. Məsələn, Rus dili və ədəbiyyatını tədris edən Aidə müəllimə də eynilə bu kimi qanunsuz tələbləri yerinə yetirməkdən imtina etdiyinə görə işdən qovulub. Halbuki, əgər Zakir İbrahimov obyektivliyə riayət etsəydi, bu zaman 22 saylı məktəbin müəllimlərinə qarşı deyil, məhz direktoruna qarşı müəyyən tədbirlər görməli olardı. Yeri gəlmişkən, mənbələr xəbər verirlər ki, uşaq və yeniyetmələrin təlim-tərbiyyəsi həvalə olunmuş Yaqut xanımın öz oğlu fəraridir. Digər tərəfdən isə, Yaqut Həsənovanın həyat yoldaşı da Yaşar bəy də bir müddət əvvəl məktəb direktoru vəzifəsində çalışıb. Lakin attestat saxtalaşdırılması ilə bağlı maxinasiyalar törətməsi səbəbindən tutduğu vəzifədən azad edilib...
"Bizim dövr"